Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:42

'Nardaran işi-3': 'Nə fikirləşdilərsə, paltarlarımı zorla çıxarmağa başladılar'


Nardaran. İllüstrasiya. Gündüz Ağayev.
Nardaran. İllüstrasiya. Gündüz Ağayev.

Lənkəran sakini Elman Ağayev dindardır. 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü qanlı əməliyyatdan üç gün sonra həbs olunub. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işi üzrə üçüncü qrupun tərkibində mühakimə edilir.

“Məndən “Bandotdel”də (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin – BMCMİ-nin keçmişdənqalma adı – red.) Taleh Bağırzadənin (Taleh Bağırov nəzərdə tutulur – red.) əleyhinə ifadə almağa çalışırdılar. Tələb edirdilər deyim ki, onun göstərişi ilə bəzi dövlət əhəmiyyətli obyektləri, o cümlədən BMCMİ binasını partlatmalıydım. Belə ifadə versəm, işim yüngülləşəcəkdi. Əks halda, ağır maddələrlə uzunmüddətli həbsə göndəriləcəyimi demişdilər. Onlara cavab verdim ki, mənim dinim, şəxsiyyətim, vicdanım günahsız adamın üzünə durmağa imkan vermir”, - Elman Ağayevin sözləridir.

Buna da bax:​ 'Nardaran məhbusu'nun işgəncə iddiası rədd edilib

Bu qrupdakı 12 nəfərdən 11-i ötən məhkəmələrdə ifadə verib. Sonuncu adam - Elman Ağayev martın 27-də keçirilən məhkəmədə dindirilib.

“Paltarlarımı zorla çıxardılar...”

Elman Ağayev və onunla birgə mühakimə olunanlara terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah-sursat saxlama kimi 10-dan çox ağır maddə ilə ittiham verilib. O bu ittihamların yalan olduğunu, özü də daxil, bu işdə hakim önünə çıxarılanların heç bir günahının olmadığını deyir.

Elman Ağayev həbs tarixçəsini belə açıqlayıb: “Noyabrın 29-da (iki il öncə - red.) Lənkəran Şəhər Polis İdarəsi rəisinin müavini Elçin Səfərov və serjant Hüseyn Hüseynov evimə gəldi. Oturub çay da içdik. Elə bu məqamda səs-küy eşitdik, qadınlar qışqırdı. Çıxanda gördüm ki, 20-30 nəfər əlisilahlı həyətə dolub. O zaman polis idarəsinin rəisi olan Möhübbət Hüseynov da orada idi. Dedim, bunlar Lənkəranda ikinci Nardaran hadisəsi törətmək istəyirlər, amma buna imkan vermərəm. Məni əvvəl polis bölməsinə apardılar, amma fikirləşdilər ki, birdən camaat toplaşar. Biləsuvara apardılar, oradan da Bakıya – “bandotdel”ə gətirdilər. Məni orada 21 gün saxladılar, işgəncə verdilər. Bu qədər uzun müddət saxlayırdılar ki, işgəncələrin izləri getsin”.

Buna da bax:​ 'Taleh Bağırov toyuna təbrik göndərdi - bəyi 'Bandotdel'ə apardılar'

İşgəncələrdən danışan Elman Ağayev deyir ki, BMCMİ-nin şöbə rəisi Kərim Əlimərdanovun otağında 14 nəfər beysbol sopasıyla döyüb. Onun sözlərinə görə, az sonra Əlimərdanov da əməkdaşlarına qoşulub: “Mənə dedilər ki, guya evimdən silah, “Taleh Bağırzadənin müraciəti” adlı kitabçalar çıxıb, onların özümə məxsus olması haqda ifadəyə qol çəkməliyəm. Dedim ki, axı evimdə silah, ümumiyyətlə, qanunazidd əşya olmayıb. Bu cavabdan sonra Kərim Əlimərdanov otağındakı şkafdan xüsusi rezin dəyənək çıxarıb, başıma-başıma vurdu. Eyni zamanda o biri dörd nəfər də böyür-başıma dayanmadan zərbələr endirirdi. Zərbələrdən müvazinətimi itirdim. Bir az döyməyə ara verib, pıçıldaşdılar. Nə fikirləşdilərsə, paltarlarımı zorla çıxarmağa başladılar, məni şərəf və ləyaqətimi alçaldan hərəkət edəcəkləri ilə hədələdilər. Fikirlərindən daşındılar. Ardından Kərim Əlimərdanov telefonu götürüb dedi ki, imzalamasam, ailə üzvlərimi “bandotdel”ə gətirəcəklər. Bu təzyiqlərdən sonra evimə və üstümə baxış keçirilməsi, guya kitabçaların aşkarlanması haqda protokollara imza atdım”.

