Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:56

'Qadağan olunmuş qidalar məktəblərdə satılır'


Məktəblərdə uşaqlara nəyi satmaq qadağandır?
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

Məktəblərdə uşaqlara nəyi satmaq qadağandır?

Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə baş vermişdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunmuşdu. Uşaqlardan altı nəfər xəstəxanaya çatdırılıb. Baş Prokurorluq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələnin araşdırıldığını açıqlayıb.

Ötən ilin sonlarında AQTA ali təhsil və ümumtəhsil müəssisələrində də yoxlamalar aparıb. Yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulması ilə bağlı 23 ali təhsil və 38 ümumtəhsil müəssisəsində nöqsanlar aşkar edildiyi açıqlanmışdı. Bəs nəzarət davam edirsə, məktəblərdə belə hallar nədən təkrarlanır?

"Satışı qadağan olunmuş məhsullara təsadüf edilmir"

AQTA-dan bu suala cavab almaq mümkün olmayıb. Amma Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Turan"a bildirilib ki, məktəblərin bufet və yeməkxanalarına nəzarət işi daimi yerinə yetirilir: "Təhsili idarəetmə qurumları iaşə xidmətlərinə, qidaların keyfiyyətlinə nəzarət edən dövlət qurumları ilə birgə əməkdaşlıq edir, məktəb yeməkxanalarında monitorinqlər aparılır".

İdarədən əlavə edilib ki, monitorinqlər seçmə üsulla müəyyənləşdirilmiş təhsil müəssisələrində təşkil olunur. Bildirildiyinə görə, ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında satışı qadağan olunmuş məhsullara təsadüf edilmir.

K.Əsədov
K.Əsədov

"Maddi maraqlar var"

Təhsil eksperti Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, yeni qaydalara görə, məktəb bufetləri məktəbə tabe deyil: "Məktəb bufetini istənilən şəxs gedib müqavilə əsasında icarəyə götürüb işlədə bilər. Yeni qaydalara görə, məktəb bufetini işlədən şəxslər gəlirindən asılı olmayaraq hər bir məktəbliyə görə 35 qəpikdən yuxarı təhsil qurumuna vəsait ödəyirlər. Bu, çox yanlışdır".

Ekspertin sözlərinə görə, Nazirlər Kabinetinin 2011-ci ildə verdiyi qərara əsasən, orta məktəblərdə ictimai-iaşə xidmətlərinin göstərilməsi qaydaları mövcuddur: "Eyni zamanda, vaxtı ikən gigiyena və epidemiologiya idarəsi var idi, onlar məktəbdə hansı qidaların icazəli, hansının icazəsiz olduğu ilə bağlı qaydaları müəyyənləşdirmişdi. Evdə bişirilmiş un məmulatlarına, hisə verilmiş kolbasalara, qazlı içkilərə, fast-fudlara icazə verilmir. Amma bu dəqiqə məktəblərə getsəniz, görərsiniz ki, qadağan olunmuş qidaların hər biri məktəblərdə satılır. Çünki burada maddi maraqlar var".

Əsədovun fikrincə, məktəblərdə qida ilə bağlı neqativ hallar ona görə baş verir ki, məhsulların saxlanılması üçün şərait yoxdur: "Məsələ vaxtı keçmiş məhsulların vaxtında məktəb bufetlərinin satış piştaxtalarından yığışdırılmasıdır. Bu, yoxdur. Ümumiyyətlə, hazırda ümumtəhsil müəssisələrdəki bufetlərdə heç bir normalar gözlənilmir".

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi və məktəb bufetlərinin təmsilçiləri ilə isə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG