Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Kadırov kürəkəninə 'Kadırov ordeni' verdi


Visxan Matsuyev
Visxan Matsuyev

Çeçenistan başçısı Ramzan Kadırov kürəkəni, kənd təsərrüfatı naziri və baş nazirin müavini Visxan Matsuyevi muxtar bölgənin ən böyük mükafatı – Axmat Kadırovun adına təsis edilmiş “Kadırov ordeni” ilə təltif edib.

Matsuyev Ramzan Kadırovun böyük qızı Ayşatın əridir. Ayşatın özü də bu ay baş nazirin müavini vəzifəsinə təyin edilib.

Kadırov Visxan Matsuyevin kənd təsərrüfatı işçisi günü münasibətilə təltif olunması barədə öz teleqram kanalında yazıb:

"O nazirliyə bu yaydan başçılıq edir, amma indidən pozitiv dəyişikliklər görünür. Bunu bütün sahələr üzrə artan rəqəmlər də göstərir”.

Matsuyev kənd təsərrüfatı naziri və baş nazirin müavini vəzifələrinə bu ilin iyulunda təyin edilib.

Ondan əvvəl bu vəzifəni Ramzan Kadırovun bacısı oğlu İbrahim Zakriyev tuturdu.

Kadırovun kürəkən kadrları

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Matsuyevin atası Zelimxan Matsuyev Ramzan Kadırovun yaxın dostu və mühafizəçisi olub.

Ayşat Kadırova baş nazirin sosial məsələlər üzrə müavinidir. Ondan əvvəl bu vəzifəni Kadırovun ikinci qızı Xadicatın əri Adam Alxanov tuturdu. Bu vəzifəyə Ayşat təyin ediləndə ona da səhiyyə naziri vəzifəsi verilib.

Onun atası, Ramzan Kadırovun həmkəndlisi Ruslan Alxanov 18 ildir ki, Çeçenistanın daxili işlər naziridir.

Kadırov bundan başqa həm də Kurçaloy rayon polisinin rəisi Rustam Aquyevi “İgidliyinə görə” ordeni ilə təltif edib.

AzadlıqRadiosu xatırladır ki, Aquyev ötən ilin yanvarında Yanqulbayevlər ailəsinin başlarının kəsilməsinə çağırışlarına görə ABŞ-ın sanksiya siyahısına düşüb.

Azyaşlı Çeçenistan qəhrəmanı

Bundan əvvəl Ramzan Kadırovun 15 yaşlı oğlu Adama Çeçenistan qəhrəmanı adı verilib.

O Quranı yandırdığına görə həbs olunmuş rusiyalı Nikita Juraveli təcridxanada döyməsi ilə qalmaqala səbəb olmuşdu.

Bu hadisənin videosu yayılmış, Rusiya insan haqları ombudsmanı Tatyana Moskalkova Çeçenistan ombudsmanı Mansur Soltayevə tədbir görülməsi üçün müraciət etmişdi.

Soltayev əmin etmişdi ki, bu məsələyə Çeçenistanın hüquq-mühafizə orqanları baxacaq.

Ramzan Kadırov oğlunun Juraveli döydüyünü etiraf etmiş və onun hərəkətinə haqq qazandırmışdı.

O habelə demişdi ki, Quranı yandırdığına görə Juravelə ən sərt cəza verilməlidir.

Bundan sonra məlum olub ki, Çeçenistan DİN Adam Kadırovun yetkinlik yaşına çatmadığına görə onun barəsində cinayət işi açmaqdan imtina edib.

XS
SM
MD
LG