Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:58

Öz ölkəsinin konsulluğunda öldürülən jurnalist haqqında film çəkilib


Jamal Khashoggi
Jamal Khashoggi

Öldürülmüş səudiyyəli jurnalist Jamal Khashoggi haqqında film çəkilib. Görəsən, tamaşaçılar bu filmi görə biləcəklərmi?

Məsələ burasındadır ki, yeni çəkilən sənədli filmi satmağın asan olmayacağı deyilir. Kino distribütorluğuyla məşğul olan şirkətlərin Səudiyyə Ərəbistanından çəkinməsi bu işdə az rol oynamır.

Britaniyanın “The Guardian” qəzeti yazır ki, “Dissident” (The Dissident) filminin premyerası beş həftə öncə ABŞ-da keçirilən Sundance film festivalında baş tutub. Tamaşaçı auditoriyası filmi ayaq üstündə alqışlayıb.

İstər filmin faciəvi mövzusu, istərsə filmi çəkən Bryan Fogelin parlaq reputasiyası artıq böyük maraq doğurmuşdu. Tənqidçilər film haqqında çox yüksək fikirdəydilər.

“Həqiqət Vaşinqtonda doğranmaqdadır”

Alec Baldwin Tvitter-də filmi tərifləyərək onu “bayıldıcı və gözəl” adlandırıb:

“Həqiqət Vaşinqtonda doğranmaqdadır. Ancaq o @bryanfogel-in işində sağ-salamatdır”.

Sənədli filmin gələcəyi parlaq görünürdü. Premyeradan sonra Fogel Riyadın güclü lobbi maşınının onun diqqətdən kənar qalmasına çalışmayacağına ümid etdiyini demişdi:

“Ən böyük arzum odur ki, distribütorlar Səudiyyə Ərəbistanına duruş gətirsinlər”.

Bryan Fogel İkar (Icarus) filmi üçün mükafatla (2018)
Bryan Fogel İkar (Icarus) filmi üçün mükafatla (2018)

Filmin kino festivalındakı ilk nümayişindən bir ay ötüb, ancaq hələ də bu nümayiş barədə danışırlar. Filmin fanatları onun kəskin məzmununun distribütorları çəkindirməsindən ehtiyat edirlər. Adətən, distribütorlar uğurlu sənədli filmləri elə Sundance festivalında nümayiş oluna-oluna dərhal alırlar. Onlar İnsan Hüquqları Fondunun (Human Rights Foundation) maliyyələşdirdiyi filmin Hasan Minhaj-ın “Patriot Act” adlı Netflix komediyasının Khashoggi-nin qətli haqda olan epizodunun aqibətini yaşamasından narahatdırlar. Netflix Səudiyyə Ərəbistanının şikayətindən sonra həmin epizodun nümayişini dayandırıb.

“Çox az iş görülüb”

“Jamal Khashoggi-nin qətliylə bağlı ədalətin təmin olunmamasına diqqətin çəkilməsi həyati önəm daşıyır”, - Sərhədsiz Reportyorlar təşkilatının Böyük Britaniya bürosunun direktoru Rebecca Vincent “The Guardian”a belə deyib:

“İlk vaxtlar beynəlxaql reaksiya olsa da, bu vaxtadək Səudiyyə Ərəbistanına bu dəhşətli hücuma görə konkret cəza verilməsi üçün çox az iş görülüb… [Bu ölkə] hazırda azı 33 jurnalisti həbsdə saxlayır. Mən ümid edirəm ki, hökumətlərin bu məsələdə daha sərt mövqe tutmaqla bağlı nümayiş etdirdiyi tərəddüd kino dünyasına da sıçramayaz”.

Jamal Khashoggi-nin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda dəhşətli qətlindən ilyarım ötüb.

Kral Salman (sağda) və vəliəhd şahzadə Mohammed bin Salman
Kral Salman (sağda) və vəliəhd şahzadə Mohammed bin Salman

Səudiyyə hökuməti bir qrup “suçlunu” edam etsə də, baş verənlər hələ də müəmmalı qalır. Qətlin jurnalistin “Washington Post” qəzetindəki köşə yazılarında Səudiyyə rejimini tənqid etməsi ilə bağlı olduğu düşünülür. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) də daxil, çoxları iddia edir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohammed bin Salman jurnalistin öldürülməsinə dair planlardan xəbərsiz qala bilməzdi.

Ancaq Fogel-in filmi təkcə qətli kimin sifariş verməsindən yox, həm də Səudiyyə Ərəbistanının dünyadakı müxalif fikirlərə nəzarət etmək cəhdlərindən söz açır.

Filmdə Khashoggi-nin qətlini üzə çıxarmış Türkiyə rəsmilərinin detallı müsahibələri də yer alıb.

““Dissident” filmi eyni zamanda Səudiyyə rejimi ilə iş görən şirkət və hökumətləri də araşdırır. Məhz buna görə filmin satışı bir qədər çətinləşmiş ola bilər”, - “The Guardian” belə yazır.

“Səudiyyə Ərəbistanıyla münasibətlərin yenidən dəyərləndiriləcəyinə ümid edirəm”

“Amazon” şirkətinin rəhbəri və “Washington Post” qəzetinin sahibi Jeff Bezosun mobil telefon hesabını hakerlərin sındırdığını yada salmağa dəyər. Bunun şəxsən Səudiyyə şahzadəsinin göndərdiyi “səmimi” e-mail-in içində gəlmiş virus sayəsində mümkün olduğu deyilir.

İndi Monrealda yaşayan səudiyyəli fəal Omar Abdulazizin də hekayəsi filmdə əksini tapıb. Abdulazizin xaricdəki fəallığına görə onun Səudiyyə Ərəbistanındakı qardaşları həbs olunub. O, filmi çəkənlərə deyib ki, onun fikrincə, Khashoggi onunla əlaqələrə görə öldürülüb.

Bezos kimi Abdulazizin də telefonunun Pegasus adlı proqramla “yarıldığı” iddia olunur.

Fogel filmin ilk nümayişindən sonra auditoriyaya deyib ki, “Dissident” filminin “digər ölkə, hökumət və biznes rəhbərlərini Səudiyyə Ərəbistanı ilə münasibətlərini yenidən dəyərləndirməyə vadar edəcəyinə” ümid bəsləyir.

Fogel 2018-ci ildə “Icarus” filminə görə Oskar mükafatına layiq görülüb. Film həmin il Qış Olimpiya Oyunlarında Rusiyanın iştirakına qadağa qoyulmasından söz açır.

XS
SM
MD
LG