Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Putin 'Azovstal'a hücumu dayandırır


'Azovstal'
'Azovstal'

"Rusiya Federasiyasının texnikası bizim işğal olunmuş 120 kilometri yarıb Mariupolu hərbi mühasirədən çıxarmağımıza imkan vermir".

Rusiya Prezidenti Vladimir Putin Mariupol şəhərindəki “Azovstal” sənaye zonasına hücumun məqsədəuyğun olmadığını deyərək onu dayandırıb. Bu haqda TASS dövlət xəbər agentliyi məlumat yayıb.

Bundan öncə isə Müdafiə naziri Sergey Şoyqu Putinə Mariupolun “azad olunması” haqda hesabat verib, Ukrayna hərbçilərinin Azovstal sənaye zonasında gizləndiyini, zavodun tam tutulmasının 3-4 gün çəkəcəyini deyib.

“Bu halda... əsgər və zabitlərimizin həyatı və sağlamlığının qorunması haqqında düşünməliyik. Bu katakombalara girmək, sənaye obyektlərində torpağın altında sürünmək lazım deyil. Bu sənaye zonasını elə qapadın ki, milçək də keçə bilməsin”, – Putin bildirib.

Rusiya qoşunları və qondarma “Donetsk xalq respublikası”ndan separatçılar Mariupolu martın əvvəlində mühasirəyə alıblar. Müxtəlif məlumatlara görə, şəhərdə 1500-3 minədək hərbçi var. Onlar əsasən Azov alayından və 36-cı dəniz piyadaları briqadasındadır. Ukrayna rəsmiləri Mariupolda 120 minədək sakinin qaldığını deyirlər.

Zelenskinin vədi

Ukrayna Prezidenti Volodimir Zelenski isə Fransanın BFM TV xəbərlər kanalına deyib ki, Mariupolu mühasirədən çıxarmaq üçün mümkün olanı edəcəklər.

“Bu, saat məsələsidir, həqiqət budur. Çünki bilmirik, onlar orada neçə saat, yaxud gün dayana biləcəklər. Bizim ordumuza gəlincə, hazırda Rusiya Federasiyasının texnikası bizim işğal olunmuş 120 kilometri yarıb Mariupolu hərbi mühasirədən çıxarmağımıza imkan vermir. Bu həqiqətdir. Bu gün bunu edə bilmirik”, – Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın Mariupolu mühasirəyə alması müharibəyə deyil, daha çox “Rusiya Federasiyası tərəfindən terror əməliyyatına bənzəyir”, çünki şəhərdə ukraynalı müdafiəçilərdən savayı uşaqlar, yaşlılar da var.

"Üçüncü tərəf"

Çərşənbə günü axşam Azov komandirinin müavini Svyatoslav Palamar videomüraciətində deyib ki, Azov döyüşçüləri Mariupoldan çıxmağa hazırdırlar, amma əsir düşməyə, ölənləri, yaralıları və silahları şəhərdə buraxmağa razı deyillər. O, üçüncü tərəfin dəstəyilə, öz silahları ilə çıxmağa, yaralıları evakuasiya etməyə, ölənləri Rusiya Federasiyasının nəzarətində olmayan ərazidə basdırmağa hazır olduqlarını deyib.

“Üçüncü tərəf” deyəndə kimi nəzərdə tutduğunu açıqlamayan Palamar mühasirədə olan qarnizonun vəziyyətini “ağır, demək olar kritik” adlandırıb. O daha öncə AzadlıqRadiosu-nun rus xidmətinə demişdi ki, Azovstal tamamilə bombalanıb, məhv edilib. Zavoda “ağır bombalar”ın atıldığını deyən komandir müavini dağıntılar altında insanların qaldığını söyləyib.

***

Rusiya qüvvələri Ukraynanın şərqində əməliyyatları gücləndirdiyi bir vaxtda Kiyev mühasirədə olan Mariupol şəhərində danışıqların “xüsusi raund”unu təklif edir. Rusiyanın bu şəhərdə qalan son əsgərlərə ultimatumunun vaxtı isə aprelin 20-də bitib.

