Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:42

İşdən çıxarılan nazir müavini bunda ittiham olunur


Elnur Əliyev
Elnur Əliyev

Mədəniyyət nazirinin keçmiş birinci müavini Elnur Əliyev cinayət məsuliyyətinə cəlb olunsa da, istintaq getdiyi dövrdə azadlıqda qalmasına qərar verilib. Noyabrın 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində onun haqqında başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Noyabrın 1-də DTX əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əliyev noyabrın 3-də təqsirləndirilən şəxs qismində tanınıb. Ona xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi ittihamlar verilib. Əliyevə qarşı irəli sürülmüş ittiham maddələrində 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Səfirliklərdə çalışıb

1979-cu il təvəllüdlü Elnur Əliyev 2020-2021-ci illərdə mədəniyyət nazirinin müşaviri, 2021-ci ilin sentyabrından noyabrın 1-də tutulan günə qədər isə birinci müavini vəzifəsində çalışıb. Saxlandıqdan iki gün sonra - noyabrın 3-də Prezident İlham Əliyev onun nazir müavini vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.

Əliyev Mədəniyyət Nazirliyindən öncə uzun müddət Xarici İşlər Nazirliyinin tabeliyindəki qurumlarda işləyib. O, Azərbaycanın Belçikada, Birləşmiş Ərəb Əmirliklərindəki səfirliklərində də çalışıb.

DTX-nın əməliyyatı nəticəsində Əliyevlə birlikdə saxlanılan, Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov haqqında isə noyabrın 2-də həbs qərarı verilib. Onun haqqında da təqdimata Səbail rayon Məhkəməsində baxılıb və ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Əvvəlki həbslər və...

DTX 2020-ci ilin mayında da Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş, nazir müavini Rafiq Bayramov, nazirliyin tabeliyindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunmuşdu.

Rüşvət ittihamı ilə məhkəmə qarşısına çıxarılan Bayramova Bakı Ağır Cinayətlər Məhkəməsində 8 il həbs cəzası kəsilsə də, apellyasiya məhkəməsi bu müddəti 4 il 6 aya endirdi.

Lakin Bayramov rüşvət ittihamını qəbul etmirdi. O, dolayısıyla sabiq nazir Əbülfəs Qarayevi ittiham edirdi: "Nazir müavini olsam da, həmin işlərin mənim razılığımla görülməsi mümkün deyildi. 12 ay istintaq mənimsəmə ittihamı ilə getdi, amma sübuta yetirilmədi. Sonra rüşvət maddəsi ilə ittiham verildi. Mən ömür boyu rüşvət almamışam...".

5 milyondan artıq mənimsəmədə - mədəniyyət abidələri və s. qurumların təmir-bərpasına ayrılan vəsaitlərin yeyintisində suçlanan Sultanov isə özünü qismən təqsirli bilirdi. Ona kəsilmiş 11 illik həbs cəzasını da apellyasiya məhkəməsi 5 il 6 aya endirib.

XS
SM
MD
LG