Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:45

Ötən il Azərbaycanda ixrac azalıb, idxal artıb


İdxalda ikinci yeri nəqliyyat vasitələri idxalı tutur. Ötən il Azərbaycana toplam 2.9 milyard dollarlıq nəqliyyat vasitəsi gətirilib (Arxiv fotosu)
İdxalda ikinci yeri nəqliyyat vasitələri idxalı tutur. Ötən il Azərbaycana toplam 2.9 milyard dollarlıq nəqliyyat vasitəsi gətirilib (Arxiv fotosu)

Dövlət Gömrük Komitəsi 2023-cü illə bağlı yekun statistik göstəriciləri açıqlayıb. Açıqlanan nəticələrdən aydın olur ki, ötən il Azərbaycanın xarici ticarət göstəriciləri 2022-ci illə müqayisədə aşağı düşüb.

Azərbaycanın ilboyu ixrac etdiyi məhsullardan 33.9 milyard dollar gəlir əldə edilib. Bu, 2022-ci illə müqayisədə 4.2 milyard dollar və ya 11 faiz azalma deməkdir.

Ötən il ölkədə ixrac azalsa da, idxala xərclənən vəsait, əksinə, artıb. 2023-cü ildə Azərbaycan xaricdən məhsul alışına toplam 17.3 milyard dollar xərcləyib. Bu, 2022-ci illə müqayisədə təxminən 2.7 milyard dollar artım anlamına gəlir.

İxracın azalması, idxalınsa artması şəraitində ölkənin xarici ticarət saldosundakı müsbət fərq ciddi ölçüdə azalıb. Əgər 2022-ci ildə Azərbaycanın xarici ticarət saldosu 23.6 milyard dollar idisə, ötən il bu rəqəm 16.6 milyard dollar olub. Bu, bir ildə 30 faiz azalma deməkdir.

Xarici ticarət saldosu azalsa da, ölkəyə gələn valyutanın ölkədən çıxan valyutanı üstələməsi manatın məzənnəsi ilə bağlı risklər yaratmayıb. Ötən il Azərbaycan toplam 193 ölkə ilə xarici ticarət əlaqəsi qurub.

İxrac yenə bir sektordan asılı qalıb

Ölkə iqtisadiyyatının neft-qaz sənayesindən böyük asılılığı ən böyük risk amili sayılır. Bu risk 2023-cü ildə də keçərli qalıb.

Ötən il Azərbaycandan ixracın 90.1 faizi neft-qaz sənayesi hesabına baş tutub və neftdənkənar sektorun ixracdakı payı 10 faizdən də az olaraq qalıb. Bununla yanaşı, qeyri-neft ixracının coğrafiyası da məhduddur.

2023-cü ildə Azərbaycanın qeyri-neft sektoru ixracının 56 faizi cəmi iki ölkənin - Rusiya (33 faiz) və Türkiyənin (23 faiz) payına düşüb.

Ötən il Azərbaycan 30.5 milyard dollar dəyərində enerji məhsulları ixrac edib. Bunun təxminən 16.8 milyard dolları (55 faizi) neft, 13.7 milyard dolları (45 faizi) təbii qaz hesabına təmin edilib.

Ukrayna müharibəsi başlanandan sonra

Enerji ixracında neft və qazın payının bu qədər yaxınlaşması ötən ildən başlanıb. Əvvəlki illərdə neftin enerji ixracında payı daha yüksək – 70 faizə yaxın idi. Rusiya-Ukrayna savaşı başlayandan sonra təbii qaz qiymətlərindəki artım Azərbaycanın bu məhsulun ixracından daha çox gəlir götürməsinə yo açıb.

Beləcə, ixracda təbii qaz daha çox pay alıb. Azərbaycan iqtisadiyyatının bəsit inkişaf səviyyəsini göstərən digər bir rəqəm də ixracda neft-qaz məhsullarından sonra ən çox yer tutan məhsul qrupunun meyvə-tərəvəz olmasıdır.

