Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

MTN generalı keçmiş nazirin əleyhinə ifadə verib


Milli Təhlükəsizlik naziri Eldar Mahmudov
Milli Təhlükəsizlik naziri Eldar Mahmudov

Daha bir MTN generalı, nazirliyin Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyevin məhkəməsi başlayıb. Bakı Hərbi Məhkəməsinin hakimləri önünə E. Quliyevlə yanaşı, nazirlikdə onun tabeliyində işləmiş polkovnik Azər Mehdiyev də çıxarılıb.

Aprelin 27-də məhkəmənin hazırlıq iclasında vəkillər cinayət işinə xitam verilməsi, hüquqlarını müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılması haqda vəsatətlər veriblər. Amma vəsatətlərin heç biri təmin olunmayıb.

İş üzrə məhkəmə baxışı mayın 4-nə təyin olunub.

Buna da bax:​ MTN-in qadın və kişi generalları özünü təqsirli bilmir

ELDAR MAHMUDOVUN ƏLEYHİNƏ İFADƏ VERİB

Bu arada, bəlli olub ki, Elçin Quliyev istintaqda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əleyhinə ifadə verib. Generalın ifadəsindən belə çıxır ki, adamların MTN-ə çağrılmasından tutmuş, büdcə vəsaitindən mənimsəmələrə qədər bütün məsələlərdən Eldar Mahmudov xəbərdar olub. Hətta bir çox hallarda, hadisələr onun razılığı ilə baş verib.

E. Quliyevin ifadəsinə görə, hansısa vətəndaşı nazirliyin binasına dəvət edəndə bunu əsaslandırmaqdan ötrü arayış tərtib olunurdu. Həmin arayışı da şəxsən nazir özü təsdiqləyirdi. Yalnız bundan sonra hansısa əməliyyatçı vətəndaşı nazirliyin binasına dəvət edə bilərdi.

Buna da bax: 'MTN işi'ndə dəhşətli intihar: Zərərçəkmiş əvvəl damarını kəsib, ...

Elçin Quliyevin ifadəsində yazılıb ki, kuratorluq etdiyi sahələrdən pul qazanmaq lazım olduğunu da ona E. Mahmudova ona işarə edib. Onun sözlərinə görə, hətta keçmiş nazir həmin qurumlarda pul olub-olmaması ilə maraqlanıb, bunu dəfələrlə soruşub da.

7 MİLYON TƏYİNATI ÜZRƏ XƏRCLƏNMƏYİB

MTN generalı nazirliyin Maliyyə İdarəsindən götürülmüş 7 milyondan artıq vəsaitin təyinatı üzrə xərclənmədiyini də deyib. Əlavə edib ki, həmin pullar da Maliyyə İdarəsindən sabiq nazirin razılığı alınandan sonra götürülüb.

Onun sözlərinə görə, hansı mənbəyə nə qədər pul ödənilməsi haqda raportla əməliyyatçılar ona müraciət edirdi. O da raportda göstərilən məbləğin alınmasına razılıq verəndən sonra təsdiqlənməsi üçün nazirə təqdim olunurdu. Mahmudovun təsdiqindən sonra raport yenidən ona qaytarılırdı. Bu prosedurlar başa çatandan sonra əməliyyatçı raportu Maliyyə İdarəsinə təqdim edib, pulu götürür və Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevə (həbs olunandan təxminən iki ay sonra – 2015-ci il dekabrın 22-də Kürdəxanıdakı istintaq təcridxanasında intihar etdi - red.) təqdim edirdi. O da lazımi adamlara paylayırdı.

Buna da bax: MTN-çi polkovnik Quantanamoya gedən yeganə azərbaycanlı imiş?

Elçin Quliyevin sözlərinə görə, 2013-cü ilin dekabrında keçmiş nazir Eldar Mahmudov ona zəng edərək, İsraildən avadanlıqlar alınmasından ötrü böyük məbləğdə pul lazım olduğunu deyib. Göstəriş verib ki, “Şimal küləyi” əməliyyat işi üzrə pul alınmasına dair bir neçə raport yazsın və mühasibatlıqdan lazım olan məbləğ alınsın.

1 MİLYON MANAT İSTƏYİB

“Ümumi məbləği 1 milyondan çox pulun götürülməsi üçün bir neçə raport yazdım və silinmə arayışları ilə birlikdə sabiq nazirə göndərdim. Sabiq nazir o raportları təsdiqləyəndən sonra işçimiz pulu maliyyə idarəsindən götürüb, İlqar Əliyevin otağına gətirdi. Sabiq nazirin göstərişinə uyğun olaraq, orada da onun (Eldar Mahmudovun-red.) köməkçisi Vüqara verildi”, – Elçin Quliyevin ifadəsində yazılıb.

Buna da bax:​ MTN-in ev dustağı olan qadın generalı: 'Rədd olun buradan!'

MTN generalının sözlərinə görə, bundan bir neçə gün sonra Eldar Mahmudov yenə ona zəng edərək, 1 milyon manat lazım olduğunu deyib. Eynilə əvvəlki qaydada “Şimal küləyi” əməliyyat işi üzrə vəsaitin xərclənməsi üçün lazım olan məbləğin alınmasından ötrü raportlar hazırlamağı, pulu da götürüb köməkçisi Vüqara verməyi tapşırıb. Bu dəfə Maliyyə İdarəsindən pul birbaşa nazirin köməkçisinə verilib.

Elçin Quliyev bir sıra şəxslərin telefon danışıqlarının qanunsuz olaraq dinlənilməsi, onlardan hədə-qorxu ilə pul alınması ittihamlarını qəbul etməyib.

Buna da bax: 'MTN işi'ndə İranla bağlı transmilli cinayətkarlıq ittihamları müzakirə edilir

XATIRLATMA

2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Bir müddət sonra isə həbs olunub.

Elçin Quliyevə CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə) 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

XS
SM
MD
LG