Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:51

Sahibsiz itlərlə hansı dövlət orqanı ilgilənməlidir...


Qeyri-rəsmi məlumatlara əsasən, təkcə Bakıda 50 mindən çox sahibsiz it var.
Qeyri-rəsmi məlumatlara əsasən, təkcə Bakıda 50 mindən çox sahibsiz it var.

"İtlərin qorxusundan uşaqlar təkbaşına küçəyə çıxa bilmir. Peyvəndləri yoxdur, gün keçdikcə sayları da artır. Hökumət isə nə itləri düşünür, nə bizi...", - bu sözləri AzadlıqRadiosuna Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Nigar Axundova deyib.

"İt uşağı dişlədi". "Küçədə sahibsiz heyvanların sayı artıb". Bunlar Azərbaycan mediasında və sosial şəbəkə seqmentində son günlər çoxalan xəbər başlıqlarıdır. Bakı və regionların sakinləri küçədə ev heyvanlarının artmasından gileylənir, qorxularını, narazılıqlarını dilə gətirirlər. Təkcə bu ilin mayında it dişləməsi ilə bağlı yerli saytlarda azı beş xəbər gedib.

Milli Məclisdən də bu məsələlərə reaksiya gecikməyib. Deputat Tahir Kərimli sahibsiz itlərin onların ətinin istehlak olunduğu Koreyaya və Çinə satılması təklifini səsləndirib.

Müzakirələrə səbəb olan bu təklifdən çox öncə, 2007-ci ildə Azərbaycan Ev Heyvanlarının Mühafizəsi üzrə Avropa Konvensiyasına qoşulub. Konvensiyaya görə, hökumət sahibsiz heyvanları əziyyətlərə, ağrılara və ya narahatlığa məruz qoymadan onların sayını azaltmaq üçün zəruri tədbirlər gerçəkləşdirməli, sığınacaqlar yaradılmalı idi. Lakin reallığın fərqli olduğunu sakinlər də təsdiqləyir, heyvansevər aktivistlər də, rəsmilər də.

"Vaxtında qısırlaşdırmadılar"

Axundova yaşadığı ərazinin küçələrində heyvanların sayının artmasından çox narahatdır. Onun sözlərinə görə, itlər sürü halında gəzməyə başlayıb, müxtəlif xəstəliklər və hücumların sayı ötən illərə nisbətən artıb: "Əvvəl küçədə altı-yeddi it var idi. Vaxtında qısırlaşdırmadılar, indi olub 60-70 it. Heç birinin nə qulağında qısırlaşdırılması ilə bağlı sancaq var, nə də bit-birə dərmanı vurulub. İt iki uşağı dişlədi, vəziyyətləri ağırlaşdı. Bu itlərin arasında axsayanı, quduz olanı da var. Məhəllədə hər ay azı iki nəfərə it hücum edir, nəyi gözləyirlər, başa düşmürəm".

Axundovanın sözlərinə görə, illərdir rayon rəsmiləri heyvanlar üçün sığınacaq açılacağını desələr də, bu elə vəd olaraq qalır.

Azərbaycanda sahibsiz itlərin sayı, nə qədərinin qısırlaşdırılması ilə bağlı rəqəmlər bəlli deyil. Qeyri-rəsmi məlumatlara əsasən, təkcə Bakıda 50 mindən çox sahibsiz it var.

Sığınacaqlar da açılıb, amma...

Azərbaycanda nə heyvanlara qayğı və nəzarət üzrə xüsusi qurum var, nə də, Qərb ölkələrində olduğu kimi, heyvanları mühafizə polisi. Sahibsiz heyvanların haqlarının müdafiə öhdəliyi Qida Təhlükəsizliyi Agentliyi, dövlət sanitariya nəzarəti, daxili işlər və yerli icra hakimiyyəti orqanları arasında bölüşdürülüb. Heyvanların qısırlaşdırılması, tibbi müayinəsi və sığınacaqların istifadəyə verilməsi icra hakimiyyətləri və bələdiyyələrin vəzifəsi hesab edilir.

Qəbələ rayonunun icra başçısının köməkçisi Abdulla Əsədov AzadlıqRadiosuna bildirib ki, küçədə itlərin qısırlaşdırılması, sığınacaqlara təhvil verilməsi ilə mütəmadi olaraq Rayon Baytarlıq İdarəsi məşğul olur. Sözügedən idarə isə zənglərə cavab verməyib.

Gəncə Rayon İcra Hakimiyyətinin adının açıqlanmasını istəməyən nümayəndəsi AzadlıqRadiosuna "sahibsiz heyvanlar hamının yaralı yeridir" deyir.

"İcra hakimiyyəti vətəndaşların narazılıqlarını nəzərə alıb, öz büdcəsi ilə sığınacaq tikdi, amma onu işlədən yoxdur. Ona görə indi istifadəyə verə bilmirik", – deyən əməkdaş vurğulayır ki, itlərin qısırlaşdırılması, müayinə-müalicəsi üçün dövlət tərəfindən tibbi personal ayrılmayıb.

AzadlıqRadiosuna sahibsiz itlərin çoxalması, qurumların laqeydsizliyindən gileylənən vətəndaşların əksəriyyəti Abşeron rayonundandır. Bu rayonun icra hakimiyyətindən deyildi ki, məsələnin həll yolu sığınacaq tikilməsindədir. Amma İH özü də sığınacağın hazır olacağı tarixi bilmir. İH-dən onu da deyiblər ki, rayon ərazisindəki itləri hazırda fəaliyyətdə olan heyvan sığınacaqları qəbul etmir, həmin mərkəzlərin yalnız Bakı şəhərini əhatə etdiyi bildirilir.

Amma elə paytaxt Bakıda da heyvansevər aktivistlər sığınacaqların azlığından, bəzi yerlərdə heç olmamasından tez-tez şikayətlənir.

Korrupsiya yemi...

Heyvan haqları müdafiəçisi Nicat İsmayıl AzadlıqRadiosuna sığınacaqların ürəkaçan vəziyyətdə olmadığından danışır. Onun fikrincə, sağlam itlər qısırlaşdırılıb, lazımi iynələri vurulduqdan sonra yenidən küçəyə buraxılmalıdır: "Əgər veterinar klinikası, mütəxəssis yoxdursa, sığınacaq açıb itləri ora yığmağın heç bir mənası yoxdur. Sığınacaqda isə qayğıya möhtac itlər üçün ideal vəziyyət yaradılmalıdır. Bu gün yaradılan sığınacaqlar korrupsiya yemindən başqa bir şey deyil. Hər il aidiyyəti qurumlara milyonlar ayrılır, amma nəticədə heç nə edilmir".

Zibillikdə sığınacaq... "Toplan"

Heyvansevərlər həm də itlərin öldürülməsi hallarının artmasından narahatdırlar. Belə ki, ölkədə zaman-zaman itlərin güllələnməsi xəbərləri mediada işıqlandırılır, Daxili İşlər Nazirliyi isə xəbərlərə bəzən susqunluq nümayiş etdirsə də, ara-sıra cəzalandırma ilə bağlı informasiyalar da açıqlayır.

İnzibati Xətalar Məcəlləsinin (İXM) 274-cü maddəsi ilə heyvanlarla rəhmsiz davranmaq qadağan edilib. "Rəhmsiz davranmaq" dedikdə heyvanlara qarşı şiddət göstərərək onların şikəst və ya tələf edilməsi başa düşülür. Sözügedən maddəyə əsasən, bu əməli törədən şəxs 500 manat məbləğində cərimə edilir.

Heyvan haqları müdafiəçisi Elxan Mirzəyev deyir ki, son illərdə cərimə edilənlərin sayı, vətəndaşlar arasında heyvanlara həssaslıq artsa da, dövlətin bu istiqamətdə kompleks işləri yoxdur: "Bir rayonda sığınacaq açmaq istəyirdilər, gedib gördük ki, keçmiş zibilliyi sığınacağa çevirmək istəyirlər".

Mirzəyev hakim ailə üzvlərinin başçılıq etdiyi Heydər Əliyev Fondunun nəzdində açılan "Toplan" adlı sığınacağın fəaliyyətinin şəffaf olmadığını, ayrılan vəsaitlərin mənimsənildiyini iddia edir. Onun sözlərinə görə, heyvansevərlər oraya aparılan itlərin taleyindən xəbər tuta bilmirlər.

AzadlıqRadiosu bu iddialara cavab ala bilməyib.

"Quyruğun kəsilməsi qadağandır"

Hüquqşünas Elmir Səfərli isə deyir ki, sahibsiz heyvanların uşaqları dişləməsi də, onların güllələnməsi də hazırki qanunvericiliyin kobud şəkildə pozulmasının nəticəsidir. Onun fikrincə, bu məsələdə əsas boşluq aidiyyəti vahid qurumun olmamasıdır: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETNS) qalıb kənarda, heç bir addım atmır, İcra hakimiyyətlərinə ayrılan vəsait də açıqlanmır ki, məsələ mübahisələndirilsin. Ümumi qanunvericilik pis deyil. Amma, məsələn, qanunda yazılıb ki, quyruğun kəsilməsi qadağandır. Lakin buna görə cərimələnmə yox səviyyəsindədir. Eləcə də sahibsiz heyvanların verdiyi zərərlə bağlı sakinlər tibbi xərclərini qarşılamaqda çətinlik çəkir".

ETNS AzadlıqRadiosunun mövzu ilə bağlı sualını cavablandırmayıb.

Deputat qanun layihəsi hazırlayıb

AzadlıqRadiosunun əldə etdiyi məlumata əsasən, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərindən biri sahibsiz heyvanlar ilə bağlı qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib. Lakin hələ ki, layihənin müzakirəsi haqda heç bir məlumat yoxdur.

Azərbaycan pəncərəsindən xaricə boylananda isə mənzərə tamam fərqli görünür. Bir çox ölkələrdə evsiz heyvanlara qulluq agentlikləri var. Məsələn, Çexiyada vətəndaşlar yiyəsiz it, pişik görəndə evsiz heyvanlar üçün "Qaynar xətt"ə zəng edirlər. Əgər onlardan cavab yoxdursa, itə yeni sahib tapmaq üçün polis saytlarında fotoşəkillər yerləşdirilir.

Avropanın əksər şəhərlərinin küçələrində sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi ilə bağlı məsələlərin operativ həllinə çalışırlar.

XS
SM
MD
LG