Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:46

Kadyrov jurnalisti öldürtmək istədiyini inkar edir, amma yenə hədələyir


Ramzan Kadyrov
Ramzan Kadyrov

Çeçenistanın Moskva tərəfindən dəstəklənən başçısı Ramzan Kadyrov Gürcüstan jurnalistinə qarşı iddia olunan sui-qəsd cəhdinin arxasında olduğuna dair ittihamları rədd edib. O iyunun 16-da özünün Telegram kanalında yazıb:

"İnanın, əgər kimsə mənim əmrlərimi yerinə yetirirsə, o bunu edir və əgər missiya sakitcə yerinə yetirilərsə, bu barədə heç kəs bilməz”.

Bundan bir gün əvvəl Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti şərti olaraq V.B. adlandırdığı Rusiya vətəndaşını saxta sənədlərdən istifadə etdiyinə görə saxladığını bildirmişdi.

Məlumatda deyilirdi ki, həbs sifarişli qətlə hazırlığa dair istintaqın gedişində həyata keçirilib.

Kadyrov-a qarşı iddia

Bu arada Gürcüstandakı Mtavari Arxi telekanalının direktoru Nika Gvamaria demişdi ki, söhbət 38 yaşlı İnquşetiya əsilli Vasambek Bokovdan gedir.

O iddia etmişdi ki, Bokov Kadyrovun əmrilə Gürcüstan jurnalisti Giorgi Gabunianı qətlə yetirmək üçün gəlibmiş.

Ötən iyul ayında Gabunia Rusiya prezidenti Vladimir Putini canlı efirdə ağır söyüşlərlə təhqir etmişdi.

Jurnalist Giorgi Gabunia
Jurnalist Giorgi Gabunia

Kadyrov həmin vaxt demişdi ki, Gabinia-nı cəzalandıracaq.

Özünün 16 iyun tarixli postunda Kadyrov yazıb ki, jurnalist “diz çökərək üzr istəməlidir, yoxsa, təkrar edirəm, o mənim düşmənim olaraq qalacaq”.

Kremlin sözçüsü Dmitri Peskov Kadyrov-a qarşı iddiaları “absurd” adlandırıb.

Gürcüstan rəhbərliyi təmkinə çağırır

Gürcüstan prezidenti Salome Zurabishvili və baş nazir Giorgi Gakharia Kadyrov-un adını çəkmədən bu hadisəyə münasibət bildiriblər.

Xanım Zurabishvili iyunun 16-da deyib ki, Gürcüstan “ölkənin sabitliyinə qarşı yönəlmiş cinayətkar və təxribatçı hərəkəti təhqiq etməkdədir”.

Baş nazir Gakharia da bildirib ki, istintaq davam edir və “biz hazırda səbirli olmalı, gözləməli və hər hansı mülahizələrimizi sonra bildirməliyik”.

Son illərdə Kadyrov-un bir neçə tənqidçisi Rusiya xaricində öldürülüb və çoxları bunun arxasında ya çeçen liderin, ya da Rusiya Federal Təhlükəsizlik Xidmətinin durduğuna inanırlar.

İnsan haqları qrupları deyirlər ki, bölgəyə 2007-ci ildən başçılıq edən Kadyrov burada repressiv tədbirlərə əl atır və təhlükəsizlik qüvvələri üçün tam bir cəzasızlıq mühiti yaradıb.

Onlar iddia edirlər ki, siyasi opponentlərə qarşı zorakılıq və təhdidlərin, adam oğurluqlarının, işgəncə və qətllərin arxasında Kadyrov və Çeçenistan hakimiyyəti dayanır.

XS
SM
MD
LG