Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:26

İsrail Qəzza əhalisini 24 saat ərzində təxliyə olunmağa çağırır


İsrail Qəəza ilə sərhəddə çox sayda hərbi texnika cəmləşdirib
İsrail Qəəza ilə sərhəddə çox sayda hərbi texnika cəmləşdirib

İsrail oktyabrın 13-də Qəzza zolağının şimal hissəsindəki 1 milyonluq əhalini 24 saat ərzində yerini dəyişməyə çağırıb.

Reuters yazır ki, eyni zamanda Qəzza ilə sərhəddə çox sayda İsrail tankları cəmləşdirilib və Həmas təşkilatına qarşı yerüstü əməliyyatın aparılacağı gözlənilir.

Həmas isə cavabında sakinlərin evlərində qalmasını əmr edib və son damla qanınadək vuruşacağını bildirib.

Reuters yazır ki, oktyabrın 13-dən günortadan sonrayadək əhali arasında əhəmiyyətli tərpəniş olmayıb.

Agentliyin 20 yaşlı müsahibi Məhəmməd müxbirə belə deyib: “Mən burda doğulmuşam, burda da öləcəyəm. Buranı tərk etmək ləkədir”.

BMT bildirir ki, Qəzzada elektrik, su və ərzağın olmadığı bir vaxtda hər bir kəsin evakuasiyası mümkün deyil. ABŞ İsrailin çağırışını “ağlasığmaz tələb” adlandırıb.

1948-ci ilin təkrarı

İsrailin evakuasiyasını istədiyi ərazidə zolağın ən böyük yaşayış məntəqəsi – Qəzza şəhəri yerləşir. BMT-nin məlumatına görə İsrail buradakı əhalinin gölməçə və qamışlıqlardan keçərək cənuba getməsini istəyir.

İsrail hərbiyyəsinin çağırışında deyilir:

"Qəzza şəhərinin mülki sakinləri! Öz salamatlığınız və ailələrinizin salamatlığı üçün cənuba doğru hərəkət edin, sizi canlı hasara çevirən Həmas terrorçularından aralanın!”

Daha sonra İsrailin müdafiə naziri Yoav Qallant da bəyanat verib:

"Biz öz evimiz uğrunda döyüşürük. Bu yol uzundur, amma sizə vəd edirəm ki, biz sonunda qalib gələcəyik”.

Həmasla rəqabətdə olan Fələstin administrasiyasının prezidenti Mahmud Abbas İordaniyada səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenə deyib ki, adamların zorla köçürülməsi 1948-ci ilin təkrarı olacaq.

O vaxt yüz minlərlə fələstinli bugün İsrail dövlətinin yerləşdiyi əraziləri tərk etməli olmuşdu.

Reuters qeyd edir ki, indiki qəzzalılardan bir çoxu həmin qaçqınların törəmələridir.

Fələstinli qaçqınlar 1948-ci ildə
Fələstinli qaçqınlar 1948-ci ildə

Dəhşətli fotolar

Mahmud Abbas humanitar yardımın Qəzzaya dərhal çatdırılmasına çağırıb, amma İsrail bildirib ki, Həmas girovları azad etməyənədək blokadanın qaldırılmasından söhbət gedə bilməz. Qırmızı Xaç bildirir ki, Qəzzadakı xəstəxanalar generator yanacağının qurtarmasına görə elektriksiz qala bilər.

İsrail hökuməti Qərbin dəstəyini təmin etmək üçün qətliam edilən uşaqların tükürpədici fotolarını Blinkenə və NATO müdafiə nazirlərinə nümayiş etdirib.

Blinken İsraili təmkinə çağırıb, amma bəyan edib ki, ABŞ bütün hallarda onun yanında olacaq.

ABŞ dövlət katibi Mahmud Abbasla görüşdən sonra Qətərə, Səudiyyə Ərəbistanına, Misirə və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Reuters yazır ki, bu ölkələrdən bəzilərinin İran tərəfindən dəstəklənən Həmas üzərində müəyyən nüfuzu var.

İranın ikibaşlı hədəsi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Livanda Hizbullahın lideri Həsən Nəsrullahla görüşüb.

Abdullahian deyib ki, “Fələstinə qarşı cinayətlərin davam etdirilməsinə müqavimət xəttindən cavab olacaq”.

İran naziri deyib ki, fələstinlilərin didərgin salınması, Qəzza zolağına su və elektrik verilməsinin dayandırılması müharibə cinayətidir.

Abdullahian “müqavimət xətti” deyərkən nəyi nəzərdə tutduğunu xırdalamayıb, amma Reuters yazır ki, Tehran adətən bu ifadə ilə İranı, Suriyanı, Livandakı Hizbullahı və ona bağlı başqa qruplaşmaları nəzərdə tutur.

XS
SM
MD
LG