Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:42

'Böyük ehtimalla, manatın kəskin ucuzlaşmasına qərar veriləcək'


"Manat". Karikatura. Gündüz Ağayev.
"Manat". Karikatura. Gündüz Ağayev.

Azərbaycan manatı hər gün dollar qarşısında dəyər itirir. Amerika Federal Ehtiyat Sisteminin (FED-in) rəhbəri Cannet Yellen də faiz artıracaqlarına eyham vurur. Olası artımın manata necə təsir göstərəcəyi ayrıca sual doğurur.

Bank məsələləri eksperti Əkrəm Həsənov AzadlıqRadiosu-na müsahibəsində bankların durumundan, manatın taleyindən danışıb. Ekspert FED-in mümkün faiz artımı qərarının söhbətə başlayıb:

– ABŞ-ın yeni seçilmiş prezidentinin iqtisadi proqramı inflyasiyanı qaçılmaz edir. İnflyasiya ilə mübarizənin əsas alətlərindən biri isə məhz faiz dərəcəsinin artırılmasıdır. Buna görə də FED-in dərəcəni artırması nəinki qaçılmazdır, hətta gözlənildiyindən də çox ola bilər. Üstəlik, dekabr artımı ilə iş bitməyəcək, yaxında yenə artacaq. Faiz dərəcəsinin artması dolların hər yerdə bahalaşması deməkdir. Amma bir iş var ki, neft və qazdan asılı ölkələrdə, o cümlədən Azərbaycanda dollar daha kəskin bahalaşacaq. Bizdə manat da dəyərdən düşür, axı. Belə olsa, dollar bizdə yaxın aylarda 2 manatdan baha olacaq.

Buna da bax:​ FED-in dekabrda faiz artırma ehtimalı 70 faizdir

– FED-in faiz artımına getməsi dolların öz vətəninə - ABŞ-a qayıtması deməkdir. Bu halda dolları Azərbaycanda “saxlamaq” üçün nələr edilməlidir?

Əkrəm Həsənov
Əkrəm Həsənov

– Dolları Azərbaycanda “saxlamaq” üçün, ilk növbədə, yerli tələbatı ödəyə bilən qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Biz bu gün adi ərzaq məhsullarını da xaricdən gətiririk və təbii ki, dollarla. Yerli istehsalımız, kənd təsərrüfatımız olsa, neft və qazdan başqa xaricə nəsə satmaq bir yana, heç olmasa, özümüzü təmin edək. Bu halda neft və qazdan gələn gəlir ölkədə qalacaq və manatın məzənnəsi sabitləşəcək. Amma yerli istehsalı kağız üzərində olan proqramlarla inkişaf etdirmək mümkün deyil. Bu yolu SSRİ dövründə keçmişik artıq. İnzibati-amirlik üsulu ilə səmərəli iqtisadiyyat qurula bilməz. Bundan ötrü əlverişli hüquqi mühit və düzgün vergi-gömrük siyasəti olmalıdır. Qanunların işləmədiyi, məhkəmələrin qeyri-obyektiv olduğu cəmiyyətdə sahibkar sərmayə qoymaqdan qorxar. Biz sərmayəni Gürcüstana, Türkiyəyə qoyuruq. Niyə? Çünki orada sahibkarın məhkəmə sisteminə inamı var. Bizdə isə yoxdur. Məhkəmə sistemini savadsızlıq və korrupsiya bürüyüb.

Buna da bax: 'Siyasi faktor aradan qalxsa, dollar 1.90-1.95 manat olacaq'

– Mərkəzi Bank (AMB) davamlı olaraq dolların məzənnəsini artırır. Baş bank nə etmək istəyir? Niyə manatın real dəyərini elan etmir?

– Real dəyəri elan etsə, bankların xeyli hissəsi müflis olacaq, çünki onların verdiyi kreditlərin mütləq əksəriyyəti dollardadır. Onsuz da hazırda krediti ödəyən azdır. Manat üçüncü devalvasiyaya məruz qalsa, heç ödəyən olmayacaq və banklar çökəcək. Digər tərəfdən, baş bank cari məzənnə ilə də dollar satmaq istəmir, çünki ehtiyatları azalır. Neft Fondu da eyni səbəbdən satmaq istəmir. Buna görə pat vəziyyəti yaranıb və iqtisadiyyatımız iflic durumuna yaxınlaşır. Təcili qərar vermək lazımdır. Yəqin ki, yaxında veriləcək və böyük ehtimalla, qərar manatın kəskin ucuzlaşması olacaq.

– Bankların əksəriyyəti dollar satışını dayandırıb. Bu halda xarici ticarətlə məşğul olanlar bir yana, ödənişi olanlar nə etsin?

– Banklara dollar ödənişi olan hər bir halda cari məzənnə ilə - manatla da ödəyə bilər. Amma xaricə ödənişi olanların yeganə yolu qara bazardır. Onları həmin yola vadar edən açıqladığı məzənnə ilə banklara yetərincə dollar satmayan AMB-dir.

Buna da bax:​ Daha 5 bankın dollar satışını dayandırdığı bildirilir

– Yeri gəlmişkən, millət vəkili Vahid Əhmədov deyib ki, bankların bağlanma səbəblərindən biri də birləşə bilməmələridir. Sizcə, banklar niyə birləşə bilmir?

– Necə ki, QİÇS (AİDS) və sifilis xəstələrini evləndirmək olmaz, bizim “xəstə” banklarımız da artıq birləşməyə yararlı deyil. Üstəlik, şəffaf deyillər, xeyli gizli pozuntu və əliəyrilikləri var. Bir-birinə etibar etmirlər bu şəraitdə. Biri digərini aldatmaq istəyir. Məsələn, problemli kreditlərinin həcmini xeyli aşağı göstərirlər. Birləşəcəyiniz şəxsin həqiqi problemlərini bilmirsinizsə, onunla necə birləşə bilərsiniz? Bu banklar bağlanmalı, sahib və rəhbərləri məsuliyyətə cəlb olunmalıdır. Birləşmədən keçib artıq.

Buna da bax: ​IMF: Azərbaycan qısa zamanda bank sistemini təmizləməlidir

– Demək, bankların bağlanması gündəmdən çıxmayıb?

– Birmənalı. Bizi hələ bir neçə bankın da müflisləşməsi gözləyir. Vəziyyətləri çox ağırdır. Sahib və rəhbərləri yeyib-dağıdıblar. Üstəlik, ödəniş qabiliyyəti olmayan əhali və sahibkarlar da borclarını ödəyə bilmir. Belə şəraitdə əksər banklarımız çox davam gətirməz və çökər.

XS
SM
MD
LG