Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:44

Keçmiş nazir müşaviri təqsirləndirilənə təkcə qızıllarını etibar etməyibmiş...


Zinyət əşyaları.
Zinyət əşyaları.

Bir neçə ay əvvələdək nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyev qohumunun oğurladığını iddia etdiyi 800 min manatlıq qızıl-zinət əşyaları haqda mətbuatda yazılanlardan əsəbiləşib.

O bu barədə fevralın 14-də, elə həmin oğurluqla bağlı məhkəmədə danışıb. Oğurluğa görə hakim önünə çıxarılansa anaları əmiqızı olan qohumu Rövşən Əhmədovdur.

Bu cinayət işinə dörd aydan çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Əvvəlcə işə Rasim Sadıqovun sədrlik etdiyi hakimlər heyəti baxırdı. Bir neçə məhkəmə iclasından, ifadələrdən sonra Sadıqova etiraz verildi və bu iş ondan alındı. İndi bu iş Əfqan Hacıyevin sədrliyi ilə araşdırılır.

Buna da bax:​ Heydər Əliyevin yubileyinə görə buraxılmış qızıl pulları kim oğurlayıb?

Külli miqdarda mənimsəmədə suçlanan Rövşən Əhmədov ötən ilin aprelindən həbsdədir. O, fevralın 14-dəki məhkəmə iclasında özünü qətiyyən təqsirli saymadığını, verilmiş ittihamın əsassızlığını bildirib və kimsənin qızılını götürmədiyini söyləyib.

Rövşən Əhmədov dindirilməyib, amma Çingiz Baxşıyev ifadə verib. O iddia edib ki, 12 il nazirlikdə yanında çalışan, evinə gedib-gələn qohumuna saxlamaq üçün torbada təxminən 6-7 kiloqram qızıl verib. Qohumu da bir neçə aydan sonra cəmi 300-400 qramlıq bağlama qaytarıb.

Rövşən Əhmədov qızılları aparıb Baxşıyevin kürəkəninə verib və bağlamanı saxlamağa necə almışdısa, elə də qaytarıb. Onun iddiasına görə, qızıllardan nəsə çatışmırsa, deməli, Baxşıyevin qızı və kürəkəni götürüb.

Buna da bax: Nazir müşaviri 350 minlik saatı necə alıb?

Çingiz Baxşıyev qızıllar kürəkəninə veriləndən təxminən iki ay sonra qohumunu çağırıb, bağlamanın yüngül olduğunu deyib. Açanda məlum olub ki, qızıl-zinət əşyalarının əksəriyyəti yoxdur.

Nazir müşavirinin Salyanda klinikası, Sumqayıtda hektarlarla torpağı...

Keçmiş məmur Rövşən Əhmədovun onu öldürmək istədiyini iddia edib, Buna görə də su ilə zəhərləyib: "Mən, adətən, Bayraq Meydanı tərəfdə gəzişirəm. Keçən ilin fevralında axşamtərəfi orada gəzirdim, Rövşən də mənimlə idi. Əlində su vardı. Mənə təklif elədi, mən də alıb içdim. Axşam yatdım, səhər oyananda halım pisləşdi, xəstəxanaya apardılar, mədəmdən qan gəlirdi. Həkimlər nə yeyib-içdiyimi soruşanda, dedim ki, “su içmişəm”. Burada müalicə nəticə vermədiyinə görə Avstriyaya (oğlu Nəriman Baxşıyev orada yaşayır - red.) getməli oldum. İki həftə orada qaldım, qanımı təmizlədilər. Amma həkimlər dəqiq diaqnoz qoya bilmədilər. Qızım xəstəxanaya yanıma gələndə dedi ki, qızıl olan bağlama çox yüngüldür, içində heç nə qalmayıb. Ona dedim ki, çıxanda özüm baxaram. Azərbaycana qayıdandan sonra gördüm ki, Rövşənin təhvil verdiyi torbada 300-400 qram qızıl ancaq olardı. Zəng eləyib Rövşəni çağırdım. Soruşdum ki, qızılların qalanı hanı? Bağırdı ki, “mənim boynuma oğurluq atırsınız”. Bir müddət sonra polisə şikayət etdim”.