Elman Ağayev deyir ki, haqqında həbs qərarı verilməsi üçün məhkəməyə aparılanda yeriyə bilmir, iki nəfər qoluna girərək, onu sürüyə-sürüyə aparırdı. Hətta məhkəmədə də ayaqüstə dayanmağa taqəti olmasa da, Nəsimi Rayon Məhkəməsində həbs qərarı verən hakim Babək Pənahov onun bu halına əhəmiyyət verməyib.

Buna da bax:​ Elçin Qasımov hakimə: 'Cinayətkarın böyüyü elə sizsiniz!'

“Mən Quran əhliyəm, amma “terrorçu” damğası vururlar”

Təqsirləndirilən Ağayev kimlərəsə “Taleh Bağırzadənin müraciəti” adlı kitabça paylaması haqda deyilənləri də yalanlayaraq bildirib ki, belə kitabça heç mövcud olmayıb. Onu Taleh Bağırzadə və digər inanclıların həbsindən sonra düzüb-qoşublar: “Taleh Bağırzadə özü də ifadəsində deyib ki, onun bütün çıxışları lentə alınıb, internetlə sürətlə yayılırdı, ona görə də kitabça buraxmağa ehtiyacı yox idi. Həmin kitabçada Nardaran hadisələrinə işarə olunur. Əgər kitabça Taleh Bağırzadənin həbsindən əvvəl hazırlanmışdısa, orada necə həmin hadisədən bəhs oluna bilərdi? Belə çıxır ki, Taleh Bağırzadə ya o kitabı Nardarandakı 40 dəqiqəlik əməliyyat zamanı yazıb paylayıb, ya da “bandotdel”in zirzəmisində hazırlayıb.

Mən ilk dəfə kitabçanı istintaq materialları ilə tanışlıq mərhələsində müstəntiqdə görmüşəm, cibindən çıxarıb mənə verdi. Orada prezidentin və dövlətin ünvanına nalayiq sözlər yazılmışdı. Taleh Bağırzadənin danışıq tərzinə bələdəm. Deyə bilərəm ki, orada yazılanlar onun sözləri deyil, ola da bilməz. Üstəlik, mən özüm də ilahiyyatçıyam, yaraşmaz ki, düşüb kitabça paylayım”.

Buna da bax:​ 'Nardaran işi-3': 'Üzərimdə kitab olsaydı, polisə getməmiş onu gizlədərdim də'

Heç bir cinayət törətmədiyini deyən Elman Ağayev ifadəsinin sonunda hakimlərdən bəraət hökmü istəyib: “Bizdən məscid partladan, polis öldürən çıxmaz. Mən Quran əhliyəm, amma “terrorçu” damğası vururlar. Məni həbs eləyənlər özlərini yerimə qoysunlar, nə çəkdiklərimi bilsinlər. Evlər yıxan Akif Çovdarov özü bu gün görün hardadır? Çünki evlər yıxanı bir gün Tanrı yıxır. Mənim vicdanım təmizdir, sizləri də vicdanınızla baş-başa buraxıram”.

Məhkəmə aprelin 3-də davam edəcək.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Buna da bax:​ 'Nardaran işi-2': 'Mənə dedilər 'bandotdel'i polis bölməsi ilə səhv salma'

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

XS
SM
MD
LG