Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:30

'MTN işi': '8-ci km bazarı' qardaşlardan necə alınıb


Keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov suallara cavab vermədi
Keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov suallara cavab vermədi

Keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov iyunun 7-də məhkəmədə dindirilib.

O, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general Akif Çovdarov və işçiləri - Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun məhkəməsində ifadə verib. Sabiq nazir müavini 8-ci kilometr bazarının onun həyat yoldaşı Nüşabə Əsədova və Çovdarovun qızı Aida Qasımovanın adına necə keçməsi haqda danışıb.

İFADƏLƏR ARASINDA ZİDDİYYƏT OLUB

Məhkəməyə media nümayəndələri buraxılmadığından jurnalistlər sabiq nazir müavinindən məhkəmədən çıxarkən suallarına cavab almaq istəyib. Amma Hilal Əsədov sualları cavablandırmaqdan imtina edib. General məhkəmədə vəkili ilə birlikdə iştirak edib.

Buna da bax:​ '8-ci kilometr bazarı' Çovdarovun qızına necə verilib?

Akif Çovdarovun vəkili Sadiq Rəsulov AzadlıqRadiosu-na deyib ki, Hilal Əsədov məhkəmədə istintaqa ifadəsinin müəyyən hissəsini təsdiqləyib. Bildirib ki, Cəfər Səfərov və qardaşlarının işi üzrə bəzi məqamlar üzə çıxdığı üçün onlarla bağlı araşdırmanı dayandırmalı olublar. Akif Çovdarov da onun dediyini təsdiqləyib.

Amma söhbətin hansı məsələdən getdiyi bəlli olmayıb.

Akif Çovdarovun digər vəkili Kamandar Nəsibov isə deyir ki, Hilal Əsədovun istintaqa ifadəsi ilə məhkəmədə söylədikləri arasında ziddiyyət olub. Sabiq nazir müavini ziddiyyətə aydınlıq gətirərkən bildirib ki, istintaq zamanı verdiyi ifadəsini xatırlamır. Dediyinə görə, istintaq zamanı ifadə verərkən eynəyi yanında olmayıb və ifadəsini oxumadan imzalayıb.

Buna da bax: Akif Çovdarov: 'Agenturayla bağlı ad çəksəm...'

HƏR ŞEY NECƏ BAŞLADI

Hilal Əsədov istintaqa ifadəsində deyib ki, 2005-ci ildən nazir Eldar Mahmudovun müavini olub. Birbaşa nazirin şifahi tapşırığı ilə 2005-2009-cu illərdə nazirliyin Antiterror Mərkəzinə, 2011-ci ildən sonra həm də Əks-kəşfiyyat Baş İdarəsinin işlərinə nəzarət edib.

"8-ci kilometr bazarı"nın Səfərov qardaşlarından alınmasına gəlincə, Hilal Əsədov belə ifadə verib: "Onların sabiq iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyevin yaxın adamları olduğunu bilirdim. 2005-ci il idi. Akif Çovdarov yanıma gəldi. Dedi, Çingiz Əsədov adlı şəxs Səfərov qardaşlarından şikayət edir. Çingiz Əsədov bildirmişdi ki, Səfərov qardaşları 2002-ci ildə zorla Naxçıvanski küçəsi 50-də yerləşən meyvə-tərəvəz bazarını onun əlindən alıblar. Ona hədə-qorxu gəliblər, qardaşını oğurlayıblar. O vaxt Səfərov qardaşlarının sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim. Fərhad Əliyev onda yenicə həbs edilmişdi, barəsində cinayət işi istintaq olunurdu”.

Buna da bax:​ '8-ci kilometr bazarı'nda arabaçıların haqqı qalxıb...

“SƏMİMİ ETİRAF EDİBLƏR”

Hilal Əsədovun sözlərinə görə, Səfərov qardaşları əməllərini – bazarı Çingiz Əsədovdan zorla aldıqlarını Akif Çovdarova etiraf ediblər: "Çovdarov o zaman Antiterror Mərkəzinin 1-ci idarəsinin 1-ci şöbəsinin rəisi idi. O, gördüyü işlərlə bağlı mənə məruzə edirdi. Çovdarov Səfərov qardaşlarını dindirmişdi, onlar elədikləri əməlləri səmimi şəkildə etiraf etmişdi. Çingiz Əsədovun isə Səfərov qardaşları barəsində rəsmi şikayət edib, onları həbs etdirmək niyyəti yox idi. O, yalnız bazarın geri qaytarılmasını istəyirdi Mən bunların hamısını Eldar Mahmudova məruzə elədim. Nazir məsələnin ciddi araşdırılmasını istəmişdi.

Mən nə Çingizi, nə də Səfərov qardaşlarını tanıyırdım. Bu məsələ ilə bağlı Çovdarov mənə gündəlik məruzə edirdi. Məruzələrdən sonra mənə məlum oldu ki, müəyyən məbləğ ödənildikdən sonra Səfərov qardaşları bazarı yenidən Çingiz Əsədova satıblar. Bu məsələlərdən sonra bazar Çingizə qaytarılıb”.

Buna da bax:​ Çovdarov nazir müşavirindən də 2 milyon manat alıb?

DEYİB “HALALLIQLA BAZARI ALIN”

Hilal Əsədovun sözlərinə görə, bu söhbətlərdən iki-üç həftə sonra Çingiz Əsədov bazarı satmaq istəyib: “Akif zəng edib bu barədə mənə məlumat verdi. Çovdarova dedim ki, bu məsələni mütləq Eldar Mahmudova məruzə edəcəyəm. Nazirin yanına getdim, bu barədə məlumat verdim. Eldar Mahmudov bir neçə günə cavab verəcəyini dedi. İki gün sonra nazir razılıq verdi. Eldar Mahmudov dedi ki, ‘halallıqla bazarı alın’. Bütün işlər Çovdarova tapşırıldı. Payım olsun deyə qayınatam Ənvər Məmmədova bazarın yarısını almağı təklif etdim. Digər yarısını isə Çovdarovun özü həll edəcəkdi. 70 min dollar qayınatama verdim, qalan pulu özü düzəltdi. Bazarın alınmasında rolum ancaq Ənvər Məmmədova pul verməyim olub. Bütün sənədləşdirmə işləri Akif Çovdarov və qayınatam tərəfindən aparılıb. Bazar qayınatam və Akif Çovdarovun yaxın adamı Elşən Hüseynova satıldı. Onların hər biri bazarda 50 faiz paya sahib oldular. Bazarı hazırda elə Elşən Hüseynov işlədir. 2012-ci ildə qayınatam özünə düşən payı yoldaşım Nüşabəyə verib. Bazarın alqı-satqısı, ada keçirilməsi 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində oldu. Bunların heç birində mən iştirak etməmişəm. Hər ay Ənvər Məmmədov Nüşabəyə 15-20 min dollar pul verirdi”.

XS
SM
MD
LG