Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:42

Lavrov və Ayvazyan nədən danışıblar


Sergey Lavrov (sağda) Ara Aivazyanı qarşılayır
Sergey Lavrov (sağda) Ara Aivazyanı qarşılayır

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan dekabrın 7-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Rusiya XİN-in saytında dərc edilmiş məlumata görə bu görüşdə Lavrov Ermənistanda 1988-ci ildə baş vermiş zəlzələnin ildönümü münasibətilə kədərini bildirib.

Rusiya naziri yada salıb ki, “insanın törətdiyi fəlakətlər” təəssüf, daha tez-tez baş verir:

“Biz Dağlıq Qarabağ münaqişəsinin qaynar fazasından çıxmaqdayıq”.

Lavrov deyib ki, müharibənin və qan tökülməsinin qarşısının alınmasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları birgə bəyanat müstəsna rol oynayıb:

“Biz kommunikasiyaların – təsərrüfat və nəqliyyat kommunikasiyalarının açılması barədə razılığa gəlmişik. Bununla da biz Cənubi Qafqazın ziddiyyətlər regionundan burada yaşayan xalqlar naminə stabillik və çiçəklənmə regionuna çevrilməsi üçün real şərait yarada bilərik”.

Əsirlər həssas məsələdir

Lavrov vurğulayıb ki, Rusiya sülhməramlıları öz məsuliyyətləri zonasında əhali ilə fəal əməkdaşlıq edir, qaçqınların qayıtmasına dəstək verir, əraziləri minalardan təmizləyir, Dağlıq Qarabağ sakinlərinə tibbi yardım göstərirlər:

“Erməni və Azərbaycan tərəflərinin sıx əlaqəsi şəraitində humanitar dəstək mərkəzi yaradılır. Biz burada dinc həyatın bərpa olunması üçün öz resurslarını, təcrübə bə potensiallarını qoymağa hazır olanbeynəlxalq təşkilatların fəaliyyətini hər vəchlə dəstəkləyirik”.

Rusiya naziri qeyd edib ki, Moskva bu məqsədlə uzun illər Bakı, Yerevan və Xankəndi ilə işləyən Beynəlxalq Qırmızı Xaç Komitəsinin büdcəsinə birdəfəlik pul vəsaiti köçürüb:

“Ən mühüm məsələ hərbi əsirlərin dəyişdirilməsidir. Biz öz sülhməramlılarımızın dəstəyi ilə bu prosesin tezliklə başa çatmasına çalışacağıq. Biz, bunun əsir düşənlərin qohumları, yaxınları, dostları üçün nə qədər həssas məsələ olduğunu bilirik. Sözsüz ki, həlak olanların meyitlərinin dəyişdirilməsi bu problemin çox həssas bir hissəsidir. Bunu mümkün qədər tez həll etmək lazımdır”.

Ermənistan mənbələrinin yazdığına görə Ara Ayvazyan da hərbi əsirlər və itkin düşənlər məsələsinin çox həssas olduğunu bildirib.

Ermənistanın Arminfo agentliyi bildirir ki, bu görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ara Ayvazyan Rusiyanın “Dağlıq Qarabağ xalqına qarşı Azərbaycan-Türkiyə təcavüzünün” dayandırılmasında əsas rol oynadığını xatırladıb.

Ayvazyan bildirib ki, regionda Rusiya sülhməramlılarının olması sabitlik və əmin-amanlığın bərpa olunması üçün şərait yaradır.

Müxalifət Paşinyana dekabrın 8-dək vaxt verdi
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Ayvazyan yenə muzdlulardan danışıb

Ermənistan naziri deyib ki, Rusiya sülhməramlılarının mövcudiyyəti “Azərbaycan və onun regional sponsoru Türkiyə və onların muzdluları olan xarici terrorçuların mümkün təxribatına qarşı qarantiyadır”.

Azərbaycan və Türkiyə Dağlıq Qarabağ bölgəsinə muzdluların gətirilməsinı dair iddiaları bundan əvvəl qətiyyətlə rədd ediblər.

Azərbaycan prezidenti İlham Əliyev bir çox çıxışlarında belə iddiaları irəli sürənlərin sübut göstərmədiklərini vurğulayıb.

Moskva görüşündə Ayvazyan bir daha xatırladıb ki, Ermənistan əsirlərin “hamını-hamıya” prinsipilə dəyişməyə hazırdır.

Rəsmi Bakı belə bir prinsipə tərəfdar olduğunu Yerevandan əvvəl bəyan etmişdi.

Ara Ayvazyan habelə Azərbaycan tərəfindəki əsirlərlə pis rəftar edildiyini dilə gətirib.

Azərbaycan tərəfi bundan əvvəl erməni əsirlərə qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bəyan edib və bildirib ki, əksinə Ermənistan tərəfi əsirlərlə pis rəftar edir və onların “gizlədilməsi” yolunu tutub.

Bu yaxınlarda buna bənzər iddiaları Human Rights Watch insan haqları təşkilatı da irəli sürmüşdü.

Beynəlxalq təşkilatlar əsirlərlə pis rəftarın hər iki tərəfdə baş verdiyini bildirirlər.

XS
SM
MD
LG