Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 08:49

AFFA iki futbolçuya ömürlük cəza verdi


Futbol
Futbol

Bu gün, dekabrın 1-i Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İntizam Komitəsinin toplantısı olub.

Komitə «Keşlə» klubunun futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyəti ömürlük qadağan edib.

Komitə bu qərarını «Keşlə» klubunun AFFA-ya rəsmi müraciəti, hüquq-mühafizə orqanlarının təqdim etdiyi məktub və UEFA-dan daxil olmuş məlumatlara əsasən verdiyini açıqlayıb.

«Tərəflər bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər», - məlumatda vurğulanır.

Qərara hələlik sözügedən futbolçuların münasibətini almaq mümkün olmayıb.

***Buna da bax-Azərbaycanda danışılmış oyunlar- 22 futbolçu kənarlaşdırıldı

Dünən, noyabrın 30-u Azərbaycan Premyer Liqasında çıxış edən «Keşlə» klubunun prezidenti Zaur Axundov hər iki futbolçunun saxlandığını açıqlamışdı. Bu gün, dekabrın 1-də isə o deyib ki, futbolçular sərbəst buraxılıb. Üstəlik, klub rəsmiləri bir neçə gün öncə həmin futbolçularla yollarını ayırdıqlarını açıqlamışdılar.

Həmin futbolçular danışılmış oyunlarda şübhəli sayılırlar. Xüsusilə söhbət Premyer Liqanın XIII turu çərçivəsində baş tutan «Neftçi» – «Keşlə» oyunu ilə bağlı iddialardan gedir. Həmin oyunda «Neftçi» 3:1 hesabı ilə qalib gəlib.

«Keşlə» klubu yaxın vaxtlara qədər «İnter» adını daşıyıb. «İnter»in əvvəllər sponsoru Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. ABB ətrafında qalmaqallardan sonra klubda maliyyə problemləri yaranıb.

***Buna da bax-AFFA prezidenti: 'Klubları yarıyolda qoyurlar…'

AFFA-nın bəyanatı

Məsələ ilə bağlı AFFA bəyanat da yayıb. Bəyanatda bildirilir ki, idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə əlavə və dəyişikliklər edilib. Cinayət Məcəlləsində bununla bağlı xüsusi maddə öz əksini tapıb . Söhbət 192-2-ci maddədən gedir. Bu maddə ilə futbolçulara ittihamlar təsdiqini taparsa, onlar 3 min manatdan 5 min manatadək cərimə və ya 3 ildən 6 ilədək müddətə həbs edilə bilərlər.

Xatırladaq ki, ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olmuş məlumatlar, AFFA-nın apardığı araşdırmalar nəzərə alınaraq, I Divizionda çıxış edən bir neçə klub, futbolçu, inzibati işçilər və hakimlər cəzalandırılıb.

«Danışılmış oyunlar» dünyanın, demək olar ki, bütün ölkələrində rast gəlinən neqativ haldır və AFFA idman oyunlarının nəticələrinin manipulyasiyasına qarşı mübarizə aparan müvafiq orqanlarla hərtərəfli əməkdaşlıq etməyə, onlara dəstək verməyə hər zaman hazırdır», - məlumatda vurğulanır.

«Bilmirəm hansı oyunlar, kimin oyunları gedir»

«Evdən hələ indi çıxıram. Hansısa fikir bildirmək üçün hələ tezdir».

Bu sözləri apasport.az saytına açıqlamasında «Keşlə» klubunun keçmiş futbolçusu, futboldan bütün ömrü boyu uzaqlaşdırılan Nizami Hacıyev deyib.

Məsələ ilə bağlı qısa fikir bildirən Hacıyev danışmaq istəmədiyini söyləyib:

«Bilmirəm hansı oyunlar, kimin oyunları gedir. Bunu bilsəydim, nə dərdim olardı? Bu məsələlər barədə danışmaq üçün hələ tezdir».

«Keşlə»nin AFFA İntizam Komitəsinin qərarı ilə ömürlük futboldan uzaqlaşdırılan keçmiş kapitanı buna layiq olmadığını söyləyib:

«Əsas harasa aparılmaq deyil, ömürlük futboldan getməkdi. Mən bu cəzaya layiq deyildim».

XS
SM
MD
LG