Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:29

Rusiya Xarkovu vurub. 5 nəfər həlak olub


Xarkov vurulub
Xarkov vurulub

Rusiya qüvvələri Ukraynanın Xarkov vilayətini vurub. Vilayət hərbi administrasiyasının başçısı Oleq Sinequbov hücum nəticəsində 14 yaşlı qız daxil olmaqla, 5 nəfərin həlak olduğunu, azı 47 nəfərin yaralandığını bildirib.

Xarkov prokurorluğu Rusiya ordusunun beş aviasiya bombasından istifadə etdiyini, onların Belqorod vilayətindən buraxıldığını bildirir. Zərbələrdən biri şəhərin Sənaye rayonunda 12-mərtəbəli yaşayış binasına düşüb. Binada yanğın başlayıb və bir hissəsi çöküb. Hazırda dağıntılar altında nə qədər insanın qaldığı bəlli deyil.

Prezident Volodimir Zelenski Rusiyanın bu hücumunu şərh edərkən Qərbi Ukraynaya uzaq məsafəli silahlar verməyə çağırıb.

Borrelin çağırışı

Elə bu gün Avropa İttifaqının xarici siyasət rəhbəri Jozep Borrel Ukraynanın Qərb müttəfiqlərinə silahlardan istifadəyə məhdudiyyətləri qaldırmaq üçün təzyiqi artırıb. O deyib ki, Kiyevin hücuma məruz qaldığı yerləri vurmaq haqqı var.

Jozep Borrel
Jozep Borrel

Brüsseldə blokun müdafiə nazirlərinin görüşünün ikinci gününə qatılan Borrel avqustun 30-da deyib ki, Rusiya ərazisini hədəfə almağın birbaşa Moskvaya qarşı müharibə anlamına gəldiyini demək “absurd”dur.

Rusiya ilə “heç kəs müharibə istəmir”, o deyib.

“Amma özünüzü ukraynalıların yerinə qoyun: Rusiyalılar sizi elə yerdən bombalayır ki, oranı vura bilmirsiniz. Bərabər döyüşmək istərdiniz”, – deyən Borrel əlavə edib ki, bunu etməkdən ötrü Ukrayna Rusiyanın hücumlara başladığı yerləri vura bilməlidir.

Ukrayna rəsmilərinin bəyanatları

Ukrayna rəsmiləri, o cümlədən prezident Volodimir Zelenski dəfələrlə ölkənin müttəfiqlərini çağırıb ki, “qətiyyətli addım” atsınlar, Ukraynaya Qərbin verdiyi silahlarla Rusiyanın içərilərində hərbi hədəfləri vurmağa icazə versinlər.

Bu ayın əvvəlində Ukrayna Rusiya ərazisinə müdaxilə edəndə Zelenski deyirdi ki, Rusiya “nə törətdiyini hiss etməlidir”. Rusiya son günlər Ukrayna şəhərlərinə, vacib kritik infrastruktura raket və dron hücumları edir.

Ukrayna rəsmiləri deyirlər ki, yeni silahların göndərilməsinə baxmayaraq, Qərbin məhdudiyyətləri səbəbindən silahlı qüvvələri əlverişli durumda deyil, çünki uzaq mənzilli silahlarla Rusiya ərazisinin dərinliklərini vura bilmir.

“Avropa üçün uzunmüddətli təhlükəsizlik Ukrayna üçün qısamüddətli, cəsarətli qərarlardan keçir”, – xarici işlər naziri Dmitro Kuleba avqustun 29-da Aİ xarici işlər nazirlərinin görüşündən öncə Brüsseldə jurnalistlərə deyib.

Rusiyanın Pokrovsk əməliyyatları

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 29-da qərbin verdiyi bir F-16 qırıcısının Rusiyanın raket və dron zərbəsini dəf edərkən qəzaya düşdüyünü təsdiqləyib.

Bu arada Rusiya qüvvələri Ukraynanın şərqi Donetsk vilayətində strateji Pokrovsk şəhərini tutmaq üçün hücum çərçivəsində “iki əsas taktiki əməliyyat” aparırlar. Məlumatı avqustun 29-da Müharibə Araşdırmaları İnstitutu yayıb. Birinci əməliyyatın Pokrovskun şərqində, digərinin cənub-şərqində aparıldığı bildirilir.

Rusiya ordusu bu əməliyyatları “Pokrovskun özünə qarşı gücləndirilmiş hücum cəhdi” üçün vacib sayır, institut qeyd edir.

XS
SM
MD
LG