Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:22

ABŞ-ın Müdafiə naziri Tbilisidə əməkdaşlıq razılaşması imzalayıb


Lloyd Ostin
Lloyd Ostin

Nazir Ukrayna və Rumıniyaya gedəcək, daha sonra oktyabrın 21-22-də Brüsseldə NATO-nun Müdafiə Nazirləri toplantısına qatılacaq

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin gürcüstanlı həmkarıyla iki ölkə arasında təhlükəsizlik əməkdaşlığının inkişafı üzrə ilkin razılaşma imzalayıb. Pentaqon rəhbəri bunu “ikitərəfli təhlükəsizlik əməkdaşlığımızda yeni mərhələ” adlandırıb, “Birləşmiş Ştatların Gürcüstana dəstək öhdəliyini nümayiş etdirdiyini” deyib.

Rusiyanı qəzəbləndirə biləcək memorandumun detalları açıqlanmır. Amma Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze onu “çox vacib sənəd” adlandırıb, müdafiə sahəsində Birləşmiş Ştatlarla əməkdaşlığın yeni səviyyəsinə yol açacağını deyib.

***

“Birləşmiş Ştatlar Gürcüstanın müdafiəsini möhkəmləndirməsinə və Avroatlantik inteqrasiyasını irəli aparmasına köməyə hazırdır və buradakı görüşlərimi səbirsizliklə gözləyirəm”, – Ostin Tbilisi Beynəlxalq Aeroportuna çatandan sonra tvitində yazıb.

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan deyib ki, “Gürcüstanın təhlükəsizliyi və sabitliyinin gücləndirilməsindən ötrü” tərəflərin nə edə biləcəyi müzakirə olunacaq.

***

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin Gürcüstan paytaxtı Tbilisiyə gəlib. Qara Dəniz regionuna səfərin məqsədi “Rusiyanın təcavüzü”nə qarşı müttəfiq və tərəfdaş ölkələrə dəstək nümayiş etdirməkdir.

Ostin oktyabrın 18-də səhər Tbilisiyə çatıb. Sonuncu dəfə Pentaqon rəhbəri 2014-cü ildə bu ölkədə olub.

Nazir Ukrayna və Rumıniyaya gedəcək, daha sonra oktyabrın 21-22-də Brüsseldə NATO-nun Müdafiə Nazirləri toplantısına qatılacaq.

NATO-ya tərəfdaş ölkə

“Biz Rusiya təcavüzünün ön cəbhəsində olan ölkələrin suverenliyinə təminat və güc veririk”, – Müdafiə Departamentinin aparıcı rəsmisi oktyabrın 17-də deyib.

NATO-ya tam üzv olmağa çalışan Gürcüstanın rəhbərliyi bu səfəri alqışlayır. Gürcüstan hazırda NATO-ya tərəfdaş ölkədir.

2008-ci ildə Rusiya və Gürcüstan arasında qısa müharibə olub. Bundan sonra Rusiya hərbçiləri Gürcüstanın Cənubi Osetiya və Abxaziya regionlarından çıxmayıb. Moskva Gürcüstanın NATO-da statusunun hər hansı formada yüksəldilməsinə qarşıdır.

İyulda Birləşmiş Ştatlar daxil olmaqla 15 müttəfiq və tərəfdaş ölkədən 4 minədək hərbçinin iştirakıyla Gürcüstanda birgə hərbi təlimlər keçirilib.

Əfqanıstandakı müharibəyə dəstək

ABŞ rəsmiləri indiyədək Gürcüstanın NATO-ya potensial üzvlüyü barədə müsbət danışıblar.

Ostin Baş nazir İrakli Qaribaşvili, Müdafiə naziri Cuanşer Burçuladze ilə danışıqlarda Gürcüstanın Əfqanıstanda 20 illik müharibədə Qərbə dəstəyini dəyərləndiriləcək.

2004-2021-ci illərdə ABŞ-ın Əfqanıstandakı koalisiyasında 20 minədək gürcüstanlı əsgər iştirak edib. 32 hərbçi həlak olub.

Müdafiə Departamentinin məlumatına görə, Ostin Gürcüstan liderləri ilə görüşündə bu ölkənin “suverenliyi və ərazi bütövlüyünə dəstək bildirəcək, regional və qlobal təhlükəsizlik məsələlərinin həllində ABŞ-Gürcüstan strateji tərəfdaşlığının vacibliyini vurğulayacaq. Liderlər ikitərəfli təhlükəsizlik əməkdaşlığını müzakirə edəcək, Qara dənizdə daha geniş regional əməkdaşlığa çağıracaqlar”.

XS
SM
MD
LG