Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27

'Karvan' Ticarət Mərkəzində kompensasiya çıxmazı


Sumqayıtda «Karvan» ticarət mərkəzində yanğın olub
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

«Karvan» Ticarət Mərkəzində ikinci yanğın - 2014

«Dördüncü ilə keçib ki, icarəmizdə olan mağazalar yanıb. İçərisində bizə məxsus və satış üçün nəzərdə tutulan geyim əşyaları da ələ gəlməyib. Hərəmiz azı 200 min manatlıq zərərə düşmüşük. Nə bizim, nə də bizim kimi başqa ticarətçilərin kompensasiyası hələ də ödənilməyib».

2013-cü il oktyabrın 19-da Sumqayıtdakı «Karvan» Ticarət Mərkəzində baş verən yanğından zərərə düşmüş keçmiş ticarətçilər AzadlıqRadiosuna belə deyirlər. Sözlərindən belə məlum olur ki, indiyədək nə onlara dəymiş zərər ödənib, nə də yanğına məsuliyyət daşıyanlar cəzalanıb.

İstintaq orqanları olaydan az sonra Bayramov soyadlı şəxsi həbsə alıb. Ancaq keçmiş ticarətçilər həmin şəxsin alış-veriş mərkəzində ən səlahiyyətsiz biri olduğunu deyirlər.

«BIÇAQ SÜMÜYƏ DİRƏNİB»

Ticarətçi Füzuli Quliyev: «Bizdə həmişə belədir, bina yanır, komendantı, süpürgəçini tuturlar. Ticarət Mərkəzindəki yanğına görə də ortalıqda pul yığanı tutub atıblar içəri. Bu adamın o hadisəylə heç bir əlaqəsi yoxdur. Bu boyda Mərkəzin, ticarətlə məşğul olan insanların təhlükəsizliyinə görə cavabdeh şəxslər var».

Ticarətçilərdən İlham Səfərov sözügedən mərkəzdə geyim əşyaları gətirib satırmış. Yanğın onu, nə az-nə çox – 170 min manat ziyana salıb. İş üçün götürdüyü bank kreditlərinin məbləği devalvasiyalardan sonra bir neçə dəfə artıb.Di gəl, vaxtilə dəymiş zərərə görə onlarabir qəpik də ödənilməyib: «Bıçaq sümüyə dirənib. Bank bizi məhkəməyə verib, məhkəmə isə situasiyanı nəzərə almadan, borcun yığılmış cərimələrlə birlikdə ödənilməsi barədə qətnamə çıxarıb. İndi də bizi ailəlikcə çölə tökməyə hazırlaşırlar, çünki borc girovdakı əmlakımıza yönəlib. Dəfələrlə Baş Prokurorluqda olmuşuq. Heç kəs qəbul edib dinləmir. Heç yanğının səbəbləri də düz-əməlli araşdırılmadı. 4-cü ilə keçib ki, Ticarət Mərkəzi sahibinin məsuliyyətə cəlb olunmasını tələb edirik».

"Əvvəl yanacaq səpdilər, sonra söndürməyə başladılar"
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

«KOMPENSASİYASI ÖDƏNİLMƏYƏNLƏR SIĞORTALANMAYANLARDIR»

2013-cü il oktyabrın 19-da, axşam saat 7 radələrində «Karvan» Ticarət Mərkəzində başlanan yanğın bir neçə saat sürüb. Binanın, əsasən, 3 və 4-cü mərtəbələrindəki mağazalar satış üçün nəzərdə tutulmuş əşyalarla (əsasən, ayaqqabı və geyim) birlikdə yanıb. Həmin vaxt Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov bildirmişdi ki, Ticarət Mərkəzində tikinti qaydalarına əməl edilməyib, yanğınla bağlı su təchizatı bərbad vəziyyətdə olub. O vaxt olaya görə Ticarət Mərkəzinin inzibatçısının həbs olunduğu da açıqlanmışdı.

Ticarətçilərə kompensasiyaların ödənilməsinə gəlincə, Ticarət Mərkəzinin direktoru Ağamirzə Əhədov bir müddət əvvəl «Qaynar xətt»ə bildirib ki, kompensasiyası ödənilməyənlər mağazalarını və satdıqları əşyaları sığortalamayanlardır.

SIĞORTA YOXDUR, MÜQAVİLƏ VAR

Keçmiş ticarətçilərin sığortaları olmasa da, ticarət mərkəzinin rəhbərliyi ilə müqavilələri var. Həmin müqavilədə bütün təhlükəsizlik məsələlərinə ticarət mərkəzinin təminat verdiyi göstərilib.

Hüquqşünas Vaqif Alıyev bildirib ki, tərəflər arasında müqavilə varsa və müqavilədə ticarət mərkəzi sahibinin təhlükəsizliklə bağlı öhdəliyi olubsa, ticarətçilərə kompensasiya ödənilməliydi: «Yanğından zərər çəkənlər məhkəməyə müraciət etməliydilər. Ancaq görünən odur ki, iddia müddəti ötüb. İlk növbədə iddia müddətini bərpa etməyə çalışmaq, ardınca məhkəməyə müraciət etmək lazımdır. Çünki qeyd olunduğu kimi, hələ hadisə zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi də yanğına səbəb kimi ticarət mərkəzi rəhbərliyinin müəyyən qaydalara əməl etməməsini göstərib».

XS
SM
MD
LG