Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:21

Minlərlə işsiz məhbus iş «axtarır»


11 saylı Cəzaçəkmə Müəssisəsi
11 saylı Cəzaçəkmə Müəssisəsi
Əvvəllər, Sovet dövründə birinə məsələn, 5 il həbs cəzası verəndə deyirdilər "5 il iş verdilər". İndi isə deyirlər "həbsdə yatır"

Cəzaçəkmə yerində işləyən məhbus xoşbəxt məhbusdur. Məhbus Rövşən Kərimov deyir ki, o, gündə 6-7 saat işləyir, nəsə yaradır, əməyinin kimlərəsə lazım olduğunu biləndə, qazandığı pulu ailəsinə göndərəndə, özünü xoşbəxt sayır: «Səhər gəlirik, axşam gedirik, vaxt gedir, dustağınkı da odur ki, vaxt getsin».


Rövşən Kərimov 1000 nəfərə yaxın məhbusun içində işləyən 20 nəfərdən biridir. O, hərbçilər üçün çarpayı düzəldir. Çarpayı sexi böyük olsa da, işləyən azdır.


İndi Azərbaycandakı cəzaçəkmə yerlərinin ən böyük problemi işsizlikdir. Sovet quruluşunun dağılması isə həbsxanalardakı istehsalat da dayanıb. Elə o vaxtdan cəzaçəkmə yerlərinin rəsmi adı olan "islah əmək müəssisəsi" ifadəsi ləğv olunub. Çünki əmək yoxdur.

Bakıdakı 17 cəzaçəkmə yerlərinin hərəsində təxminən 1000-1500 nəfər məhbus var. Onlar özlərini yaxşı işçi qüvvəsi sayırlar. Həmin məhbuslardan biri İsmayıl Zeynalov masa, nərdtaxta, cürbəcür suvenirlər düzəldir. Sonuncu hazırladığı nərdtaxtanın üstünə Nizami Gəncəvinin şəklini həkk edib: «Mənim hazırladığım bu əşyaları elə bilirəm hamı istifadə edir. Bu nərdtaxtadır. Bir üzündə Nizaminin şəklidir. Bunlar alıcını cəlb etmək üçündür. Alıcı olanda, maaş da olur, hesabımıza yazılır».


Bakıdakı Torqovı küçəsində əl işlərinin, müxtəlif suvenirlərin satıldığı yerdə cəzaçəkmə yerlərində hazırlanmış əl işlərinə də rast gəlmək olur. Satıcı Elnur Quliyev deyir ki, əl işləri olduğundan dustaqların hazırladığı əşyaları alıcılar daha yaxşı alırlar: «Bu təsbehi görürsüz, türmədə düzəldiblər, arxasında tikanlı məftil şəkli var. Bu cür işarələrdən bilmək olur ki, türmə malıdır. Ucuzdur, 7-8 min manata satırıq. Hər şey düzəldirlər – mücrülər, nərdtaxtalar. Nərdtaxta 150 min manatdır, əl işidir, turistlər belə şeyə üstünlük verir».


Başqa bir satıcı Həmzə Heydərov da məhbusların hazırladığı məhsulların yaxşı satıldığını deyir. Onun bildirdiyinə görə, bu əşyalar ona vasitəçilər yoluyla gəlib çatır. Satıcının cəzaçəkmə yerlərinə təklifi də var – cəzaçəkmə yerləri ilə müqavilə bağlayıb iş görmək: «Dünən bu nərdtaxtanı bir məhbusun qohumu gətirdi. 60 minə aldım, 100 minə satacağam. Ayda 8, 10 dənə satmaq olur. Həbsxana rəhbərliyi mənimlə müqavilə bağlasa, mən də sifariş edərəm, pulunu da aparıb keçirərəm banka, həmin məhbusun hesabına. Onun üçün də yaxşı olar, mən də aradakı vasitəçiyə pul vermərəm».


10 saylı cəzaçəkmə yerinin rəis müavini Şahin Həbibov isə deyir ki, onların alıcıları Səhiyyə, Müdafiə nazirlikləri, məktəblər ola bilər. Məhbuslar bu qurumları keyfiyyətli və ucuz məhsulla təmin edə bilərlər: «Bu çarpayıları görürsüz, xəstəxanalar üçündür. 400-500 dollara başa gəlir. Biz 200 dollara hazırlayarıq. O cümlədən ordunu, məktəbləri təmin edə bilərik. Sifariş versinlər, burda böyük işçi qüvvəsi var. Məhbus üçün də yaxşı olar, çoxu işləmək istəyir. Əgər bu adam işləyərsə, ev haqqında, həyat haqda düşünəcək, həm də pul qazanacaq».


Bir neçə ildir məhbuslarla işləyən psixoloq Rafiq Allahverdiyev də deyir ki, məhbusların bir işlə məşğul olması onların həyata münasibətini müsbət tərəfdən dəyişir: «İşsizlik məhbuslarda ruh düşkünlüyü yaradır, özlərini daha çox lazımsız insan sayırlar. İş isə onları tamam dəyişir. İtirilmiş keyfiyyətləri bərpa edir. Onlar nəyləsə məşğul olanda, cəza müddəti də tez keçir. İşsizlik həm də əsəb, aqressivlik yaradır. Boş vaxtlar lazımsız söhbətlərə, münaqişələrə gətirib çıxarır».


İndiliksə cəzaçəkmə yerlərinin rəhbərliyi də, minlərlə işsiz məhbus da iş arzulayır. Elə azadlıqda olan minlərlə işsiz kimi.


XS
SM
MD
LG