Ötən il meyvə-tərəvəz ixracı ölkəyə toplam 726 milyon dollar gətirib. Bu, toplam ixracın 2.14 faizi deməkdir. İl ərzində Azərbaycan iqtisadiyyatı pomidor ixracından 162 milyon dollar, xurma ixracından 127 milyon dollar, fındıq ixracından 123 milyon dollar qazanıb.

İtaliya birincidir

Ötən il Azərbaycanın ən çox ixrac gəliri əldə etdiyi ölkə, əvvəlki kimi, İtaliya olub. İlboyu İtalyaya ixrac 15.2 milyard dollar olub. Bu, ölkənin toplam ixracının 45 faizi deməkdir. 2023-cü ildə Azərbaycanın satdığı neftin 42 faizini İtaliya alıb. Enerji qiymətlərinin 2022-ci illə müqayisədə daha aşağı olması üzündən, ötən il Azərbaycanın İtalyaya ixracı 2 milyard dollar azalıb.

İtaliyadan sonra Azərbaycanın ən çox ixrac gerçəkləşdirdiyi ölkə Türkiyədir. İl ərzində Azərbaycanın Türkiyəyə ixracı 3.5 milyard dollardan 5.4 milyard dollara yüksəlib. Türkiyənin Azərbaycanın ixracındakı payı 16 faizə yaxındır.

Bu ölkə Azərbaycandan enerji məhsulları ilə yanaşı, qeyri-neft sektoru məhsullarının əsas ixrac istiqamətlərindən biridir.

Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkələrin ilk üçlüyündəki sonuncu ölkə İsraildir. Azərbaycan neftinin əsas alıcılarından olan İsrailə ötən il 1.4 milyard dollarlıq ixrac gerçəkləşdirilib.

İsrailin Azərbaycanın ixracındakı payı 4 faizdir. Yunanıstan, Hindistan və Rusiya da Azərbaycanın 1 milyard dollardan çox ixrac gəliri əldə etdiyi ölkələr arasındadır.

İdxal niyə artıb?

Ötən illə bağlı statistik məlumatlardan aydın olur ki, il ərzində idxalına ən çox vəsait sərf edilmiş məhsullar elektrik avadanlıqlarıdır. 2023-cü ildə bu tip məhsulların idxalına təxminən 3.5 milyard dollar xərclənib. Bu, toplam idxalın 20 faizi deməkdir. 2022-ci illə müqayisədə bu tip məhsulların idxalına 600 milyon dollar daha çox vəsait sərf edilib.

İdxalda ikinci yeri nəqliyyat vasitələri idxalı tutur. Ötən il Azərbaycana toplam 2.9 milyard dollarlıq nəqliyyat vasitəsi gətirilib (2022-ci illə müqayisədə 1 milyard çox)

Azərbaycanın idxalında üçüncü yeri yeyinti məhsulları tutur. Ötən il xarici ölkələrdən yeyinti məhsullarının alışına 2.2 milyard dollar ödənilib. Bu üç istiqamətin Azərbaycanın idxalındakı toplam payı 50 faizə yaxındır.

Əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də Azərbaycan ən çox Rusiyadan məhsul alışına pul xərcləyib. Şimal qonşusundan 3.1 milyard dollarlıq məhsul alınıb. Bu, 2022-ci illə müqayisədə təxminən 400 milyon dollar artım deməkdir. Rusiya 18.29 faiz payla Azərbaycanın idxalında lider ölkədir.

2022-ci ildən fərqli olaraq, 2023-cü ildə Azərbaycanın Çindən idxalı Türkiyədən olan idxalı ötüb. Ötən il Azərbaycan Çindən 3 milyard dollarlıq idxal gerçəkləşdirib. Çindən olan idxal bir il öncə ilə müqayisədə 1 milyard dollar və ya 50 faiz artıb. Azərbaycanın ən çox idxal həyata keçirdiyi üçüncü ölkədən - Türkiyədən idxalın həcmi 2022-ci illə müqayisədə, demək olar, dəyişməyib və 2.3 milyard dollar olub. Almaniya və ABŞ da Azərbaycanın toplam idxalında 5 faizdən çox paya sahib ölkələr arasındadır.

XS
SM
MD
LG