Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:50

Nümayəndələr Palatası Türkiyəni sanksiyalarla hədələyən qanun layihəsini qəbul etdi


ABŞ Konqresi
ABŞ Konqresi

ABŞ Nümayəndələr Palatası oktyabrın 29-da Türkiyəni sanksiyalarla hədələyən qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib.

Qanun layihəsində xəbərdarlıq edilir ki, Trump administrasiyası ilə Ankara arasında Türkiyənin Suriyanın şimalına müdaxiləsinə dair əldə olunmuş razılaşma NATO müttəfiqinin Suriyaya müdaxiləyə görə cəzalandırılmasını istisna etmir.

Bloomberg yazır ki, Türkiyə liderləri, Halkbank və başqa maliyyə təsisatları üzərinə sanksiyaların qoyulmasını və Türkiyə hərbiyyəsinin maliyyələşdirilməsinin qadağanını nəzərdə tutan sənəd Nümayəndələr Palatasından 403-16 nisbəti ilə keçib.

Xəbərdə bu da qeyd olunur ki, qanun layihəsinin palatadan veto qoyulmayacaq nisbətdə keçməsi prezident Donald Trump-ın ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarının millət vəkilləri arasında doğurduğu hiddəti göstərir.

Onlar bildirirlər ki, məhz Trump-ın bu qərarı Türkiyənin Suriyanın kürd qüvvələri tərəfindən nəzarət olunan ərazilərinə müdaxiləsinə yol açıb.

Qanun layihəsi habelə millət vəkillərinin vise-prezident Mike Pence və Türkiyə prezidenti Recep Tayyip Erdoğan arasında əldə olunmuş atəşkəs razılaşmasından kifayətlənmədiklərinin ifadəsi olub.

İndi prezident Trump Türkiyəyə qarşı sanksiyaları Konqresə məlumat verməklə hər dəfə 90 gün müddətinə dondura bilər. Amma bunun üçün Türkiyənin atəşkəsi pozmaması tələb edilir.

Respublikaçılar və demokratlar yekdildir

Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin sədri Eliot Engel deyib ki, prezident Trump Erdoğanın “əl-qolunu açıb”, amma Konqres Amerika hökumətinin əsl mövqeyini göstərməlidir.

Beləliklə, qanun layihəsinə görə Türkiyə Suriyada atəşkəsi pozarsa, ən sərt sanksiyalarla üzləşə bilər.

Lakin Erdoğanın sözçüsü Fahrettin Altun oktyabrın 29-da bildirib ki, “Türkiyəni sanksiyalarla hədələyən qanun layihəsi strateji müttəfiqliyin ruhuna birbaşa ziddir”.

Senat xarici İşlər Komitəsinin sədri Jim Risch bildirib ki, onun komitəsi demokrat senator Bob Menendezlə birlikdə buna bənzər qanun layihəsi təqdim edə bilər.

O bildirib ki, bu məsələdə demokrat və respublikaçı senatorlar yekdildir.

H.R. 4695 adlı qanun layihəsində bildirilir ki, Türkiyə rəsmilərinə sanksiyalar tətbiq oluna, onların ABŞ torpağına gəlmələrinə qadağan qoyula bilər.

Sənəddə Türkiyənin dövlət Halkbank bankına, habelə Suriyaya müdaxilənin maliyyələşdirilməsində iştirak etmiş maliyyə təsisatlarına qarşı da sanksiyalar tətbiq oluna biləcəyi bildirilir.

Layihə ABŞ administrasiyasını Türkiyənin Rusiyadan raket sistemləri aldığına görə Ankara üzərinə sanksiyaların qoyulmasına çağırır.

XS
SM
MD
LG