Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:54

Milyarderlər nə yeyib-içir


Milyarderlərin özlərinə şəxsi aşpaz tutmaq üçün yetərincə pulu var. Ancaq bu o demək deyil ki, onlar yalnız sağlam yeməklərlə qidalanırlar.

Business Insider” yazır ki, ən varlı insanların arasında da çox pis, yaxud qəribə yemək vərdişləri olanlar var.

Onların da arasında Paleo və veqan həyat tərzi sürənlər, səhər yeməyinə şokolad yeyənlər və günlərlə yemək yeməyənlər var.

Virgin Group-un yaradıcısı Richard Branson gündə 20 stəkan çay içir. 2010-cu ildə o, səhər yeməyinə meyvə salatı və müsli yediyini deyib. O həm də vaxtaşırı siyənəyə bənzər kipper balığı yeyir.

Bill Gates və Richard Branson
Bill Gates və Richard Branson

Branson Karib dənizindəki özəl Neker adasında yaşayır. Gününü ailəsi ilə birlikdə, idmanla, biznes görüşlərində keçirir. Xoş əhval yaratmaq üçün işgüzar görüşlərini nahar vaxtına saldığını deyir. Şam yeməyini qrup halında yeməyi xoşlayır. Çünki bu zaman “hekayələr paylaşılır və ideyalar doğulur”.

Gates-lə nahar edən çizburger yeyəcək

Amazon-un rəhbəri Jeff Bezos sağlam səhər yeməyinə vaxt ayıra bilmək üçün işgüzar görüşlərini səhərə salmır.

Bezosun həm də əcaib yemək zövqü olduğu deyilir. Onun bir iş görüşünə oktopod, yanında kartof, bekon, yaşıl sarımsaqlı qatıq və yumurta sifariş etdiyi deyilir. Özü də səhər yeməyinə!

İnvestor Mark Cuban səhər yeməyinin bir fincan qəhvə və “Alyssa's Cookies” adlı şirkətin iki peçenyesindən ibarət olduğunu deyib. Bu peçenyelərin tərkibində protein və lif çox, karbohidratsa azdır. O bu peçenyeləri o qədər bəyənib ki, biznesi qurmağa kömək edib və şirkətə sərmayə yatırıb.

“Microsoft”un yaradıcısı Bill Gates dietik kolanı çox sevdiyini, gündə üç-dördünü içdiyini deyir. Həyat yoldaşı Melinda Bill Gates-in səhər yeməyi yemədiyini deyir. Gates Fondunun direktoru Joe Cerrell deyib ki, Gates-lə nahar edən adam “kim olur-olsun”, çizburger yeyəcək.

Bill Gates və Melinda Gates
Bill Gates və Melinda Gates

"Hər dəfə kimisə torbalarla McDonalds almağa göndərəcəklər. Deyəsən, Melinda ona evdə McDonalds yeməyə icazə vermir”, – o deyib.

Apple-ın yaradıcısı Steve Jobs-un da qəribə yemək vərdişləri olduğu deyilir. O bəzən günlərlə, bəzən həftələrlə yalnız bir, yaxud iki yemək yeyərmiş. Bəzən yalnız alma və kök yeyərmiş. Bəzənsə qidası yalnız meyvə, tərəvəz, qoz-fındıq, toxumlar və dənlərdən ibarət olarmış.

Jobs bəzən oruc tutar, yemədiyi günlərin “eyforiya və ekstaz hissləri” yaratdığını düşünərmiş.

Beşcə dəqiqəyə yeyir

Tesla və SpaceX-in yaradıcısı, həftədə 80-90 saat işləyən Elon Musk hər hansı sərt pəhriz saxlamır. O, səhər yeməyi yemədiyini, yeyəndə də “Mars” şokoladı yediyini deyib. Ancaq həm də şirniyyatı azaltmalı, daha çox omlet və qəhvə qəbul etməli olduğunu etiraf edib.

Naharda köməkçisi ona nə gətirsə beşcə dəqiqəyə yeyib bitirdiyini deyir. Şam yeməyi isə çox vaxt iş görüşləri ətrafında baş verir. Bir dəfə o fransız mətbəxi və barbekyu sevdiyini deyib.

Elon Musk
Elon Musk

Facebook-un rəhbəri Mark Zuckerberg səhər yeməyinə çox da diqqətlə yanaşmır. Həmin səhər ürəyi nə istəsə onu yeyir. Çünki “kiçik qərarlara vaxt sərf etməyi xoşlamır”.

Ancaq Zuckerberg 2011-ci ildə qarşısına yalnız özü öldürdüyü heyvanların ətini yemək kimi qəribə məqsəd qoyub. Onun “yediyini öldür” menyusuna keçi, donuz, toyuq və xərçəng daxildir.

Twitter rəhbəri Jack Dorsey 2012-ci ildə verdiyi bir müsahibədə səhərlər iki soyutma yumurtanı soya sousu ilə yediyini demişdi.

O həm də meynstrim pəhrizlərə baş vurmaqda ad çıxarıb. Bir müddət veqan olub. Sonra həddindən çox beta-karotin qəbul etməkdən dərisi narıncı rəngə çalmağa başlayıb. 2013-cü ildə Paleo dietinə başlayıb. Paleo rafinə olunmuş şəkər, dənlər, süd məhsulları və işlənmiş qidaların qadağan edildiyi ovçu-yığıcı dietasıdır.

Daha yaxın zamanlarda isə Dorsey arabir oruc tutmağa başlayıb. O, gündə yalnız bir yemək – şam yeməyi yediyini, həftəsonları isə ümumiyyətlə yemək yemədiyini deyib.

XS
SM
MD
LG