Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:42

Məktəblər pandemiya dönəmində ən çox Azərbaycanda bağlı qalıb


Yarı-yarımçıq onlayn dərslər: Valideynlər məcbur olub repetitor tutur
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Yarı-yarımçıq onlayn dərslər: Valideynlər məcbur olub repetitor tutur

Dünya Bankı "İnsan kapitalının sarsıntı və böhranlardan qorunması" adlı hesabat hazırlayıb. Hesabatda bildirilir ki, bu ilin yanvarınadək Şərqi Avropa və Cənubi Qafqaz regionunda koronavirusdan 300-400 min insan ölüb. Pandemiya iqtisadiyyata da ciddi ziyan vurub. 2020-ci ildə regionda ümumi daxili məhsul (ÜDM) 5 faiz, pul köçürmələri 40 faiz azalıb. Üstəlik, yoxsulluq səviyyəsi də 1.4-5 faiz arasında artıb.

Hesabatda pandemiyanın təhsil sisteminə təsirləri özəlliklə vurğulanıb. Məktəblər 2020-ci ildə pandemiya üzündən 63-205 gün arasında qapalı qalıb. Araşdırma nəticələrinə görə, hətta bəzi şagirdlər əvvəlcə öyrəndiklərini də unudub. Sənəddə bildirilib ki, pandemiya ucbatından Şərqi Avropa və Cənubi Qafqaz regionunda məktəbləri ən çox bağlı saxlayan iki ölkə Azərbaycan və Polşadır. Eyni dövrdə məktəblərin ən az bağlı qaldığı ölkələrsə Xorvatiya ilə Ermənistandır.

Onlayn təhsil hər kəsi əhatə etdimi?

Azərbaycanın pandemiya dövründə məktəbləri ən çox bağlı saxlayan ölkə olması haqlı sual doğurur: Onlayn təhsil hər kəsi əhatə edə bildimi? Məktəblər bağlanandan sonra Azərbaycan Təhsil Nazirliyi onlayn platforma yaratmışdı. Dərslər məhz bu platforma vasitəsi ilə gerçəkləşdirilirdi. Təhsil naziri 2021-ci ilin əvvəlində keçirdiyi brifinqdə açıqlamışdı ki, 1 milyon 442 min şagird həmin platformada qeydiyyatdan keçib. 2020-2021-ci təhsil ilində Azərbaycan məktəblərində toplam 1 milyon 569 min şagird təhsil alıb. Bu o deməkdir ki, sözügedən zaman dilimində şagirdlərin təxminən 8 faizi – 127 min nəfəri həmin platformaya heç qoşulmayıbmış. Müəllimlər arasında onlayn təhsil platformasında qeydiyyat şagirdlərdən daha az olub. Ölkədəki 150 min müəllimin toplam 85 faizi onlayn təhsil platformasında qeydiyyatda keçib.

Ancaq onlayn təhsil platformasına qoşulan heç də bütün müəllim və şagirdlər distant təhsilə aktiv qatılmayıb. Təhsil naziri açıqlamışdı ki, onlayn təhsil platformasında aktiv istifadəçilərin sayı 1 milyon 170 min nəfər olub. Aktiv istifadəçi deyərkən, son bir həftədə, ən azı, bir dəfə onlayn təhsil platformasına qoşulan şəxslər nəzərdə tutulur. Bu baxımdan aydın olur ki, pandemiya dönəmində toplam sayı 1 milyon 719 min nəfər olan müəllim və şagirdlərin cəmi 68 faizi - 1 milyon 170 min nəfəri onlayn təhsilə aktiv qatılıb, 550 min nəfərə yaxın şagird və müəllimsə təhsildən uzaq qalıb.

Regional fərqlər

Onlayn təhsillə bağlı başqa ayrıca diqqət doğuran məqam var: Bakı və regionlar arasında fərqlər danılmaz olub. Təhsil naziri mediaya başqa bir açıqlamasında Bakı, Gəncə və digər böyük şəhərlərdə şagirdlərin 74-75 faizinin onlayn dərslərə cəlb edildiyini vurğulamışdı. Bu, ölkə üzrə ən yüksək göstərici sayılır.

Ölkə üzrə təhsil alan bütün şagirdlərin təxminən 40 faizinin Abşeron yarımadasında yaşadığı nəzərə alınsa, bu o deməkdir ki, 1 milyon 569 min şagirdin təxminən 627 min nəfəri Abşeron yarımadasında, 942 min nəfəri ölkənin digər regionlarında təhsil alır. Abşeron yarımadasında onlayn dərslərə 75 faizlik qoşulma isə o anlama gəlir ki, buradakı 627 min şagirdin təxminən 470 mini onlayn təhsilə qoşula bilib. Daha 157 min şagirdsə belə təhsildə aktiv iştirak etməyib. Regionlarda təhsil alan bir milyona yaxın şagird arasında bu nisbət daha yüksəkdir. Həmin şagirdlərin təxminən hər üçündən biri məktəblərin bağlı olduğu dövrdə təhsil ala bilməyib.

Ev təsərrüfatlarının təchizatı ilə bağlı Dövlət Statistika Komitəsinin hesabatından da görünür ki, regionlarda əhalinin internetə çıxış imkanları və kompüterlə təminatı şəhərdə yaşayan əhali ilə müqayisədə 35 faizə yaxın daha aşağıdır.

XS
SM
MD
LG