Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:39

İran ‘qəfil’ nüvə təftişlərini dayandıracağını deyir


İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə

İran bildirib ki, əgər 2015-ci il sazişinin digər tərəfləri öhdəliklərinə əməl etməsələr, Tehran gələn həftədən Beynəlxalq Atom Energetikası Agenliyinin istənilən vaxt keçirdiyi təftişləri dayandıracaq.

İranda ötən il qəbul edilmiş qanuna müvafiq olaraq İran hökuməti agentliyin bəyan edilmiş nüvə məntəqələrinə təftişini məhdudlaşdırmalıdır.

Bu addım 2015-ci il nüvə sazişinə uyğun olaraq Beynəlxalq Atom Energetikası Agenliyinin İranın nüvə obyektlərinə istənilən vaxt keçirdiyi təftişləri dayandıracaq.

İranın agentlikdəki səfiri fevralın 15-də deyib ki, Tehran bu barədə quruma xəbərdarlıq verib.

Kazem Qəribabadi Twitter-də yazıb ki, Tehranın qərarı fevralın 23-dən qüvvədə olacaq.

Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib ki, bu addım heç də bütün təftişlərin dayandırılması demək deyildir:

“Əgər sazişin digər tərəfləri də öz öhdəliklərinə əməl etsələr bütün bu addımlardan geriyə yol var”.

Prinsip məsələsi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsini 2018-ci ilin mayında birtərəfli qaydada 2015-ci ilin nüvə sazişindən çıxarıb.

Bunun ardınca İranın üzərinə ABŞ sanksiyaları avtomatik bərpa olunub.

Tehran buna cavab olaraq 2015-ci il sazişi üzrə öhdəliklərindən addım-addım geri çəkilməyə başlayıb.

İran ötən ay uranın 20 dərəcəyədək zənginləşdirilməsini bərpa edib.

ABŞ-ın yeni prezidenti Co Bayden bildirib ki, Vaşinqton 2015-ci ilin sazişinə qayıtmaq niyyətindədir.

Amma o əlavə edib ki, buna görə Tehranın saziş üzrə öhdəliklərinə tam qayıtması şərtdir.

Tehran isə öz növbəsində hər hansı şərt qoyulmasını rədd edir.

Qatar ABŞ-la İranı barışdıra biləcəkmi?

Qatarın xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman ət-Tani ötən həftə Tehranda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşündə demişdi ki, Doha bu problemin çözümü üçün məsləhətləşmələr aparır.

Qatar naziri habelə fevralın 15-də İran prezidenti Həsən Ruhani ilə görüşmüş və ona Qatar əmiri Şeyx Tamim bin Həməd ət-Taninin məktubunu çatdırmışdı.

İran XİN-in sözçüsü Xatibzadə deyib ki, Tehran Qatar kimi dost ölkələrin səylərini yüksək qiymətləndirir.

2015-ci ildə İran, ABŞ, Çin, Rusiya, Almaniya, Fransa və Britaniya arasında imzalanmış sazişə uyğun olaraq Tehran özünün nüvə proqramını məhdudlaşdırmalı idi.

Bunun müqabiləndə İranın üstündəki beynəlxaql sanksiyalar qaldırılmalıydı.

XS
SM
MD
LG