Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:38

Kreml ‘Putin sarayının’ kimə məxsus olduğunu aça bilməyəcəyini deyir


Gelencik şəhəri yaxınlığında, İdokopas burnundakı dəbdəbəli saray
Gelencik şəhəri yaxınlığında, İdokopas burnundakı dəbdəbəli saray

Kreml israrla bildirir ki, Gelencik şəhəri yaxınlığında, İdokopas burnundakı dəbdəbəli saray Rusiya prezidenti Vladimir Putin və onun qohumlarına məxsus deyil.

Bununla yanaşı Kreml bildirir bu tikilinin kimin mülkiyyəti olduğuna dair informasiyanı aça bilməz, amma onun sahibləri “hansısa” sahibkarlardır.

Bu yaxınlarda bu saray haqqında Putinin özü də şərh verməli olub. Sarayın belə ictimai marağa səbəb olması isə onun barəsində müxalifətçi Aleksey Navalnının ötən həftə açıqlanmış təhqiqatında bəhs olunmasıdır.

Navalnının Antikorrupsiya Fondunun (AFK) çəkdiyi filmdə deyilirdi ki, saray Rusiya prezidentinin, onun çoxsaylı tanışları ilə görüşləri üçün dövlət korporasiyalarının və biznesin pulu ilə tikilib.

Navalnının bu filminə internetdə indiyədək on milyonlarla baxış olub.

Sarayı niyə xüsusi xidmətlər mühafizə edir?

AzadlıqRadiosunun Rus xidməti yazır ki, saray məsələsi yanvarın 26-da Kremlin sözçüsü Dmitri Peskovun həftəlik onlayn-mətbuat konfransında da qaldırılıb.

Bu konfransın mətnini Meduza qəzeti dərc edib.

Jurnalistlər Peskovun diqqətini belə bir məqama çəkiblər ki, təhqiqatda bu sarayın Putinə və ya onun qohumlarına məxsus olduğu iddia olunmur.

Amma bu da vurğulanıb ki, obyektin mühafizəsi Rusiyanın xüsusi xidmətləri tərəfindən həyata keçirilir və Putinə aidiyyəti olan başqa obyektlər kimi bu sarayın da üstündən bütün uçuşlar qadağan olunub.

Peskov jurnalsitlərə tövsiyə edib ki, bu barədə suallarını xüsusi orqanlara, o cümlədən Federal Təhlükəsizlik Xidmətinə (FTX) ünvanlasınlar.

Putin:Navalny-nın iddia etdiyi saray mənim deyil
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

“Nə deyirsiniz, hasara dırmaşaq?”

O bildirib ki, Kreml sarayın sahibi olan “sahibkarların” kim olduqlarını açıqlaya bilməz, çünki buna heç bir ixtiyarı yoxdur:

“Nədi, deyirsiniz biz xüsusi mülkiyyətin hasarına dırmaşaq. Siz bunu necə təsəvvür edirsiniz? Axı bu, mümkün deyil”.

AzadlıqRadiosu yazır ki, “Putinin sarayı” kimi tanınan obyekt sənədlərə görə Aksent şirkəti ilə bağlı hüquqi şəxsə aiddir.

Bu şirkət isə, Navalnının iddiasına görə Putinin qohumu Mixail Şelomova məxsusdur.

Amma jurnalistlər bunu da xatırladıblar ki, bu sarayın tikintisi zamanı müxtəlif xidmətlər göstərmiş bəzi şrkətlər də onu prezident rezidensiyası adlandırıblar.

Peskov bu barədə sualların isə həmin şirkətlərə ünvanlanmalı olduğunu deyib.

“Bəs onda kimindir” sualı

Putinin mətbuat katibinə verilən daha bir sual Navalnının həbsinə etiraz olaraq yanvarın 23-də keçirilmiş etiraz aksiyalarının iştirakçıları ilə dialoqun mümkünlüyü barədə idi. Bu suala cavab verərkən, Peskov bunun qeyri-mümkün olduğunu deyib.

Bu da maraqlıdır ki, Peskov etirazları “iğtişaş” adlandırıb, halbuki bu aksiyalarla bağlı heç bir cinayət işi qaldırılmayıb.

Peskov etiraza çıxanların hərəkətini “qanunsuz” adlandırıb və deyib ki, onlar “özlərini son dərəcə aqressiv aparırdılar”.

Vladimir Putin sözü gedən saray barədə suala tələbələrlə görüşü zamanı cavab verməyə çalışmışdı.

O demişdi ki, saray nə ona, nə də onun “yaxın qohumlarına” məxsus deyil.

Lakin göründüyü kimi “bəs onda kimindir” sualı indiyədək açıq qalır.

Navalnının təhqiqatında “Putinin sarayına” aid çoxsaylı informasiyalar cəmləşdirilib.

Bu obyektin prezident Putinə məxsusluğu barədə iddianı ilk dəfə 2010-cu ildə biznesmen Sergey Kolesnikov səsləndirmişdi.

Bundan başqa təhqiqatda tikintinin maliyyələşdirmə sxemindən, layihəsindən və dizaynından bəhs olunurdu.

XS
SM
MD
LG