Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:30

İstanbuldan gətirilən azərbaycanlı alimin istintaqı bitdi: 34 gündür aclıq etdiyi bildirilir


Fazil Qasımov
Fazil Qasımov

İstanbul Universitetinin doktorantı, Türkiyədə saxlanılaraq Bakıya gətirilən azərbaycanlı alim Fazil Qasımovla bağlı bir ilə yaxın aparılan istintaq yekunlaşıb.

Cinayət işinin materialları tanış olmaq üçün ona və vəkillərinə təqdim edilib. Müdafiə tərəfi iyulun 17-də materiallarla tanışlıqdan sonra F.Qasımov haqqında cinayət işinə xitam verilməsi üçün vəsatət verib.

F.Qasımova Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldəetmə, satma) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələrilə ittiham verilib. Onun özü bu ittihamların heç birini qəbul etmir.

Vəkili Rövşanə Rəhimli bildirib ki, F.Qasımov həbsini qanunsuz sayır və buna etiraz olaraq, 34 gündür saxlandığı istintaq təcridxanasında aclığı davam etdirir. Müvəkkilinin yalnız su içdiyini deyən vəkilin sözlərinə görə, bir aydan çox sürən aclıq onun sağlamlığında ciddi problemlər yaradıb və o, hətta ayağa qalxıb dayanmaqda da çətinlik çəkir.

F.Qasımovun təcridxanada 34 gündür aclıq etməsi, onun indiki sağlıq durumu ilə bağlı suallara Penitensiar Xidmətdən cavab almaq mümkün olmayıb.

Cinayət işinə xitam verilməsi barədə vəsatət təmin olunmasa, F.Qasımovun işi üzrə materiallar yaxın günlərdə baxılmaqdan ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

O, Türkiyə Böyük Millət Məclisinə də durumu bildirib

F.Qasımov bir ilə yaxındır Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR-in) keçmiş sədri, professor Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə təqsirləndirilirdi. Ancaq bugünlərdə onun haqqında işin ayrılması və istintaqın tamamlanmasına qərar verilib.

F.Qasımov təxminən bir ay öncə müxtəlif dövlət orqanlarına, Ombudsmana, eləcə də Türkiyə Böyuk Millət Məclisinə ünvanladığı məktublarda heç bir cinayət törətmədiyini vurğulayıb.

O, məktublarında sübut-dəlil olmadan İstanbulda saxlanılıb Azərbaycana gətirilməsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalmasından bəhs edib.

Təqsirləndirilən alim yazır ki, fiziki və psixoloji təzyiqlər altında həm özünün, həm də Q.İbadoğlunun əleyhinə tələb olunan ifadələri vermək məcburiyyətində qalıb.

Xatırlatma

F.Qasımov ötən il avqustun 8-də İstanbulda saxlanılaraq, Bakıya gətirilib. İqtisadçı Q.İbadoğlu isə ondan 15 gün öncə - iyulun 23-də saxta pul ittihamı ilə saxlanmışdı. İstintaqın gedişində ona da dini ekstremist materiallarla bağlı yeni ittiham verildi.

Q.İbadoğlu aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında “polis nəzarətinə vermə” qətimkan tədbiri seçilib. Onunla bağlı cinayət işi üzrə istintaqın müddəti isə avqustun 20-dək uzadılıb.

Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla əsaslandırıb.

F.Qasımov və Q.İbadoğluya ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG