Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:52

'Hacı Məmmədovun dəstəsi ilə əlaqədar Usubovun həbsinə göstəriş verilmişdi...'


Hacı Məmmədov
Hacı Məmmədov

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsində şöbə rəisinin keçmiş müavini, polkovnik Sahib Ələkbərov deyir ki, 20 ilə yaxın Baş prokurorun birinci müavini vəzifəsini tutmuş Rüstəm Usubovu həbs etmək üçün yetərincə əsas vardı. O, Usubovu onlarla adam oğurluqları və qətllər törətmiş dəstəni himayə etməkdə suçlayıb. Söhbət Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili, polkovnik Hacı Məmmədovun rəhbərliyi altında təxminən 10 il fəaliyyət göstərən və 2005-ci ildə ifşa olunmuş dəstədən gedir.

MTN polkovniki Ələkbərov bu barədə iyunun 20-də öz məhkəməsində danışıb. O, MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev, şöbə rəisləri Yasin Məmmədov və Vüsal Ələkbərovla birlikdə mühakimə olunur. Sabiq MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsində baxılır. Onlar iş adamlarını qondarma ittihamlarla həbs edib, külli miqdarda pullarını alandan sonra azadlığa buraxmaqda təqsirləndirilirlər. Bu dörd nəfərdən yalnız Şıxəliyev həbsdədir, qalan üç polkovnikin hamısı haqqında istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

"Onlar da bizim kimi ölkəboyu rüsvay olmalıdır"

Son bir neçə məhkəmə iclasında polkovniklər sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovu ittiham edirlər. Deyirlər ki, MTN-in tutduğu adamlar haqqında cinayət işi başlanması, həbs olunması, buraxılması haqqında bütün qərarlar Baş Prokurorluğun rəhbərliyinin göstərişləri əsasında baş verib.

"Mən icraatımda olan işlərdə nə kimdənsə pul almışam, nə də nəsə tələb eləmişəm. Bu gün təqsirləndirilən şəxs qismində məhkəmə qarşısındayamsa, sağımda Zakir Qaralov, solumda da Rüstəm Usubov dayanmalıdır. Necə ki, burada baş verənləri mətbuat yazır, onlar da bizim kimi ölkəboyu rüsvay olmalıdır", – Sahib Ələkbərovun sözləridir. O, vəsatət qaldırıb ki, Qaralov da, Usubov da məhkəmədə dindirilsin.

Ələkbərov MTN tərəfindən qondarma ittihamlarla həbs edilən şəxslərin yaxınlarından külli miqdarda pul alması haqda ittihamları qəbul etməsə də, Usubovla bağlı məsələdə cinayət törətdiyini etiraf edib. O vurğulayıb ki, həmin vəzifə cinayətinə görə cəzasını çəkməyə hazırdır.

Xəbər verən qadın ölü tapılıb

Ələkbərov yada salıb ki, 2005-ci ildə Hacı Məmmədovun dəstəsi ifşa olunandan sonra MTN-də bu dəstənin cinayətlərini araşdıran istintaq qrupunun üzvlərindən biri də özü olub. Araşdırma zamanı ortaya çıxıb ki, dəstənin milliyyətcə çeçen olan üzvlərindən birinin münasibətdə olduğu Rəna Nəsibova adlı qadın onların cinayətləri haqda Baş Prokurorluğun rəhbərliyinə xəbər verib. O, Qaralova rəsmi məktub yazıb, daha sonra Usubovla görüşüb, ona dəstə üzvündən eşitdiklərinin hamısını danışıb. O cümlədən DİN-də Hacı adlı polkovnikin bu dəstəyə rəhbərlik etdiyini də bildirib.

Usubovla görüşdən az sonra Nəsibova işlədiyi "Knauf" şirkətinin ofisində ölü tapılıb.

"Rəna Nəsibova bu dəstənin kimləri öldürdüyünü, kimləri oğurladığını Rüstəm Usubova desə də, o, heç bir tədbir görməyib, iki formal məktub yazmaqla işini bitmiş sayıb. Az sonra Rəna Nəsibovanın işlədiyi şirkətdə meyiti tapılanda hadisə yerinə ilk gələnlərdən biri Rüstəm Usubov olub", – təqsirləndirilən Ələkbərovun sözləridir.

Həmin vaxt ekspertizadan rəy alınıb ki, Nəsibova artıq dozada narkotik qəbulundan ölüb. Hərçənd, yaxınları onun ümumiyyətlə narkotik istifadəçisi olmadığını deyirdi. Hacı Məmmədovun dəstəsinin ifşasından sonra araşdırmalarda Nəsibovanın əslində boğularaq qətlə yetirildiyi ortaya çıxıb.

MTN polkovniki danışır ki, 2005-ci ildə bu məsələ ilə əlaqədar Baş prokurorun birinci müavini Usubovu dindirib: "Bu məsələni Mövlam Şıxəliyevə məruzə elədim, o, Rüstəm Usubovun həbsinə göstəriş verdi. Amma mən o göstərişi icra eləmədim, buna görə peşmanam. O vaxt göstərişi icra eləsəydim, bu gün burada olmazdım. Rüstəm Usubovun o vaxtdan onu dindirdiyimə görə mənə qarşı şəxsi ədavəti var. Ona görə məni bu cinayət işinə qatıb, bu gün məhkəmə qarşısındayam. Mən buradayamsa, Rüstəm Usubov da burada cavab verməlidir".

"Zakir Qaralov, Rüstəm Usubov özləri gəlib burada izah versinlər"

Digər təqsirləndirilən polkovnik Vüsal Ələkbərov da Qaralov və Usubovun məhkəmədə dindirilməsində israrlı olduğunu deyib. Ələkbərov MTN-də vətəndaşlardan hədə-qorxu ilə pul tələb olunması və s. əməllərə görə bundan öncə 2015-ci ildə həbs olunmuşdu. Ona 5 il həbs cəzası kəsilmişdi.

"Mən ikinci dəfə bu həyatı yaşamayacağam. Hər şeyi olduğu kimi açıb deyəcəyəm. Gözləyirəm ki, Zakir Qaralov, Rüstəm Usubov özləri gəlib burada izah versinlər. Desinlər ki, kimlərinsə haqqında cinayət işi başlanması, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi hansı qaydada baş verib. Xahiş edirəm ki, Sahib Ələkbərovun vəsatəti təmin edilsin", – Ələkbərov keçmiş iş yoldaşının vəsatətini müdafiə edib.

Zərərçəkmişlər də Qaralov və Usubovun məhkəməyə çağırılması məsələsində təqsirləndirilənlərlə həmrəy olublar. Onlar vurğulayıb ki, barələrində saxta cinayət işlərində onların imzası var və gəlib cavab verməlidirlər.

"Zərərçəkənlərin bir vəsatətini də təmin etməmisiz"

Zərərçəkmişlərdən Qulam Bağırov isə Bakı Hərbi Məhkəməsində bu işə baxan hakim Elbəy Allahverdiyevə etiraz edir. Deyir ki, vaxtilə müstəntiq olanda MTN-də Şıxəliyevin rəhbərliyi altında fəaliyyət göstərmiş Allahverdiyev keçmiş həmkarlarının əməllərini ört-basdır etməyə çalışır. Zərərçəkmişin sözlərinə görə, hakimin heç bir əsas olmadan jurnalistləri bu məhkəmə prosesinə buraxmaması da bundan irəli gəlir: "Açıq məhkəmə prosesində jurnalistlərin iştirakına imkan vermirsiz. Siz açıq məhkəmə prosesini qapalı keçirməklə faktiki Mövlam Şıxəliyevgilin bizlərə qarşı törətdiklərini ört-basdır eləməyə çalışırsınız. Bu, həm də onların əməllərinə şərik olmaq deməkdir. Doqquz aydır məhkəmə gedir, zərərçəkənlərin bir vəsatətini də təmin etməmisiz. Təqsirləndirilən şəxsləri aşkar müdafiə edirsiniz...".

Əfsəl Həsənəliyev
Əfsəl Həsənəliyev

"Bunlara görə ailəm evsiz-eşiksiz qalıb"

Proses iyunun 21-də davam edib. Zərərçəkmiş qismində tanınan şəxslərdən biri Əfsəl Həsənəliyev iyunun 21-də AzadlıqRadiosuna bildirib ki, o, sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun məhkəməyə çağrılmasını tələb edir. Çünki hesab edir ki, qondarma ittihamla həbs edilib, ailəsindən zorla alınan 50 min dolların bir hissəsi Qaralov və Usubova çatıb. Onun sözlərinə görə, haqqında tərtib olunmuş ittiham aktında da Usubovun imzası vardı.

"İndi məhkəmə qarşısında dayananlar piramidanın aşağı hissəsində olanlardır. Bunlara görə ailəm evsiz-eşiksiz qalıb. O zaman məni saxta ittihamla həbs edəndə ailəm evimi girov qoyub pul götürüb vermişdi. Sonra krediti ödəyə bilmədik", – Həsənəliyev belə deyib.

O əlavə edib ki, 2015-ci ildə MTN-də əməliyyat keçiriləndən və bir sıra vəzifəli şəxslər həbs olunandan sonra o da pozulmuş hüquqlarının müdafiəsi üçün müxtəlif dövlət orqanlarına şikayət edib. O cümlədən Qaralov və Usubovun da qəbulunda olub. Lakin heç bir tədbir görülməyib: "İstintaqa nəzarət orqanı prokurorluqdur. Bütün proseslər onların öz nəzarətində baş verib, onda gərək özləri haqqında tədbir görsünlər".

Jurnalistləri təhqir ediblər

Bu cinayət işi üzrə təqsirləndirilən dörd nəfərdən yalnız general Şıxəliyev həbsdədir. Digər üç nəfər barəsində isə başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib. Onlardan MTN-in İstintaq Baş İdarəsinin şöbə rəisi olmuş polkovnik Vüsal Ələkbərov və başqa bir şöbənin sabiq rəis müavini Sahib Ələkbərov məhkəmənin qarşısında jurnalistlərin onlara ünvanladığı sualları cavablandırmaqdan imtina edib. Üstəlik, sual verən media nümayəndələrini təhqir ediblər.

Vüsal Ələkbərov
Vüsal Ələkbərov

Sabiq MTN vəzifəlilərinin işi üzrə məhkəmə araşdırmaları davam edir.

Rüstəm Usubov 2005-2020-ci illərdə baş prokurorun birinci müavini vəzifəsində işləyib.

Zakir Qaralov isə 2000-2020-ci illərdə baş prokuror vəzifəsində çalışıb.

Xatırlatma

General Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsiylə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı. Onlardan Şıxəliyev və Yasin Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə suçlanaraq Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra azadlığa buraxılmışdı.

Onların adları iş adamları ilə yanaşı, bir sıra siyasi motivli işlərdə hallanıb. Məsələn, Ələkbərov şərti olaraq "Səid Dadaşbəylinin dəstəsi" adlandırılan işin istintaqını aparanlardan olub. Həmin iş üzrə təqsirləndirilənlər qanunsuz həbs olunmaqla yanaşı, həm də Ələkbərov tərəfindən işgəncələrə məruz qaldıqlarını bildirirdilər. Sabiq MTN-çilər isə ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG