Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Əziz Orucovun həbsindən sonra məhkəmə 'Kanal 13'ün bloklanmasına qərar verib


Əziz Orucov
Əziz Orucov

"Kanal 13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun həbsindən sonra onun rəhbərlik etdiyi onlayn media portalının bloklanması qərara alınıb.

AzadlıqRadiosunun bilgisinə görə, Daxili İşlər Nazirliyi (DİN) dekabrın 1-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məktub göndərib. Məktubda iddia olunub ki, bu kanalda müxtəlif dövlət orqanlarında çalışan şəxslər haqqında yanlış və onları nüfuzdan salan məlumatlar yayılır.

"Uzun müddət vətəndaş cəmiyyətini dəqiq və qərəzsiz informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərib...", - DİN bloklanma tələbini belə əsaslandırıb.

Sözügedən media qurumunun rəhbəri Ə.Orucovun hazırda təqsirləndirilən şəxs statusunda həbsdə olması da məktubda yer alıb.

Ardından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də Ə.Orucovun rəhbərlik etdiyi media portalına girişin məhdudlaşdırılması tələbi ilə məhkəmədə iddia qaldırıb. Səbail rayon Məhkəməsi dekabrın 11-də iddianı təmin edib.

Ə.Orucovun vəkili Bəhruz Bayramov AzadlıqRadiosuna bildirib ki, belə bir məhkəmənin keçirilməsindən xəbərləri olmayıb: "Bizə nə nazirliyin iddiası, nə də məhkəmə prosesinin keçirilməsi barədə məlumat verilib. Məlumat verilsəydi, iştirak edər, etirazımızı bildirərdik. Dəqiqləşdirəcəyəm, belə bir qərar varsa, mütləq apellyasiya şikayəti verəcəyik".

'Kanal 13'ün icraçı direktoruna yeni ittiham verilib

"Kanal 13" internet televiziyasının bir aya yaxındır həbsdə olan icraçı direktoru Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə yeni ittiham verilib. Bu ittiham dekabrın 19-da Səbail rayon Polis İdarəsində ona bildirilib.

O, Azərbaycana bəyan edilmədən, xaricdən qaçaqmal yolu ilə pul gətirilməsində suçlanır.

Ə.Orucovun vəkili Bəhruz Bayramov AzadlıqRadiosuna bildirib ki, müvəkkili bu ittihamı rədd edir, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir: "Qaçaqmalçılıq ittihamını qətiyyən qəbul etmir. Hesab edir ki, həbsi peşəsinə, rəhbərlik etdiyi kanalın fəaliyyətinə görədir".

Ə.Orucov noyabrın 27-də saxlanmış, onun evində və "Kanal 13"ün ofisində axtarış aparılmışdı. Daha sonra ona Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham verilərək haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Ə.Orucov məhkəmədə həbs qərarı verilərkən bu ittihamı da qəbul etmədiyini, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirmişdi. O vurğulamışdı ki, hazırda Bakıda və Abşeron yarımadasında rəsmi sənədi olmayan, icazəsiz tikilmiş 500 minə yaxın ev var: "O evlərdə adamlar yaşayır, heç kimin də onlarla işi yoxdur. Deməli, bu ittiham sadəcə məni cəzalandırmaq üçün bəhanədir".

Ə.Orucov 2017-ci ilin mayında da həbs olunmuş, ona Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 6 il həbs cəzası kəsilmişdi. Ardından o, 2018-ci ildə Ali Məhkəmənin qərarı ilə şərti azadlığa buraxılmışdı. O zaman da Ə.Orucov ittihamları qəbul etməmiş, rəhbərlik etdiyi internet televiziyasının tənqidçi fəaliyyətinə görə cəzalandırıldığını bildirmişdi.

Xatırlatma

Noyabrın 20-dən bəri AbzasMedia-ya dair cinayət işi üzrə həbs olunan beş nəfərə - direktor Ülvi Həsənliyə, baş redaktor Sevinc Vaqifqızı və layihə koordinatoru Məhəmməd Kekalova, araşdırmaçı jurnalist Hafiz Babalı və jurnalist Nərgiz Absalamovaya da Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə ittiham verilib. İddia olunur ki, AbzasMedia-nın ofisindən 40 min avro pul tapılıb və həmin vəsait ölkəyə qaçaqmal yolu ilə gətirilib. Jurnalistlər bu ittihamı qəbul etmir, siyasi sifarişlə - AbzasMedia-nın korrupsiya araşdırmalarına görə cəzalandırıldıqlarını deyirlər.

XS
SM
MD
LG