Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:40

Mehman Əliyev: 'Demirəm ki, səhvim olmayıb'


Mehman Əliyev:"...səbəb ictimai dəstəkdir"
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Mehman Əliyev:"...səbəb ictimai dəstəkdir"

«Mən prezidentə məktubda günahımı, səhvimi boynuma almıram ki. Kimsə deyir ki, əfv ərizəsi yazıb. Mən məhkum olunmamışam ki, əfv ərizəsi yazım. Bu müraciət durumu düzəltmək üçün tərəflərə bir imkan idi… Məndə olan məlumata görə, beynəlxalq təşkilatlardan birinin nümayəndəsi ilə söhbətdə prezident deyib ki, onu aldadıblar, yanlış informasiya verməklə pis vəziyyətə qoyublar».

Mehman Əliyevin 60 yaşı tamam olur. Bugünlərdə başı qalmaqallardan açılmayan «Turan» İnformasiya Agentliyinin direktorunun.

Agentliyin əməkdaşlarından biri Əziz Elxanoğlu Facebook-da yazır:

«Demək bu gün şefin ad günüdür. 60 yaşı oldu. İşdə oturmuşam gəlib mənə mahnı oxuyur: «Yıkılmadım, ayaktayım, dertlerimle başbaşayım....».

AzadlıqRadiosunun əməkdaşı da onunla söhbətə yarıciddi, yarızarafat «yıxılmadım, ayaqdayam» məsələsi ilə başlayıb.

Mehman Əliyev: «Prezident deyib ki, onu aldadıblar...».
Gözlə

No media source currently available

0:00 0:13:26 0:00
Direct-ə keçid

– Mehman bəy, deyirlər, bu gün işdə «Yıxılmadım ayaqdayam» oxumusuz. Yıxılmamaq, ayaqda qalmaq üçün neyləmək lazımdır?

– Mən demişəm ki, yıxılmadım ayaqdayam?.. Doğrudan?

– Əməkdaşınız yazır.

– Mən elə deməmişəm. Sadəcə demişəm ki, fəaliyyətimiz davam edir, mənim yubileyimi də öz iş yerimizdə qeyd edirik. Yəni bu mənada, yəni hər şey qaydasındadır.

– Bu da həqiqətdir ki, sentyabrda az qala «Turan» üçün də, sizin üçün də bütün qapılar bağlanmışdı, agentlik işini dayandırmışdı, siz həbsdəydiniz. Amma qapılar aralandı birdən, siz həbsxanadan buraxıldınız, «Turan» fəaliyyətini yaxşı-pis davam etdirir. Necə deyərlər, nə siz yıxıldınız, nə də agentlik.

– «Biz «Turan»ı xilas etdik» demək üçün hələ tezdir. Mənim azadlığa buraxılmağım yarımçıq xarakter daşıyır, Bakıdan çıxmağım qadağandır, cinayət işi bağlanmayıb, Vergilər Nazirliyi vaxtaşırı xəbər göndərir ki, 38 min manat cərimə ödəməlisiniz. Maliyyə və təsərrüfat fəaliyyətimizi bərpa etməmişik. Sentyabrın 1-dən Vergilər Nazirliyinə məlumat göndərmişik ki, biz fəaliyyətimizi dayandırırıq. Fəaliyyətimiz yarımçıqdır, işçilərin bir hissəsi gəlir, nəsə yazırıq, amma işin tam bərpasından söhbət getmir.

– Sizcə, niyə prosesi belə uzadırlar?

– Bu prosesdə məqsəd «Turan»ı yox etməkdir. Bu gün də o fikirdən əl çəkməyiblər. Ona görə də məsələ uzanır.

– 1980-ci illərin sonunda, 1990-cı illərin əvvəlində mətbuat daha müstəqil, daha rəngarəng görünürdü. Bu günsə beynəlxalq media qurumları ölkədə azad mətbuatın, demək olar, qalmadığını, mətbuatın missiyasını tam yetirə bilmədiyini deyirlər. Bu durumda siz özünüzü və sizin nəsli məğlub sayırsınızmı?

– Biz ancaq medianın məğlub olduğunu deyirik, əslindəsə, bütün cəmiyyət məğlub oldu. Standart, klişe bir fikir var: «Media cəmiyyətin güzgüsüdür». Cəmiyyət nə gündədirsə, onun mediası da o gündədir. Bəyəm cəmiyyət müqavimət göstərirmi? Qiymət artır, alıcılıq qabiliyyəti xeyli aşağı düşür, kasıbların sayı artır, kasıb olmayanların da problemi var, bütünlükdə vəziyyət yaxşı deyil, heç kim də bununla bağlı danışmır, dinmir. Hamı razılaşır, umur, mübarizə aparmaq istəmir. Media da eyni vəziyyətdədir. Bu da cəmiyyətin, medianın həmişə basqı altında olmasından irəli gəlir. Neft pullarının gəlməsi hakimiyyətin güclənməsinə səbəb oldu, bu pullar sayəsində cəmiyyətin böyük hissəsi, o cümlədən media satın alındı.

