Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:26

Kiyevə raket zərbələri endirilir


Obolonda tanklar
Obolonda tanklar

Ukrayna ordusu Rusiya qüvvələrinin şimaldan və şimal-şərqdən Kiyevə yaxınlaşdığını bildirir

Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Prezident Volodimir Zelenski Qərbdən kömək istəyir, açıqlanan sanksiyaların yetərli olmadığını deyir.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvada ölkəsinin, Ukrayna ordusu təslim olarsa, danışıqlara hazır olduğunu deyib. O, işğalçı qüvvələrin ölkəni “əsarət”dən xilas etmək istədiyini iddia edib.

Lavrov mətbuat konfransında deyib ki, Zelenski əlavə insan itkisini önləmək üçün Moskva ilə danışıqlara hazır olması haqda “yalan” danışır. Onun sözlərinə görə, “heç kəsin Ukraynanı işğal etmək planları yoxdur”.

Üç tərəfdən hücum

Kiyevdə hökumətin yerləşdiyi ərazi yaxınlığında atışma səsi eşidilib. Zelenski Rusiya qüvvələrinin əsgərlər və tanklarla üç tərəfdən irəlilədiyini, mülki əraziləri hədəf aldığını deyib.

Paytaxtın şimalındakı Obolon rayonunda Ukrayna və Rusiya qüvvələrinin toqquşmaları barədə xəbərlər gəlir.

Kiyev hakimiyyəti Obolon sakinlərinə “aktiv döyüşlər” səbəbindən küçəyə çıxmamaq göstərişi verib.

Ukrayna ordusu Rusiya qüvvələrinin şimaldan və şimal-şərqdən Kiyevə yaxınlaşdığını bildirir. Ordu rəsmilərinin Facebook-da yazdığına görə, rusiyalılar şimalda “dəf olunduqları” Çernigiv şəhərindən “yan keçərək” Kiyevə hücuma keçiblər.

Onlar həm də Rusiyanın nəzarətində olan Konotop şəhərindən Kiyevə doğru irəliləyirlər.

Kiyevdə silahlı mülki geyimlilər

Fevralın 25-də səhər Kiyevdə partlayış səsləri gəlib, 3 milyon əhalisi olan şəhərdə hava həyəcan siqnalı verilib. Əhalinin bir qismi metro stansiyalarına sığınıb.

AzadlıqRadiosu-nun müxbiri Kiyevin küçələrində mülki geyimli, AK-47 avtomatlı kişilər gördüyünü xəbər verir.

Ordu isə Kiyevin mərkəzindən 5 km şimalda rusiyalı casus və sabotajçı qrupunun göründüyünü bildirir.

Daha öncə Kiyevdən 60 km şimal-qərbdə yerləşən İvankovda ağır döyüşlərin getdiyi deyilirdi.

Zelenski Rusiya əsgərlərini ondan ötrü gəldiyini anladığını deyib, Kiyevdə qalacağına and içib. O, özünün bir nömrəli, ailəsinin isə 2 nömrəli hədəf olduğunu vurğulayıb.

Ukraynanı xəritədən silmək...

Rusiya qüvvələri fevralın 24-də sübh çağı işğala başlayıb. Prezident Vladimir Putin “xüsusi əməliyyat”da məqsədin Ukraynanın “de-militarizasiyası” olduğunu deyib.

Britaniyanın Müdafiə naziri Ben Vallas fevralın 25-də deyib ki, Rusiya Ukraynanı bütövlükdə zəbt etmək istəyir, amma işğalın birinci günündə Rusiya ordusu buna nail olmayıb.

Fransanın Xarici işlər naziri Jan-İv Lö Dryan isə Putini Ukraynanın dövlətçiliyini dağıtmaq cəhdində suçlayıb, Zelenskinin “təhlükəsizliyi”nə risk olduğunu deyib.

“Bu, total müharibədir. Putin… Ukraynanı ölkələr xəritəsindən silmək qərarı verib”, – Lö Dryan fevralın 25-də “France Inter” radiosuna deyib.

XS
SM
MD
LG