Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:46

Kasıb vətəndaş niyə müdafiəsiz qalıb


Məhkəmələrdə sizi nə qane etmir?
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Məhkəmələrdə sizi nə qane etmir?

2017-ci ilin sonunda Azərbaycanda nümayəndəlik institutu məhdudlaşdırılanda buna qarşı çıxanlar deyirdi ki, qanuna bu dəyişiklik minlərlə vətəndaşı hüquqi yardımsız qoyacaq. İl ərzində məhkəmələrdə baxılan on minlərlə işin böyük əksəriyyəti mülki qaydada olan mübahisələrdir. O işlərdə də (Ali Məhkəmə istisna olmaqla) vətəndaşları Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər təmsil edə bilirdi. Ancaq dəyişiklikdən sonra mülki işlərdə də nümayəndələr mütləq Vəkillər Kollegiyasının üzvü olmalıdır.

Tərəfdarlar isə iddia edirdi ki, əksinə, bu dəyişiklik keyfiyyətin yaxşılaşmasına gətirib çıxaracaq. Çünki öncə təkcə hüquqşünas yox, istənilən peşə sahibi nümayəndə kimi işə qoşula bilirdi, bu da qeyri-peşəkar ərizələrin, vətəndaşların keyfiyyətsiz müdafiəsinin ortaya çıxmasıyla nəticələnirdi.

Nəvələrinə qəyyumluq edə bilmir

Dəyişiklikdən keçən səkkiz ay ərzində vətəndaşların müdafiəsiylə bağlı ciddi problemlər yaranıb. Özəlliklə vəkillərə pul ödəyib, onlarla müqavilə bağlamaq gücündə olmayan aztəminatlı vətəndaşlar bir çox hallarda məhkəməyə müraciət edə bilmir, müdafiəsiz qalır.

R.Balabəyova
R.Balabəyova

Məsələn, Bakı sakini, 58 yaşlı Reyhan Balabəyova kimi. Gəlini dörd il öncə vəfat etmiş, oğlu da ağır xəstə olan bu qadın nəvələrini himayəsinə götürmək, onların qəyyumluğunu almaqdan ötrü dövlət orqanlarının qapılarında qalıb. İndi bu məsələ ilə əlaqədar icra hakimiyyətini məhkəməyə vermək istəyir. Ancaq məhkəmədə onun hüquqlarını müdafiə edəcək vəkil tapmır. Qohum-qonşunun köməyi ilə birtəhər dolandıqlarını deyən Reyhan xanımın vəkillə müqavilə bağlamağa maddi imkanı yoxdur. Onun üçün dövlət orqanlarına ərizə və şikayətləri hüquqşünas-ekspert Fərhad Mehdiyev təmənnasız hazırlayırmış. Ancaq o, bir neçə il öncə Vəkillər Kollegiyasından uzaqlaşdırıldığına görə R.Balabəyovanı məhkəmədə nümayəndə kimi təmsil edə bilməz.

R.Balabəyova pulsuz vəkillə təmin olunmaqdan ötrü Vəkillər Kollegiyasına müraciət edib, dediyinə görə, rəhbərliklə də görüşüb. Ona konkret vəkil təyin olunmayıb, amma Kollegiyanın İntizam Komissiyasının sədri Şahmar Məmmədov ona zəng edib, problemlə bağlı bəzi tövsiyələrini verib. Ancaq bu, vətəndaşı qane etmir. İstəyir ki, probleminin məhkəmə müstəvisinə çıxarılmasında ona kömək etsinlər. Bu da hələ ki, mümkün olmayıb. Ona görə R.Balabəyova icra hakimiyyəti kimi, Vəkillər Kollegiyasından da narazı qalıb.

