Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:26

MTN polkovnikindən çağırış: 'Mənim səhvimi təkrarlamayın...'


MTN
MTN

Keçmiş MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin şöbə rəisi olmuş, nazirlik ətrafındakı məlum hadisələrdən sonra həbs edilən polkovnik Mirəziz Əsgərovla onun işi üzrə zərərçəkmiş sahibkar Vidadi Əzizov arasında qalmaqal yaranıb. Bu olay MTN polkovnikinin məhkəməsində baş verib.

M.Əsgərov MTN-də işlədiyi dövrdə Əzizovu həbslə hədələyib, 340 min manatını almaqda suçlanır.

«BU MƏNİM SƏHVİMDİ»

Məhkəmədə zərərçəkən MTN-i «quldur yuvası» adlandırıb:

«Bu hadisələr də göstərir ki, orada quldur dəstələri toplaşıbmış... Bəlkə düz demirəm?!».

***Buna da bax-MTN polkovniki: 'Şeytan maşını işə düşüb, daha dözə bilmirəm...'

V.Əzizovun MTN haqda söylədikləri polkovnikin etirazına səbəb olub. MTN-də çalışanların dövlətə xidmət etdiklərini, vətənpərvər olduqlarını vurğulayan Əsgərov deyir ki, bu gün gəlib üzünə dayanan V.Əzizovun özü, əslində, həbsdə olmalıdır. MTN polkovnikinin sözlərinə görə, Əzizovun haqqında yetərincə sübut-dəlillər də var:

«İndi burada bizi mühakimə edirlər. Vidadi Əzizov kimilər isə bizim kimi vətənə xidmət edənləri ittiham edir. Əslində, onun özünü həbs etmək lazımdır. Mən o vaxt səhv edib Vidadi Əzizovu sərbəst buraxdım. Bir daha deyirəm, bu mənim səhvimdir. Amma hörmətli hakim, hörmətli prokuror, sizlər mənim səhvimi təkrarlamayın, Vidadi Əzizov cinayətkardır, onu həbs edin».

M.Əsgərovun haqqındakı cinayət işinə Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Hakimlər heyəti və prokuror MTN polkovnikinin zərərçəkmişi həbs etmək barədə çağırışına münasibət bildirməyib. Amma zərərçəkənlə mübahisəyə və məhkəmədə yaranmış qalmaqala görə M. Əsgərova xəbərdarlıq olunub.

***Buna da bax-Zərərçəkmiş: '300 min dollarımı alıb buraxdılar'

Cinayət işinin materiallarına əsasən, zərərçəkən V.Əsgərov həyat yoldaşı ilə birlikdə «Zaminbank»ın Nərimanov filialından xaricdən göndərilmiş böyük məbləğdə vəsaiti götürüb çıxanda MTN əməkdaşları onu həbs edərək, nazirliyə gətiriblər. MTN-də bir neçə saat saxlandıqdan sonra torbadakı puldan 300 min götürüb, qalanını özünə verib buraxıblar.

900 MİNİN 600 MİNİNİ GÖTÜRÜB

Məhkəmədə «Zaminbank»ın Nərimanov filialının müdiri olmuş Qubad Qubadov da şahid kimi dindirilib. Deyib ki, xaricdən 900 min dollar göndərilmişdi. Göndərilən pulun 600 minini V.Əzizov götürüb çıxıb. Sonradan eşidib ki, Əzizovu bankdan çıxanda MTN əməkdaşları həbs edib:

«Elə həmin gün MTN-dən mənə zəng gəldi. Telefonda danışan tanımadığım şəxs özünü MTN əməkdaşı kimi təqdim etdi və göndərilmiş puldan bankda qalan məbləği də nazirliyə gətirməyimi istədi. Mən də həmin pulu MTN əməkdaşlarına verdim».

Şahidin ifadəsinə münasibət bildirən M.Əsgərov bildirib ki, həmin vaxt MTN-də V.Əzizovun haqqında kifayət qədər materiallar toplanmışdı. Ayrı-ayrılıqda 7 iş vardı.

M.Əsgərov həmin vaxt V.Əzizov haqqında toplanmış materialların da bu cinayət işinə əlavə olunmasını istəyib. MTN polkovniki Əzizovu xarici ölkələrə casusluqda, o cümlədən çirkli pulların yuyulmasında ittiham edir. Hesab edir ki, həmin materiallar işinə əlavə olunsa, V.Əzizovun zərərçəkmiş yox, təqsirkar olduğu ortaya çıxar.

MTN polkovnikinin məhkəməsi iyunun 23-də davam edəcək.

MTN 2015-ci ilin sonunda ləğv edilib. Nazirliyin bazasında iki qurum - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. MTN-nin bir sıra yüksəkrütbəli rəsmiləri mənimsəmə, qulluq səlahiyyətini aşma və digər ağır cinayətlərdə ittiham ediliblər.

XS
SM
MD
LG