– Mehman bəy, yaranmış durumda siz özünüzü nədəsə günahkar bilirsinizmi? Bəlkə nələrisə önləmək olardı?

– Səhvlər ola bilər. Mən demirəm ki, səhvim olmayıb. Amma mən öz mövqeyimdən çəkilməmişəm, dayanmışam, dayana bilmişəm. Mənimlə bağlı beynəlxalq qiymətləndirmələrdə deyilirdi ki, «Turan» Azərbaycanda sonuncu müstəqil KİV-dir, yəni biz öz mövqeyimizi saxlaya bildik, yaxşı-pis, zəif vəziyyətdə, amma saxladıq, dura bildik. Buna görə də hakimiyyətin istədiyi sonuncu qalanı – «Turan»ı götürmək idi. «Turan» ətrafında baş verənlər hakimiyyətin uzun müddətdir apardığı siyasətin məntiqi nəticəsi idi. Mən yenə öz mövqeyimdə qalmışam, qaçmamışam. Yenə deyirəm, səhvlər ola bilər, ancaq mövqeyimiz dəyişməzdir.

– Sizin həbsdən çıxmazdan öncə prezidentə müraciətiniz birmənalı qarşılanmadı. Mehman Əliyevi bəzi zaman kəsiyində birləşdirici fiqur, hətta müxalifətin vahid namizədi kimi təqdim etməyə cəhdlər olub. Bəlkə bu səbəbdən də sizin dövlət başçısına müraciətiniz çoxlarını, yumşaq desək, təəccübləndirdi, incik saldı, qınaqlara yol açdı. Nə baş verdi ki, siz o müraciəti yazdınız?

– Birincisi, heç kəs bu vaxta qədər dəqiq bilmir ki, orda nə yazılmışdı. Nə yazmışam ki? Mən yazmışam ki, filan informasiya agentliyi filan vaxtdan fəaliyyət göstərir, heç vaxt peşə kodeksini pozmayıb, heç vaxt məhkəməyə verilməyib. İkinci hissədə yazılıb ki, «Turan»a qarşı vergidən yayınma ittihamı ilə cinayət işi qaldırılıb və mən rəhbər olaraq istintaqdan yayınmamışam, lazımi sənədləri onlara təqdim etmişəm. Yazmışam ki, xahiş edirəm bunu nəzərə alaraq barəmdəki həbs-qətimkan tədbirinin dəyişdirilməsinə yardımçı olasınız. İkincisi, mənimlə bu haqda söhbət aparanda deyildi ki, prezidentə informasiyanı müəyyən dərəcədə yanlış veriblər, narahatdırlar, xahiş edirlər, belə bir məktub yazılsın, çatdıraq, məsələ də həll olunsun. Belə bir şey olub. Burda da bir problem görmürəm. Mən prezidentə məktubda günahımı, səhvimi boynuma almıram ki. Kimsə deyir ki, əfv ərizəsi yazıb. Mən məhkum olunmamışam ki, əfv ərizəsi yazım. Bu müraciət durumu düzəltmək üçün tərəflərə imkan idi. Vəziyyət də yarımçıq düzəlib. Məndə olan məlumata görə, beynəlxalq təşkilatlardan birinin nümayəndəsi ilə söhbətdə prezident deyib ki, onu aldadıblar, yanlış informasiya verməklə pis vəziyyətdə qoyublar. Söhbət ondan getmir ki, qərarı o verib, bu məsələylə bağlı onu pis vəziyyətdə qoyublar.

– Kimlərdir sizin həbsinizi istəyən?

– Mənə elə gəlir ki, media, informasiya siyasətini aparanlardır. Mən bu siyasəti həmişə tənqid etmişəm. Son zamanlar baş verənlərlə bağlı hakimiyyətin özündə də narahatlıq, narazılıq var. İnformasiya məkanında getdikcə böhtan, təhqir, qeyri-sağlam münasibət çoxalır. Bu prosesi idarə edə bilmirlər. Mən də dəfələrlə demişəm, yazmışam ki, bu siyasət nə dövlətə, nə millətə xeyir verəcək. Əlbəttə, informasiya siyasətini aparanları narahat edirdi ki, Mehman danışır, danışır… Məndən başqa danışan da yox idi. Ona görə də məni susdurmaq onların marağında idi.

– Siz prezidentin köməkçisi Əli Həsənovu nəzərdə tutursunuz?

– Əli Həsənov da var, başqaları da. Böyük bir komandadır.

– Mehman bəy, 60 yaşın hesabatını verəndə səhvləriniz, peşmanlıqlarınız və uğurlarınız haqda nə düşünürsüz?