Rövşən Əhmədovun vəkilinin suallarını Baxşıyev cavablayarkən, maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Baxşıyevin Salyanda klinikası, Sumqayıtda iki hektar torpağı olub, özü də Rövşən Əhmədovun adına.

Buna da bax:​ `Qatıq vedrəsinə, çaydana yığıb üç bağlama qızıl-brilyantı...'

”Sizin Rövşən Əhmədovun adına milyonlarla dəyəri olan əmlakınız olub və hamısını sizin özünüzə qaytarıb. Özünüz də təsdiqləyirsiniz. Əgər mənimsəmək niyyəti olsaydı elə öz adına olan klinikanı mənimsəyərdi...”, - Əhmədovun vəkili Adəm Məmmədovun sözləridir.

Baxşıyev bu məsələlərdə dərinə getmək istəməyib: ”Siz mənə qızıllardan sual verin”.

Məhkəmədə hakim Baxşıyevdən soruşub ki, öz qızı daim mühafizə olunan binada yaşadığı halda, qızıllarını saxlamaq üçün niyə başqasına verib?

“Əvvəl qızıma vermək istədim, sonra gedə bilmədim. Ona görə Rövşənə verdim”, - keçmiş nazir müşaviri sualı belə cavablayıb.

Buna da bax:​ Ziya Məmmədovun qohumu məhkəmədə nələr danışdı?

“Aparıb ona 1 milyon360 min dollar pul vermişəm”

Çingiz Baxşıyevin iki qızı - Sevil və Fatma Baxşıyevalar da məhkəmədə zərərçəkmiş kimi dindiriliblər. Çünki Baxşıyev deyir ki, qızılların 695 min manatlığı özünün, 50 minliyi bir qızının, 55 minliyi də o biri qızının olub.

”Həmin qızılların arasında 50 onluq, 10 ədəd beşlik mənim idi”, - Sevil Baxşıyeva söyləyib.

Bu yerdə Rövşən Əhmədov deyib ki, Çingiz Baxşıyevin tapşırığı ilə qızının evinə əvvəllər 1 milyon 360 min dollar aparıb verib. Sevil Baxşıyeva isə bunu təkzib edib.

O biri zərərçəkən Fatma Baxşıyeva deyib ki, Rövşən Əhmədov gətirib qızıl bağlamasını onun həyat yoldaşı Ayaza verəndə özü işdə olub: “Rövşən qızılları Ayaza verib çıxıb gedib. Evə gələndə çantanı əlimə alanda gördüm ki, yüngüldür”.

Buna da bax:​ 'Qızılların bir hissəsi qatıq vedrəsində, qalanları...'

Məhkəmə fevralın 21-də davam edəcək.

Söhbət bu qır-qızıldan gedir

Sabiq nazir müşavirinin dediyinə görə, iki kiloqramlıq qatıq vedrəsi, 500 qramlıq çayqabı və kağız torba olmaqla, üç bağlamada saxlamaqdan ötrü qohumuna verdiyi qızıl-zinət əşyalarının arasında bunlar olub: 60-70 ədəd 5-lik, 200 ədəd 10-luq, 8 ədəd 7,5-lik, 15 ədəd 15-lik, 20 ədəd qədimi medalyon, müxtəlif qızıl saatlar, Heydər Əliyevin yubileyi ilə əlaqədar buraxılmış metal pullar, qızıl 100 manatlıq, Heydər Əliyevin brilyant daşlarla bəzədilmiş döş nişanı, daha bir ədəd xırda döş nişanı, qızıl təsbeh, qızıl kəmər...

XS
SM
MD
LG