Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:44

Rüfət Aslanlıya inanıb-inanmamaq dilemması


Rüfət Aslanlı
Rüfət Aslanlı

“Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin – red.) gündəliyində bir və ya bir neçə bankın bağlanması kimi məsələlər yoxdur. MBNP Direktorlar Şurasının sədri Rüfət Aslanlı belə deyib və qurumun başlıca məqsədinə diqqət çəkib: "Əsas məqsədimiz maliyyə sektorunun dayanıqlığını təmin etməkdir. Bu çərçivədə bir neçə bankın lisenziyasını geri çağırdıq, həmin banklarda yerləşdirilən qorunan əmanətlərin kompensasiya ödənişlərini apardıq. Əslində, bu bankların lisenziyalarının geri çağrılması məqsəd deyildi. Bu qərardan öncə onların səhmdarları ilə yetişməyən kapitalın bərpası ilə bağlı danışıqlar aparıldı. Təəssüf ki, səhmdarlar lazımi səviyyədə kapitallaşmanı təmin edə bilmədi. Bununla yanaşı, kapital çatışmazlığı olan bir neçə bank da vardı ki, onlar lazımi səviyyədə kapitallaşmanı təmin etdi”.

“Bir neçə cəhd olundu...”

Palata rəhbərinin fikrincə, "Bank Standard"ı istisna hal saymaq olar: “Bilirsiniz ki, bu bankın sağlamlaşdırılması ilə bağlı bir neçə cəhd olundu. Amma bu cəhdlər uğursuz olduğuna görə, bankın lisenziyası geri çağrıldı. Bu bankda yerləşdirilən qorunan əmanətlərin kompensasiyası davam edir. Artıq təxminən 8 min 600 əmanətçiyə 380 milyon manat həcmində kompensasiya ödənilib".

Buna da bax: Rüfət Aslanlı: İnsanları cəzalandırmırıq, intizamlı olmağa dəvət edirik

MBNP rəhbərinin bu ilin mayındakı proqnozu özünü doğrultmadığından, bir çox ekspert onun budəfəki açıqlamasına da şübhəylə yanaşır. Palata sədri may ayında demişdi ki, ki, hər hansı bankın bağlanması gözlənmir. Bunun əksini düşünən ekspertlər haqlı çıxdılar. Əmanət həcmi baxımından ölkənin 2-ci böyük bankı olan “Bank Standard”ın lisenziyası sentyabrın 30-da əlindən alındı.

Bu dəfə də belə olacaqmı? Banklardan birinin hətta kiçik ödənişləri də ödəmə qabiliyyəti olmadığını iqtisadçı ekspert Vüqar Bayramov gündəmə gətirib.

Buna da bax:​ Rüfət Aslanlı: 'Marjanı pozanlar cəzalanacaq'

“MBNP, ya yaxın zamanlarda həmin bankın lisenziyasını ləğv etməli, ya da...”

İş etikası baxımından həmin bankın adını AzadlıqRadiosu-na açıqlamayan ekspert deyir ki, monitorinq və müraciətlər sözügedən bankın hətta cari hesablardakı kiçik məbləğdə ödənişləri belə mərhələli şəkildə ödədiyini üzə çıxarıb: “Deməli, MBNP, ya yaxın zamanlarda həmin bankın lisenziyasını ləğv etməli, ya da onun digər banka birləşməsini sürətləndirməlidir”.

Vüqar Bayramov bildirir ki, əslində, bankların lisenziyasının ləğv edilməsinə deyil, onların birləşməsinə ehtiyac var. Bu halda heç bir əmanətçi prosesdən ziyan görməz: “Təəssüf ki, bankların konsolidasiyasını dəfələrlə təklif etsəm də, Azərbaycan Mərkəzi Bankı (AMB) problemli bankları birləşdirməkdən ötrü üçün həvəsləndirici və yönəldici iş aparmır”.

Buna da bax:​ Vahid Əhmədov: 'Banklar əhaliyə yalvarmalıdır, əhali banklara yox'

“Dollarla kreditlərə güzəştlər...”

Ekspertin fikrincə, bank sektorunda ilk beşliyə daxil olan “Bank Standard”ın iflası bank sisteminə daha fərqli yanaşmanı bir daha aktuallaşdırıb: “Aydındır ki, bankların lisenziyalarını mərhələli şəkildə ləğv etmək, heç də bank sektorundakı problemlərin həlli kimi qəbul edilə bilməz. Əvvəllər də təklif etdiyim kimi, banklardakı problemli aktivlərin və kreditlərin idarəedilməsi və sağlamlaşdırılması üçün ABŞ-da olduğu kimi, xüsusi proqramın hazırlanıb-tətbiq edilməsinə ehtiyac var”.

Vüqar Bayramov bank sektorunun sağlamlaşdırılması baxımından, dollarla kreditlərə güzəştləri çox vacib sayır: “Bank sektorundakı problemlərə, birmənalı şəkildə, kompleks yanaşma həyata keçirilməlidir ki, neft bumu zamanı “yağışdan sonra göbələklər” kimi artan bankların postneft dövründə müflisləşmə prosesi dayansın”.

XS
SM
MD
LG