Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:50

Lavrov Moskva görüşündə Qarabağ məsələsini gündəmə gətirib


Sergey Lavrov mayın 19-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirib (Arxiv fotosu)
Sergey Lavrov mayın 19-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirib (Arxiv fotosu)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da onun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyan arasında üçtərəfli görüşün nəticələri barədə bəyanatla çıxış edib.

Onun sözlərinə görə Azərbaycan və Ermənistan ən yaxın vaxtlarda Rusiyanın iştirakilə sərhədin delimitasiya və demarkasiyası komissiyasının iclasının keçirilməsi barədə razılığa gəliblər.

Lavrov deyib ki, Rusiya Federasiyası bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylər göstərəcək.

Məlumatda deyilir ki, Azərbaycan və Ermənistan nazirləri “Qarabağdakı təhlükəsizlik vəziyyəti yaxşılaşdırılmadan sülh müqaviləsi üzərində işin çətinləşdiyini qəbul ediblər”.

Bu da qeyd olunur ki, Dağlıq Qarabağ üzrə üçtərəfli işçi qrupun iclası gələn həftə keçiriləcək.

Lavrov bildirib ki, Azərbaycan və Ermənistan Moskvada keçirilən danışıqlarda “sülh müqaviləsinə ümumi baxışın anlaşılmasındakı mövqelərini” yaxınlaşdıra biliblər.

Mirzoyan: “Rusiya Laçın dəhlizinə nəzarət etmir”

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə, Ermənistan xarici siyasət idarəsinin başçısı bu görüşdə deyib ki, Yerevan 10 noyabr 2020-ci ilin üçtərəfli bəyanatına sadiq qalır, amma reallıqda vəziyyət başqa cürdür:

“Təəssüf ki, yerində vəziyyət başqa cürdür. Danışıqlara paralel olaraq biz Azərbaycan tərəfinin vəziyyəti mütəmadi olaraq eskalasiya etməsinin şahidi oluruq”.

Ararat Mirzoyan deyib ki, Azərbaycan Laçın dəhlizində yoxlama-buraxılış postu qurmaqla üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozub.

Mirzoyan vurğulayıb ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində qalmalıdır:

“Təəssüf ki, hazırda Rusiya Federasiyasının Laçın dəhlizinə nəzarət etdiyini qeyd etmək mümkün deyil”.

Lavrov: “Rusiyanın Cənubi Qafqazdan getmək niyyəti yoxdur”

Azatutyun yazır ki, Lavrov çıxışında Ermənistanın bu tənqidlərinə birbaşa cavab verməyib, amma deyib ki, Rusiyanın Cənubi Qafqazda ciddi maraqları var, bu regionda tarixi rol oynayıb və bu regiondan getmək niyyətində deyil.

O vurğulayıb ki, bu maraqlara bütün tərəflər ehtiram göstərməlidirlər.

Görüşün bağlı qapılar arxasında davam etdiyi xəbər verilir.

Ermənistanda əsgər valideynləri Paşinyanın oğlunu həqiqətən qaçırıb? - Detallar açıqlanır
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

Azərbaycan: “Saziş layihəsi üzərində işi davam edir”

Azərbaycan Xarici İşlər Nazirliyi də Moskva görüşləri ilə bağlı məlumatlar yayıb.

Bildirilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər:

“Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.”

Nazirlər həmçinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da ayrıca görüşlər keçiriblər.

Açıqlamaya görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Sergey Lavrovla görüşündə ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

XİN-in bildirməsinə görə, “Ceyhun Bayramov Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb”.

Ermənistan rəsmiləri isə bir qayda olaraq deyirlər ki, artıq Qarabağda silahlı qüvvələri yoxdur. Onların vurğulamasına görə, Qarabağın "müdafiə ordusu" onlara aid deyil.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır.

Xatırlatma

Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG