Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:40

Mehman Əliyevin dostlara mesajı


Mehman Əliyev həbs olunan gün
Mehman Əliyev həbs olunan gün

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbs qərarından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində Qail Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Bu haqda AzadlıqRadiosu-na Mehman Əliyevin müdafiəsinə yeni qoşulmuş vəkil Fariz Namazlı məlumat verib.

Fariz Namazlı avqustun 29-da Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında Mehman Əliyevlə görüşüb. Görüş zamanı apellyasiya şikayəti üzrə avqustun 30-da keçiriləcək məhkəmə ilə bağlı məsləhətləşmələr aparılıb.

Buna da bax:​ Almaniya ombudsmanı Mehman Əliyevin həbsini pisləyib

“Mehman Əliyevin saxlanma şəraitindən narazılığı yoxdur. Əhval-ruhiyyəsi yaxşıdır, mübarizdir. Dostlara salam göndərdi”, – Fariz Namazlı bildirib.

Xatırlatma

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Buna da bax: Vergi müfəttişləri yenidən 'Turan'da...

Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

«Turan» İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

Dünən, avqustun 28-də isə “Turan” İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar.

Verilən məlumata görə, əməkdaşlar “Turan” İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.

Buna da bax:​ 'Mehman Əliyevə Azadlıq Komitəsi' elan olunub

Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə “Turan” İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.

Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti, Fransa və Böyük Britaniya xarici işlər nazirliklərinin təmsilçiləri açıqlama yayıb. Bundan başqa, Avropa Birliyi, Avropa Şurası və bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də Mehman Əliyevin həbsinə reaksiya veriblər. Bu açıqlamalarda baş verənlərlə bağlı narahatlıqlar dilə gətirilir və Mehman Əliyevin azadlığı istənilir.

XS
SM
MD
LG