Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:50

Gəndov - dağın qoynu, problemlərin mərkəzi... 


Azərbaycan, Lerik, Gəndov kəndi, 21 sentyabr 2017
Azərbaycan, Lerik, Gəndov kəndi, 21 sentyabr 2017

"Taxtadan işıq dirəkləri torpağa 1967-ci ildə basdırılıb. Çoxdan çürüyüb, çoxunu dəfələrlə külək aşırdıb. Elə vaxt olub ki, uşağı dirəyin altından dartıb çıxarmışıq. Bir az külək əsəndə kəndimiz həftələrlə işıqsız qalır. Ancaq dərdimiz təkcə bu deyil".

“ÇINQIL DA OLSA, BƏSİMİZDİR”

Lerikin Gəndov kəndi rayon mərkəzindən 36 kilometr aralıda, dağların qoynunda yerləşir. Kənd sakinləri AzadlıqRadiosu-na danışırlar ki, Gəndov gözəl məkanda yerləşsə də, problemlərin məngənəsində sıxılır.

Buna da bax: Biləvərlilər: 'Yollara ayrılan pullar məmur balalarının bahalı həyatına xərclənir'

Kənd sakini Yalçin Məmmədli deyir, ən ciddi problemlərdən biri yolla bağlıdır. Gəndov kəndi Lerik-Noda-Xanagah asfalt yolundan 1 kilometr aralıdadır. Ancaq ümumi yol çəkiləndə sakinlərin xahişlərinə baxmayaraq, bu kəndin 1 kilometrlik yoluna heç çınqıl da tökülməyib:

"Yağışlar başlayıb, uşaqların məktəbə gedən vaxtıdır, o yolu əziyyətlə, "sapoq"la gedib gəlirlər. Biz asfalt istəmirdik ki, deyirdik, çınqıl da olsa, bəsimizdir. Onu da bizə çox gördülər. Kənd yolları elə vəziyyətdədir ki, qar yağanda ölülərimizi günlərlə dəfn edə bilmirik. Tabutqarışıq yollarda yıxılıb qalırıq".

Azərbaycan, Lerik rayonu, Gəndov kəndi, 21 sentyabr 2017
Azərbaycan, Lerik rayonu, Gəndov kəndi, 21 sentyabr 2017

“HEÇ ARTEZİAN QUYUSU DA QAZMIRLAR”

Kənddə içməli su da yoxdur. İnsanlarla bərabər mal-qara, quşçuluq təsərrüfatları, əkin sahələri, meyvə bağları yay-qış susuzluqdan zərər çəkir. Kənd sakini Şakir Təhməzov deyir, məmurlar istəsələr, kənddə su problemi bir gündə həll olunar:

"Bizim kəndlə müqayisədə daha uzaqda yerləşən Züvücdə də su problemi həll olundu. O kəndə dövlət hesabına su xətti çəkildi. Bizdəsə heç artezian quyusu da qazmırlar. Su üçün aşağı kəndlərə üz tuturuq. Ömrümüz-günümüz uzaqlardan su daşımaqla keçir".

Kəndə qaz verilməməsi bir tərəfə, üstəlik, yerli hökumət qurumlarından kəndlilərə odun qadağası da var. Qışqabağı odun tədarükü görmək istəyən kəndlilər "odunu hardan əldə etməli" sualı qarşısında qalıblar. Meşədən doğramaq qadağandır, bu işlə məşğul olan xüsusi adamlarsa (kəndlilərin iddiasına görə, belə adamların arxasında məmurlar dayanır) odunu iki-üç qat baha qiymətə təklif edirlər.

Buna da bax: İmişlidə 'Asan həyat' tikənlərin həyatı necə 'çətinə' düşüb

“KƏNDDƏ TİBB MƏNTƏQƏSİ YARADILSIN”

Sakin Nərgiz Hüseynova:

"Hələ bunlar harasıdır, bizim tibb məntəqəsi və məktəb dərdimiz da var. Gəndovda tibb məntəqəsinin, ilkin tibbi yardımın olmaması üzündən faciə yaşayan ailələr var. Bir neçə insan vaxtında yardım göstərilmədiyi üçün ürək tutmasından vəfat edib. Səhiyyə Nazirliyinə, yerli icra hakimiyyətinə müraciət etmişik ki, kənddə tibb məntəqəsi yaradılsın. Birinin sancısı, ağrısı tutanda dağın başından düşürüb rayon mərkəzinə çatdırınca gec olur".

Və məktəb problemi... Nərgiz Hüseynova deyir, əslində bu problemi elə məmurlar yaradıblar:

"Kənddə orta məktəb vardı. Gəndovdan 800 metr aralıda yerləşən Bülüdül kənd orta məktəbi fəaliyyət göstərirdi. Məktəbin orada yerləşməsi bizim işimizə yarayırdı. Çünki bizə daha yaxın məsafədə idi. Etirazlarımıza baxmayaraq, o məktəbi sökdülər, aparıb Bülüdül kəndinin mərkəzində tikdilər. Bizim uşaqlar məktəbsiz qaldı. İndi yağışda, qarda uşaqlar 3 kilometr o tərəfə, 3 kilometr bu tərəfə yolu piyada qət edirlər, Bülüdül məktəbinə gedib-gəlirlər".

“HÖKUMƏT SAKİT OTURMUR”

Lerikin icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, kəndlərdəki sosial problemlərin həlli üçün müxtəlif layihələr həyata keçirilir. Onlarla kəndin qaz, işıq, su, yol problemi həll olunub. Bu yaxınlarda daha bir neçə kəndə mavi yanacaq verilişi baş tutacaq:

Azərbaycan, Lerik rayonu, dekabr 2011
Azərbaycan, Lerik rayonu, dekabr 2011

"Hökumət sakit oturmur, kəndlərdəki problemlər araşdırılır, tədbirlər görülür. Gəndov da belə kəndlərdən biridir, sadalanan problemlərsə daimi deyil".

Kənd sakinlərinin deməsinə görə, məhz sadalanan bu sosial problemlər üzündən kənd yarıbayarı boşalıb. Adamlar həyatlarını davam etdirməyə başqa yerlərə köç edirlər. Ancaq gəndovlular bu vəziyyətlə barışa bilmirlər. Onlar düşünürlər ki, bir az da belə davam etsə, kənddə heç kəs qalmayacaq və kənd xarabalığa çevriləcək.

Gəndovlular ölkə başçısına da müraciət ediblər.

XS
SM
MD
LG