Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:36

Kosovoda antibiotiklərlə bağlı böyük problem...


AzadlıqRadiosunun Balkan xidmətinin müxbirinin Kosovoda reseptsiz ala bildiyi antibiotiklər
AzadlıqRadiosunun Balkan xidmətinin müxbirinin Kosovoda reseptsiz ala bildiyi antibiotiklər

Kosovonun paytaxtı Priştinada, aşağı-yuxarı, 8 avroya (uzağı, 16 manata) həm özünüzə, həm də uşağınıza tam kurs antibiotik ala bilərsiniz. Reseptsiz və sorğu-sualsız.

Qaydaya görə, reseptlə satılan bu cür dərmanların belə rahat əldə edilməsinin düzgün və qanuni olmadığını bilmək üçün tibb diplomuna sahib olmaq gərək deyil. Di gəl, apteklər cərimə risklərinə və mütəxəssislərin illərlə dünyada antibiotiklərə qarşı dirənişin güclənməsi haqda xəbərdarlığına məhəl qoymur. Beləcə, Kosovoda dövlətin antibiotiklərin qaçaq satışına son qoymaq cəhdləri nəticəsiz qalır.

Dərmanlara dözümlü infeksiyalardan hər il 35 min adam ölür

Antibiotiklərdən yanlış istifadə dünyada ciddi problem olan antimikrob müqavimətini (AMR) artırdığından mütəxəssisləri narahat edir. Bu problemin mahiyyəti ondan ibarətdir ki, get-gedə daha çox bakteriya, virus və parazitlər hətta ən güclü dərmanlara öyrəşir və onların təsirindən yan keçə bilir.

Avropa Xəstəliklər və Nəzarət Mərkəzi (ECDC) bildirir ki, təkcə Avropa Birliyi, İslandiya və Norveçdə hər il 35 mindən çox insan dərmanlara dözümlü infeksiyalardan ölür. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ötənilki proqnozuna görə, AMR ilə bağlı ölüm halları 2050-ci ildən ildə 10 milyona - xərçəng xəstəlikləri ilə eyni səviyyəyə çata bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu problemin artıq dünya səhiyyəsinə 10 başlıca təhlükə arasında olduğunu, hər il 4.9 milyon insanı öldürdüyünü, milyonlarla insanı da yoxsulluğa sürüklədiyini bildirir.

Antibiotiklərə qarşı dözüm formalaşdırmış belə hipergüclü bakteriya və viruslarla mübarizənin yeni yollarını tapmaq üçün baş sındıran mütəxəssislər eyni zamanda antibiotiklərdən mümkün qədər az yararlanmağa çağırırlar.

AzadlıqRadiosunun müxbirləri Arton Konuşevçi və Endi Haylın hazırladıqları materialda deyilir ki, Avropada bütövlükdə antibiotiklərdən istifadə xeyli azalıb.

Həkimlərdən biri AzadlıqRadiosuna deyib ki, həkimlərin xəstələr tərəfindən antibiotik yazmağa məcbur edilməsi halları olub.
Həkimlərdən biri AzadlıqRadiosuna deyib ki, həkimlərin xəstələr tərəfindən antibiotik yazmağa məcbur edilməsi halları olub.

Səhiyyə sisteminə inamsızlıq var

Kosovoya gəlincə, burada alimlər və yerli əczaçılar ölkənin bu problemi çözməkdən ötrü ciddi tədbirlər görməli olduğunu düşünürlər. Problemi ağırlaşdıran amillər arasında qanuna məhəl qoyulmaması, ixtisaslı əczaçıların yerinə texniklərin işə götürülməsi və səhiyyə sisteminə inamsızlıq da var.

Kosovo qanunlarına görə, apteklər yalnız reseptdə təsvir edilən dərmanı və yalnız reseptin yazılmasından sonrakı 3 gün ərzində sata bilər. Əksər antibiotiklərin reseptsiz satılmasını yasaqlayan qanunvericilik normaları və inzibati qaydalar mövcuddur.

Priştinada yerləşən bir klinikanın ailə təbabəti şöbəsinin müdiri Valdet Haşani deyir ki, elektron reseptlərin olmaması və milli Tibbi İnformasiya Sisteminin (TİS) gərəyincə çalışmaması ən məsuliyyətli əczaçını da qayda-qanuna uyğun sənəd tələb etməkdən çəkindirə bilər.

Onun sözlərinə görə, olur ki, simptomsuz xəstələr də həkimləri antibiotik yazmağa məcbur edir. Ancaq o belə halların nə qədər geniş yayıldığını bilmədiyini deyir: "Bizdə həkim və tibb bacılarının iş yerində döyülməsi halları da çox olur. Ancaq əksər xəstələr sadəcə xahiş edir".

Priştina Universitetinin professoru, mikrobioloq Lul Raka deyir ki, 2019-cu ildə hər üç həkim ziyarətindən biri antibiotik təyinatı ilə nəticələnirdi.

Kəmiyyət heç də keyfiyyət demək deyil?

1.8 milyonluq Kosovoda qeydiyyatdan keçmiş min 22 aptek var. Onlardan 166-sı paytaxtda, 856-sı ölkənin qalan yerlərindədir. Bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvü olan 38 ölkə üçün ortalama rəqəmdən iki dəfə çoxdur.

Ancaq kəmiyyət heç də keyfiyyət demək deyil. Piştaxta arxasında kimin durması sözügedən problemi dərinləşdirən amillərdən biri ola bilər. Kosovo Əczaçılar Palatasının üzvü Şkumbin Yusufi iddia edir ki, ölkədə əczaçı çatışmazlığı antibiotiklərdən bu qədər çox istifadənin əsas səbəblərindən biridir.

Əczaçılar əczaçılıq texniklərindən xeyli daha yaxşı təhsil görmüş olurlar. Onlar illərlə sürən təhsil zamanı dərmanların bədənə təsirlərini, mümkün yan təsirlərini və digər dərmanlarla reaksiyalarını öyrənirlər. Satış texniklərinin işi yalnız reseptdə yazılan dərmanı xəstəyə vermək olduğu halda, əczaçılar xəstəyə düzgün dərmanların yazılıb-yazılmadığına da fikir verməlidirlər. Texniklər reseptdə yazılan dərmanları hazırlayarkən bunu əczaçıların nəzarəti altında etməlidirlər.

XS
SM
MD
LG