– Ömrümün 30 ili birbaşa media ilə bağlıdır. Mən nə bacarmışamsa, onu etmişəm. Sadəcə, bir ona heyfsilənirəm ki, 20 ildir bu hakimiyyət mənim qabağımı kəsib. Bu ölkəyə daha çox fayda vermək imkanım olub, bu imkanı əlimdən alıblar. Biz çox şeydə pioner olmuşuq, birinci olmuşuq. Sonradan çoxları bizi təkrarladı. 20 ildir ki, bizim qabağımızı kəsiblər, istədiklərimizi gerçəkləşdirə bilməmişik. Mən öz maraqlarımdan çıxış etmirəm, söhbət böyük məsələlərdən, millətdən, dövlətdən gedir. Bəlkə mən çox böyük danışıram? Amma mən bacardıqlarımı etmək istəmişəm. Vaxtilə bunu etmişik də. Prezident Aparatında işləyəndə Azərbaycan informasiya siyasəti tarixində yeganə hal olub ki, ermənilər bizə yüksək səviyyədə, rəsmi səviyyədə informasiya müharibəsini dayandırmağı, moratorium təklif etdilər. Mən də cavab verdim ki, biz informasiya müharibəsi aparmırıq, informasiya təminatı ilə məşğuluq. Bu, birinci və yeganə hal idi ki, ermənilər bizə bu sahədə uduzurdular. 1993-cü ildə mən, Arif Əliyev, bizim komanda Prezident Aparatında işləyəndə bunu bacardıq. Çox gözəl iş bacardıq. Bu iş uzana, gözəl, böyük nəticələrə apara bilərdi. Mütləq deyil ki, məsələni odla, raketlə həll edəsən, sözlə də həll etmək olardı. Mən buna inanıram. Bunu edə bilərdik. Bunu qoymadılar və buna görə heyfsilənirəm.

– Siz hər zaman nikbinliyinizlə seçilmisiniz. Amma hadisələri analiz edəndə nikbinlik üçün əsas varmı, ümidinizi itirmirsiniz? Ya da belə deyək, on il əvvəl daha çox ümidliydiniz, ya indi?

– Mən həmişə ümidliyəm. Elə indi də. 2015-ci ildə baş verənlərdə, Azərbaycanda yaşanan sistemli böhranda – bu təkcə iqtisadi böhran deyildi, sistemin yaşadığı böhran idi, orda MTN məsələsi də vardı, Beynəlxalq Bank və bank sistemi məsələsi də vardı – nə müxalifətin, nə medianın, nə də vətəndaş cəmiyyətinin rolu olub. Onlar 2015-ci il ərəfəsində neytrallaşdırılmışdılar. Bu böhrandan hələ də çıxmamışıq, ciddi islahatlar getməsə, dəyişikliklər baş verməsə, çıxma ehtimalı da çox azdır. Bu davam edəcəksə, ikinci dalğa gələcək və bu da dövlət, millət üçün böyük faciə ilə qurtaracaq. Bununla zarafat etmək olmaz. Genişmiqyaslı islahatlar aparılmalıdır, bu, təkcə 12 dənə yol xəritəsi deyil. İnsanlara azadlıq vermək lazımdır ki, öz imkanlarını realizə edə bilsinlər.

– 2005-ci il parlament seçkilərindən sonra keçirilən mitinqdə qızınız da xəsarət almışdı, ayağı sınmışdı. Qızınızı ora apardığınıza görə sonra çoxmu peşman oldunuz?

– Mən mitinqə getməmişdim. Bilirdim ki, həmin gün mitinqi dağıdacaqlar. Yoldaşım, yaxın qohumlar deyirdilər ki, biz mitinqə getmək, baxmaq istəyirik. Mən də evdə dedim ki, «bax ha, bu gün mitinqi dağıdacaqlar, siz ora getməyin». Məni aldadıb xəlvət gediblər. Mitinqə qıraqdan tamaşa ediblər, mitinq dağıdılanda aləm dəyib bir-birinə, o hadisə baş verib. Mən işdə idim, zəng vurdular ki, uşaq itib. Çox pis vəziyyət idi... Amma sonra tapıldı. Yaxşı ki, bizim hüquq müdafiəçiləri vardı orda, uşaq onlara verilib. Onlar da uşağı yaxınlıqdakı evə aparıblar. Mən gedib uşağı xəstəxanaya apardım, əməliyyat olundu... Belə bir vəziyyət idi. Mən ora getməyin əleyhinə idim. Mənə qulaq assaydılar, bu hadisə baş verməzdi.

– Yəni siz mitinqin dağıdılacağını dəqiq bilirdiniz?

– Mən informasiya agentliyində işləyirəm. Əlbəttə, bilirdim.

– Doğrudurmu ki, damlara snayper yerləşdirilibmiş?

– Demirəm ki, camaatı gülləbaran edəcəkdilər. Adamlar silahlı olsaydılar, nəsə ola bilərdi. Amma silahlı adam yox idi orda.

– Və son söz yubilyarındır. Bəlkə demək istədiyiniz nəsə qaldı?

– Mən demək istəyirəm ki, optimist olmaq lazımdır. Nə qədər optimist ovqatda yaşasaq, o qədər tez hər şey dəyişəcək. Bu gün bütün proseslər də buna doğru gedir.

XS
SM
MD
LG