Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

'Yüz ilin tənhalığı' Latın Amerikasını yenidən tanıtdı


Gabriel Garcia Marquez, 6 mart 2014
Gabriel Garcia Marquez, 6 mart 2014

Kolumbiyalı jurnalistin fikrincə, "Yüz ilin tənhalığı" romanı Latın Amerikasına real siyasi təsir göstərib

Kolumbiyalı jurnalist Felipe Restrepo Pombo-nun fikrincə, Gabriel García Márquez-in "Yüz ilin tənhalığı" romanı Latın Amerikasına real siyasi təsir göstərib.

Müəllifə görə, Latın Amerikası, az-çox da olsa, "Yüz ilin tənhalığı" romanının birinci abzasında təsvir olunan xəyali yerə bənzəyir: “Dünya o qədər yeni idi ki, bir çox şeylərin hələ adı da yox idi və onlardan danışmağın üçün barmaqla göstərməyin lazım gəlirdi".

Təbii ki, Gabriel García Márquez bu məşhur romanı yazanda qitə yeni tapılmamışdı. XV-XVI əsrlərdə Cronistas de Indias (“Hindistan xronoloqları” - Amerika qitəsi yeni kəşf olunanda avropalılar Hindistana gəldiklərini düşünərək, Yeni Dünyanı bir müddət "Hindistan" və "Qərbi Hindistan" adlandırıblar - tərc.) kimi tanınan müəlliflər yeni torpaqları təsvir edib, özlərinə tanış olmayan, ilk dəfə gördükləri şeylərə ad qoyublar.

Buna da bax: G.Marquez'in Sovet İttifaqından müşahidələri

Amerikanın 2-ci dəfə kəşfi?

"On illər sonra García Márquez Amerikanı ikinci dəfə kəşf edib. O, Mexiko şəhərindəki kiçik birotaqlı mənzilində səbrlə çap makinasında yazarkən, qitənin mənşəyini yenidən anlayıb və beləcə, onun gələcəyini həmişəlik dəyişib", - məqalə müəllifinin sözləridir.

Azərbaycan, Gabriel Garcia Marquez-in Azərbaycan dilinə çevirilmiş əsərləri
Azərbaycan, Gabriel Garcia Marquez-in Azərbaycan dilinə çevirilmiş əsərləri

Latın Amerikası XX əsrin ikinci yarısında eniş-yoxuşlu dövr yaşayıb. Çili, Kolumbiya və Meksika kimi ölkələr qeyri-sabitlik, diktatura və siyasi zorakılıqla çarpışmaq məcburiyyətində qalıb. Nəticədə, gözlənilməz və çaşqınlıq doğuran siyasi dəyişikliklər baş verib. Onlardan biri də Ernesto Che Guevara və Fidel Castro-nun rəhbərlik etdiyi Kuba inqilabıdır.

García Márquez bu nəhəng “dastan”ın ilk hissələrini yazarkən, Kubada olub-bitənlərdən riqqətə gəlir. Onu ən çox heyrətləndirən Qərb yarımkürəsində ABŞ-ın təzyiq və tələblərindən uzaq, yeni düzənin mümkünlüyü idi. Bir çox ziyalı, o cümlədən Mario Vargas Llosa, Jean-Paul Sartre, Albert Camus və Simone de Beauvoir da García Márquez-in coşqusunu bölüşsə də, sonrakı illərdə onların çoxu məyus olaraq Kuba modelindən uzaqlaşıb.

Buna da bax: Marquez-in 60 min dollarlıq romanı oğurlandı

"Ancaq "Yüz ilin tənhalığı" romanının tonuna Kuba inqilabının güclü təsiri danılmazdır: bu inqilab García Marquez-ə Latın Amerikasının taleyi ilə bağlı ümid vermişdi", - jurnalist belə yazır.

“Dünya ədəbiyyatını yenidən müəyyənləşdirən kitab”

Bu gözəl əsəri yaratmaq asan olmayıb. Yazıçı həyat yoldaşı Mercedes və iki oğlu Rodrigo və Gonzalo ilə birlikdə Mexikoda yaşayırdı. García Márquez-in Kolumbiyanın sağçı hökuməti ilə münasibətləri yaxşı olmadığından, onlar vətənlərini tərk etməli olmuşdular. Mexikoya yerləşməzdən öncə yazıçı Karakas, Paris və Barselonada yaşamışdı. O, bütün bu müddət ərzində dünya şöhrətli roman müəllifi olmaq arzusunda idi. İspandilli qəzet və dərgilərin beynəlxalq müxbiri kimi aldığı kiçicik məvacib ailəsinə yetmirdi. Onun daha öncə işıq üzü görən kitabları çox təriflənsə də, ticari baxımdan uğurlu olmamışdı.

Gabriel García Márquez, writer, 19 mart 2009
Gabriel García Márquez, writer, 19 mart 2009

“Bu, təkcə Latın Amerikası ədəbiyyatını yox, bütövlükdə ədəbiyyatı yenidən müəyyənləşdirən kitabdır", - Latın Amerikası mədəniyyətinin tanınmış amerikalı tədqiqatçılarından olan Ilan Stavans belə deyir. Onun özü kitabı 30 dəfə oxuduğunu söyləyir.

"García Márquez nə tarixçi, nə də sosioloq olub. O, təbii hekayə danışan adam idi. Mən çox zaman onu prizma kimi görürdüm. O, heyrətamiz həcmdə informasiyanı uyğunlaşdıraraq yeni mifologiyaya çevirməyə qadir idi. Bu sənət özünü "Yüz ilin tənhalığı" əsərində də göstərir: o, müxtəlif mənbələrdən yararlanaraq fərqli, hiperbolik Latın Amerikası mədəniyyətini yaradıb. Bununla da Latın Amerikası mədəniyyətini yenidən təfsir edib", - Kolumbiyalı journalist Pombo-nun sözləridir.

Buna da bax: Marquez Bakıda anıldı [Fotolar]

“Heyrətamiz təxəyyül”

"Bu yenu kainatı yaradan mənbələrin hamısını sadalamaq mümkün deyil. O, Arakatakada (Kolumbiyanın Karib bölgəsində şəhərcik, yazıçı burada doğulub.) keçirdiyi və uşaqlığında eşitdiyi əfsanələrdən çox şey götürüb. Karib şifahi ənənələrinin əsasını təşkil edən bu əfsanələr romanın alt qatlarında yer alıb. Bundan başqa, yazıçı William Faulkner-i, yunan əsatirlərini və ispan dövrünə qədərki əsatirləri oxuyub (söhbət Kolumbiyanın yerli əhalisinin mifologiyasından gedir).Son olaraq, Marquez Kolumbiyanın XVIII-XX əsrlərdəki zorakı münaqişələrlə dolu tarixindən ilhamlanıb. Bütün bu hekayələr birləşərək, onun heyrətamiz təxəyyülündə fərqli şəkildə təzahür edib, özünəməxsus simvolizmə çevrilib", - yazıda daha sonra belə deyilir.

XS
SM
MD
LG