Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:37

Mehman Hüseynov həbsxana həyatından danışıb


Mehman Hüseynov - İlham Əliyevin qərarı, həbs və ölkədəki problemlər haqda
Gözlə

No media source currently available

0:00 1:24:52 0:00

Mehman Hüseynov - İlham Əliyevin qərarı, həbs və ölkədəki problemlər haqda

Martin 2-də həbsdən azad olunan bloqer Mehman Hüseynov mətbuat konfransı keçirib. Mətbuat konfransında ölkə jurnalistləri ilə yanaşı, Bakıdakı xarici ölkə səfirliklərinin təmsilçiləri də iştirak ediblər.

Bloqer həbsdən azad olunmasına görə yerli və beynəlxalq qurumlara, siyasi partiyalara, ondan ötrü aksiyalara qatılan insanlara və Azərbaycan xalqına təşəkkürünü ifadə edib. O qeyd edib ki, ona dəstək verilməsəydi, azadlığa çıxa bilməzdi.

Mehman Hüseynov həbs müddətində anasını itirməsini, qardaşlarından ayrı düşməsini xüsusi vurğulayıb.

Cəza müddətinin bitməsinə bir neçə ay qalmış həbsxanada təxribatla üzləşdiyini deyən M.Hüseynov vurğulayıb ki, buna qarşı qəti mövqe qoymaq qərarına gəlib. Onun deməsinə görə, bu qərarı tək özü ilə bağlı yox, başqa siyasi məhbusların da bundan sonra belə təxribatla üzləşməməsindən ötrü verib. Bloqer qeyd edib ki, ondan əvvəl keçmiş səhiyyə nazir Əli İnsanov, AXCP sədrinin müşaviri Məmməd İbrahimin və başqalarının həbsdə cəzaları artırılmışdı: ​«Əvvəla məni aparıb cərimə kamerasına saldılar. Sonra ittihamçı gəldi ki, cəzaçəkmə müəssisəsinin əməkdaşını vurmuşam, ölüm ayağındadır və s. Amma əslində belə hadisə olmayıb, bu mənə qarşı çirkin bir oyun idi. Odur ki, bu oyunu pozmaq üçün elan etdim ki, ölüm aclığı aksiyasına başlayıram, sudan, qidadan imtina edirəm».

M.Hüseynov deyib ki, o, dekabrın 26-da aclığa başlayıb. Bloqerin qeyd etməsinə görə, dekabrın 30-da vəziyyəti pisləşib, bildiriblər ki, belə davam etsə, məcburi qaydada ona qida qəbul etdirəcəklər.

M.Hüseynovun sözlərinə görə, həmin vəziyyətdə qida qəbul etməyə məcbur edilməsini istəmədiyindən və aksiyanın artıq ictimailəşdiyini bildiyindən su qəbul etməyə başlayıb. Bloqer vurğulayıb ki, daha sonra isə süd və maye şəkildə yoqurt qəbul edib. «Mən martın 2-nə qədər ayaq üstə durub mübarizəmi aparmaq niyyətində idim», - bloqer əlavə edib.

M.Hüseynov deyib ki, mübarizə bununla bitmir, həbsdə olan bütün siyasi məhbusların azad olunmasını istəyir.

Mehman Hüseynov azadlığa çıxıb
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

M.Hüseynov: «Mən ən çətinini etdim»

Daha sonra o, jurnalistlərin sualına cavab verib.

«Mənim döydüyüm iddia edilən 14 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı Əli Abdalovla telekanallarda nümayiş etdirilən barış telesüjetinin çəkilməsinə etiraz etməmişəm, hətta mənə deyiblər ki, bunu gizli saxlayacağıq, mən razılaşmamışam. Demişəm qoy hamı görsün», -jurnalistlərin suallarını cavablandıran M.Hüseynov bildirib.

M.Hüseynov vurğulayıb ki, Ə.Abdalov bu oyunda çox kiçik fiqurdur: ​«Ona görə də barışıq səhnəsində çəkinəcəyim bir şey yox idi. Mən bununla sübut edirdim ki, yamanlığa yaxşılıq ən çətinidir, mən də ən çətinini etdim».

M.Hüseynov habelə vurğulayıb ki, onun adından prezidentə ünvanlanan müraciətə də imza atıb. Amma onun deməsinə görə, özünün də şərtləri olub. Bloqerin vurğulamasına görə, ona təklif edilib ki, prezidentə müraciətdə Ə.Abdalovla inisidentin yaşandığını etiraf etsin və bu məsələnin barışıqla həllini istəsin. «Amma mən bununla razılaşmadım», - deyən bloqerin vurğulamasına görə, özünün günahkar olmadığını, orada da qeyd edib.

M.Hüseynov deyib ki, ümumiyyətlə, Ə.Abdalovla aralarında deyilən hadisə baş verməyib.

Bloqerin bu açıqlamasına, hələlik, Ə.Abdalov və rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini isə qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Üstəlik, rəsmilərin bildirməsinə görə, Azərbaycan həbsxanalarında məhbuslarla yalnız qanun çərçivəsində davranılır.

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Xatırlatma

Üç gün əvvəl, martın 2-də bloqer Mehman Hüseynov azadlığa çıxıb. O, 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi.

Bloqer həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. O, həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı.

M.Hüseynov yeni ittihamla üzləşdikdən sonra ölkə daxilində və ondan kənarda bloqerin müdafiəsi ilə bağlı bir çox aksiyalar keçirilib.

Nəhayət, yanvarın 22-də Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlamışdı. Buna səbəb kimi onun prezidentə müraciətinin əsas götürüldüyü bildirilirdi.

XS
SM
MD
LG