Britaniya ordusunun aprelin 21-də yaydığı məlumata görə, Rusiya qüvvələri Donbasda Kramatorsk şəhərinə doğru irəliləyirlər, şəhər raket atəşinə tutulmaqdadır.

Müdafiə Nazirliyi Rusiyanın hava əməliyyatlarını yüksək səviyyədə saxladığını, Ukraynanın şərqindəki hücuma havadan dəstək verdiyini, Ukraynanın havadan müdafiə gücünü məhv etməyə çalışdığını bildirir.

Mariupolda danışıq aparmaq

Kiyevi və böyük strateji şəhərləri tuta bilməyən Rusiya indi hədəfinin Donetsk və Luqansk vilayətlərini bütünlükdə zəbt etmək olduğunu deyir. Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, Donbasdakı separatçıları dəstəkləməyə başlayıb.

Ukraynanın Rusiya ilə danışıqlarda əsas təmsilçisi, prezidentin müşaviri Mixaylo Podolyak isə ölkəsinin heç bir şərtsiz danışıqlara hazır olduğunu deyib.

Ukraynanın digər əsas təmsilçisi David Araxamiya Telegram-da yazıb ki, Poldolyakla birlikdə “hərbi qarnizonumuz və dinc sakinlərin çıxarılmasından ötrü Mariupola Rusiya ilə danışıqlara getməyə hazırıq”.

Araxamiya özünün və Podolyakın Mariupoldakı Ukrayna qüvvələri ilə daimi kontaktda olduğunu bildirib.

“Şəhərin müdafiəçiləri ilə bugünkü söhbətdə hərbi qarnizomuzun çıxarılması üçün yerində birbaşa danışıqlar aparmaq təklif olundu”, – o yazıb.

Kadırovun iddiası

Rusiyanın Çeçenistan respublikasının başçısı, Prezident Vladimir Putinin yaxın müttəfiqi Ramzan Kadırov isə iddia edib ki, Rusiya qüvvələri aprelin 21-də Mariupoldakı sonuncu müqavimət istehkamını ələ keçirəcəklər.

“Günorta yeməyindən öncə, yaxud sonra Azovstal Rusiya Federasiyası qüvvələrinin tam nəzarətinə keçəcək”, – qüvvələri Ukraynada vuruşan Kadırov deyib.

Azovstal polad zavodu ukraynalı döyüşçülərin və dinc sakinlərin istehkamına çevrilib.

Rusiya daha öncə münaqişəni bitirmək üçün Ukraynaya öz tələblərinin əks olunduğu sənəd layihəsi təqdim etdiyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, “indi top onların həyətindədir, cavab gözləyirik”. O, layihənin detallarını açıqlamayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski təklifi görmədiyini, onun barəsində eşitmədiyini söyləyib. Amma müşavirlərindən biri Ukraynanın sənədi nəzərdən keçirdiyini deyib.

Dörd avtobus çıxıb

Aprelin 20-də Mariupoldan 90 avtobusla 6 minədək sakinin çıxarılması planlaşdırılırdı. Şəhərdə 100 min dinc sakinin qaldığı bildirilir. Amma vilayət qubernatoru Pavlo Kirilenko deyib ki, Mariupola planlaşdırıldığından daha az avtobus gedib çıxıb, daha az adam evakuasiya olunub.

Baş nazirin müavini İrina Vereşçuk aprelin 20-də Mariupoldan dörd avtobusun çıxdığını, qadın, uşaq və yaşlıların evakuasiyasının bu gün də davam edəcəyini bildirib.

Vereşçuk daha öncə Rusiya qüvvələrini “nimzamsızlıq və səhlənkarlıq”da ittiham edib. Rusiya bu ittihamlara cavab verməsə də, daha öncə Mariupoldan humanitar dəhlizlərin alınmamasına görə Ukraynanı suçlayıb.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu isə aprelin 21-də deyib ki, indiyədək Mariupoldan 142 mindən çox dinc sakin çıxarılıb. Bu, Ukrayna rəsmilərinin bəyanatları ilə ziddiyyət təşkil edir. Rəsmilər müharibə başlayandan şəhərdən az sayda qaçqının çıxmasına icazə verildiyini bildirib.

Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG