Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:49

Ekspert: 'Bizdə nədənsə ixtisarlar barədə məlumatları yaymırlar'


İşsizlər (arxiv fotosu)
İşsizlər (arxiv fotosu)

“30 mindən çox insanın daimi və ya müvəqqəti işlə təmin edilməsi, heç də əmək bazarında gərginliyin azalması demək deyil”.

İqtisadçı ekspert Natiq Cəfərli Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun Azərbaycanda məşğulluğun artması, iş axtaranların azalmaqda olması barədə ötən həftə verdiyi açıqlamanı dəyərləndirərkən belə deyib.

4.9 milyon fəal əhali, 1.5 milyon muzdla işləyən var, bəs işsiz?

Ekspert məşğulluq sahəsində çox ciddi problemlərin olduğunu bildirir.

Buna da bax:​ Səlim Müslümov: 'İş üçün müraciətlər azalıb'

“Azərbaycanda iş yeri vakansiyaları kiçik binaların tikintisi və ya İlham Əliyevin regionlara səfərində büdcədən əliaçıqlıqla vəsait ayırdığı yolların, digər obyektlərin əsaslı təmiri ilə əlaqədar yarana bilər. Amma bunlar qısamüddətli layihələrdir. Bizdə nədənsə ləğv edilən vakansiyalar, bağlanan müəssisələr, mağazalar, ali və orta məktəblərdə ixtisarlar haqqında məlumatlar yayılmır. Buna görə əmək bazarında vəziyyətin nə dərəcədə dəyişdiyini başa düşmək kifayət qədər çətindir”, – ekspert deyir.

Natiq Cəfərli
Natiq Cəfərli

Ölkədə məşğulluğun real durumu

N.Cəfərli Azərbaycanda muzdlu işçilərin rəsmi sayının 1510,4 min nəfər olmasına diqqəti çəkir. O vurğulayır ki, iqtisadi fəal əhalinin sayı isə 4,9 milyondur.

“Bu göstəricilərin müqayisəsi artıq məşğulluq sahəsində vəziyyətin necə olduğunu göstərir", – deyən ekspert qeyd edir ki, hökumət torpaq sahəsi olan, amma işi və gəlir mənbəyi olmayan kəndliləri işsiz saymır. Belələrinin sayı isə 700 min nəfərə yaxındır.

Buna da bax:​ Nazir müavini: 'Azərbaycanda 'boz' əməkhaqları var'

“Muzdlu işçilərlə işsizlərin sayı arasında ciddi fərqlər var. Azərbaycanda işsizliyin səviyyəsi hamı tərəfindən qəbul edilmiş qaydalara əsasən hesablansaydı, ölkəmizdə işsizliyin real səviyyəsi dövlətin təqdim etdiyi rəqəmlərdən dəfələrlə çox olardı”, – ekspert vurğulayır.

Məşğulluqla bağlı dürüst bilgilərin ortaya qoyulması yollarına gəlincə, ekspertlər bu sahədə planlı işlərin aparılmasını vacib hesab edir.

Nə etməli?

“Transparency Azerbaijan” təşkilatının hüquqşünası Aytən Əlizamanlı deyir ki, işsizliyin miqyasını qiymətləndirməkdən ötrü məşğulluq mərkəzlərində elektron işsizlərin qeydiyyatı sistemi yaradılmalıdır.

Buna da bax:​ 10 ildə 1,6 milyon iş yeri?

“Vakansiyalar üzrə vətəndaşlar üçün əlçatan olan vahid elektron qeydiyyat sisteminin yaradılması prosesi sürətləndirilməlidir. İş axtaranların və işə götürənlərin profilləri olmalıdır, bu, strukturların işini xeyli sürətləndirərdi. Bundan başqa, köməyə ehtiyacı olan işsizlərin sayını müəyyən etmək üçün dövlət qurumları arasında informasiya mübadiləsi təmin edilməlidir. İş axtaranlara peşə seçimi kursları təşkil edilməli, onlar sərbəst məslək layihələrinə cəlb edilməlidirlər”, – ekspert bildirib.

Rəsmilər nə deyir?

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ötəm həftə Azərbaycanın əmək bazarında vəziyyət sabitləşdiyini, bağlanan əmək müqavilələrinin sayının artdığını bildirmişdi.

Buna da bax:​ 'Neft düşdü, banklar bağlandı, amma rəsmən işsiz artmadı' - Media icmalı

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov

“İşə düzəlməyə yardım üçün müraciətlərin sayının azalması müşahidə olunur. Bu ilin ilk beş ayı ərzində məşğulluq orqanlarına iş axtarışı üçün 69250 nəfər müraciət edib. Ötən ilin analoji dövründə bu göstərici 141651 nəfər təşkil edib. İş axtarışı üçün müraciət edənlərin sayı 2,2 dəfə azalıb. Hesabat dövrü ərzində 30 mindən çox işsiz işə düzəlib”, – nazir durumu belə ifadə etmişdi.

Üstəlik, baş nazirin müavini Əli Əhmədov da bu günlər muzdla işləyənlərin sayından məşğul əhalinin sayından qat-qat çox olmasına diqqət çəkmişdi. O buna səbəb kimi “qara mühasibat”ı göstərirdi. Baş nazirin müavininə görə, bəzi işə götürənlər əmək müqaviləsinin bağlanmasına üstünlük vermirlər. Həmin işçilər gələcəkdə pensiyalardan məhrum olacaq. Baş nazirin müavini deyirdi ki, indi hökumətin qarşısına duran əsas məsələ bunun aradan qaldırılmasıdır.

Buna da bax:​ Hansı dövlət idarələrində ixtisarlar gözlənir?

2017-ci ilin yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda cəmi 33 min şəxs rəsmi işsiz status alıb. Ekspertlər deyir ki, Azərbaycanda işsiz statusu almaq iş tapmaqdan daha çətindir.

XS
SM
MD
LG