A.Bağırov
A.Bağırov

«Dünyanın heç yerində vəkil pulsuz xidmət göstərmir»

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov isə AzadlıqRadiosuna deyir ki, mülki işlərdə birinci instansiya və apellyasiya məhkəmələrində vətəndaşın dövlət hesabına vəkillə təmin olunması ümumiyyətlə, nəzərdə tutulmayıb. Nazirlər Kabinetinin qərarında ancaq inzibati xəta, cinayət işləri və kassasiya instansiyasında (Ali Məhkəmə) vətəndaşa pulsuz hüquqi yardımın göstərilməsi əksini tapıb: «Konstitusiyanın 61-ci maddəsinə görə, hər kəsin yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququ var. Vəkillər Kollegiyası olaraq, biz bu işi tamamilə öz üzərimizə götürə bilmərik. Baxmayaraq ki, nəzərdə tutulmayıb, mülki işlərə görə də bizə müraciət edən vətəndaşlara yardım göstərməyə çalışırıq - vəkillər lazım olanda məsləhətlər verir və s. Təbii ki, bütün hallarda belə vətəndaşlara tam yardım göstərə bilmirik. Çünki vəkillərimiz onu könüllü şəkildə edir, nə vətəndaşdan, nə də dövlətdən pul alır. Dünyanın heç yerində vəkilin pulsuz xidmət göstərmək vəzifəsi yoxdur. Ancaq biz ictimai maraqlar naminə imkan daxilində yardım etməyə çalışırıq».

A.Bağırov dövlət hesabına hüquqi yardımla bağlı boşluqların olduğunu təsdiqləyir. Kollegiya sədri də bu sahədə tənzimləməyə, hətta ayrıca qanunun qəbuluna ehtiyac duyulduğunu söyləyir: «Bu məsələlər qanunvericilikdə dəqiq tənzimlənməlidir. Paralel çıxış yolu odur ki, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna dəyişiklik edilsin, Vəkillər Kollegiyasının bu sahədə səlahiyyətləri artırılsın. Mexanizm kollegiyaya həvalə olunsun, vəsait ora ödənilsin, kollegiya da bu işi görsün».

Ancaq A.Bağırov aztəminatlı vətəndaşların mülki işlərdə müdafiəsiz qalmasını nümayəndəlik institutunun məhdudlaşdırılmasıyla bağlamağın tərəfdarı deyil. Deyir ki, nümayəndə kimi məhkəmələrə çıxan şəxslər də bu işə görə pul alırdılar: «Onlar da pulsuz fəaliyyət göstərmirdilər ki... Elə təqdim olunmamalıdır ki, nümayəndələr vəkillərdən daha mərhəmətli idilər. Xeyr, vəkillər də kifayət humanistdirlər».

Y.İmanov
Y.İmanov

«Yeni qanun qəbul edilməlidir»

2017-ci ilin noyabrında Vəkillər Kollegiyasından uzaqlaşdırılan Yalçın İmanov əvvəllər maddi imkanı olmayan adamlara mülki işlərdə məhkəmələrdə pulsuz kömək edə bilirdisə, artıq bunu edə bilmir. O da hesab edir ki, ödənişsiz hüquqi yardımın göstərilməsi barədə konstitusion normanın icrasıyla bağlı vəziyyət ürəkaçan deyil: «Mülki işlərdə ödənişsiz hüquqi yardımla bağlı qanunvericilik mexanizmi yoxdur. Hərçənd, Mülki Prosessual Məcəllə vətəndaşın vəkilin xidmətlərini ödəmək üçün yetərli vəsaiti olmadıqda pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququnu nəzərdə tutur. Reallıqda isə bu pulsuz hüquqi xidmətin mexanizmi yoxdur. Məcəlləyə əsasən, maddi vəziyyətinə görə vəkil tuta bilməyənlərə hüquqi yardım məhkəmə qərarıyla, dövlət büdcəsinin vəsaiti hesabına göstərilir. Bu norma məhkəməyə müraciətdən sonrakı prosesi əhatə edir».

Y.İmanov da o fikirdədir ki, ödənişsiz hüquqi yardım haqqında qanun qəbul edilməli, mülki işlərdə aztəminatlı vətəndaşların hüquqi yardımla təmin olunması mexanizmi dəqiq tənzimlənməlidir.

Məsələyə parlament üzvlərindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG