Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:49

Cənubi Koreya alimləri: Koronavirusa təkrar yoluxma mümkün deyil


Cənubi Koreyada yol yoxlamaları
Cənubi Koreyada yol yoxlamaları

Cənubi Koreya alimləri bildiriblər ki, koronavirusdan sağalmış şəxslərin təkrar yoluxmasına dair məlumatlar testlərin keyfiyyətsizliyi ucbatından yayılıb.

Sky News saytının verdiyi xəbərə görə Cənubi Koreya xəstəliklərə nəzarət və profilaktika mərkəzi mayın 1-də yeni bəyanatla çıxış edib.

Bu bəyanatda deyilir ki, COVID-19 virusunun insan orqanizmində təkrar aktivləşməsi mümkün deyildir.

İndiyədək Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma, 245 ölüm qeydə alınıb.

Bu ölkədə COVID-19 xəstəliyindən ölüm reyti 2, 3 faizdir. Bu, Dünya Səhiyyə Təşkilatının 3, 4 faiz orta rəqəmindən aşağıdır.

Bundan əvvəl xəbər verilmişdi ki, 277 pasient koronavirusdan sağaldıqdan sonra virusa ikinci dəfə yoluxub.

Belə hallar Çin və Yaponiyada da qeydə alınmışdı.

Bu COVID-19 virusunun ifrat sürətlə mutasiya etdiyinə və insanlarda xəstəliyə qarşı immunitet yaranmadığına dair narahatlıqlara səbəb olmuşdu.

İmmunitet pasportları

Lakin virusun genetik analizi onda insanın immun sistemindən yayınmasına imkan verəcək dəyişikliklərin yaranmadığını göstərib.

Alimlər qeyd edirlər ki, Dünya Səhiyyə Təşkilatının (DST) hökumətlərə vətəndaşlara “immunitet pasportları” verilməməsi barədə xəbərdarlığının bir səbəbi də bu idi.

DST belə bir nəticəyə gəlmişdi ki, hər hansı insanın orqanizmində anticismlərin qeydə alınması onun işə çıxmasının təhlükəsizliyinə dəlalət etmir.

Bir çox hökumətlər “immunitet pasportlarının” tətbiqi ilə karantinlərin qaldırılması mümkünlüyünü nəzərdən keçirirlər.

Bu sistemə görə qanında COVID-19 anticismləri tapılan şəxslərin yenidən işə çıxmasına icazə verilməlidir.

Ölü virusu diri virusdan ayırd etmək

DST özünün təlimatlarına düzəliş edərək bildirmişdi ki, COVID-19-dan sağalmış şəxslərdə dayanıqlı immunitetin yaranmasına dair dəlillər yoxdur.

İndi isə Cənubi Koreya alimləri deyirlər ki, qanda anticismlərin aşkar edilməsi üçün keçirilən polimeraz zəncir reaksiyası testləri qüsurlu ola bilər.

Cənubi Koreya mərkəzindən olan ekspertlər aşkar ediblər ki, xəstəliyə ikinci dəfə yoluxduqları bildirilən şəxslərin təkrar analizi yanlış olaraq pozitiv nəticə göstərib.

Alimlərin fikrincə, sadəcə olaraq bu testlər xəstəlikdən sağalmış pasientlərin qanındakı ziyansız ölü virusları canlı viruslardan ayırd edə bilməyib.

Daha bir şad xəbər – xroniki deyil

DST hələlik öz təlimatına düzəliş etməyib. Bu təlimata görə xəstəlikdən sağalan şəxslər onlarda virusa qarşı müdafiə yarandığından çox da əmin olmamalıdırlar.

Təşkilatın qənaətinə görə, belə əminliyin olması üçün daha təkmil test sisteminin yaradılmasına ehtiyac var.

Cənubi Koreya alimləri milyonlarla insana ümid işığı verəcək daha bir açıqlama ilə çıxış ediblər. Onlar bildiriblər ki, insan hüceyrələrinin nüvəsinə daxil olub orada təkrar aktivləşmə üçün latent qalan HIV və suçiçəyi viruslarından fərqli olaraq, koronavirus nüvəyə daxil olmur.

Doktor Oh Myoung-donun sözlərinə görə “bu, o deməkdir ki, koronavirus xroniki vəziyyətə keçmir”.

Alimlər bunu da xatırladırlar ki, koronavirus da gələcəkdə mutasiya edərək qrip virusu kimi insanlara təkrar yoluxa bilər.

Əksər ekspertlərin fikrincə belə dönüşdə virusların ölümcüllüyü xeyli zəifləmiş olur.

XS
SM
MD
LG