Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:47

MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

"O vaxt biz prokuror uşaqlarını tutduq, hərəsinin cibindən 300-350 ‘tabletka’ çıxdı. Ortada video var idi deyə, işi bağlaya bilmədilər. Prokurorluq bizimlə o vaxtdan düşmənçiliyə başladı", – həbsdə olan MTN polkovniki Səlim Məmmədovun sözləridir.

Səlim Məmmədov MTN-də Akif Çovdarovun rəhbərlik etdiyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində işləyib. Hazırda da Çovdarov və həmin idarənin əməkdaşı olmuş daha iki nəfər – polkovnik Akif Əliyev və Orxan Osmanovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri və iki hakimi, Sabunçu Rayon Məhkəməsinin binasında baxır.

Buna da bax:​ Kəmaləddin Heydərovun polkovnik 'dayısı oğluna' 15 il həbs verildi

Artıq məhkəmə istintaqı başa çatıb, prokuror təqsirləndirilən şəxslərə 9 ildən 15 ilə qədər cəza, vəkilləri isə bəraət istəyib. Hazırda təqsirləndirilən şəxslərin son söz demək mərhələsidir.

Sentyabrın 27-də Səlim Məmmədov son sözünü deyib.

“HƏYAT YOLDAŞIMIN BOYUNBAĞISINI APARIBLAR”

O bildirib ki, evində axtarış zamanı ailəsinə sataşıblar: "579 adam tutmuşam, heç birinin evində axtarışda kobudluq olmayıb. Amma mənim evimdə axtarış aparılanda ailəmə sataşıblar. Hətta həyat yoldaşımın boyunbağısını da aparıblar".

Prokurorluğun onlarla düşmənçilik apardığını deyən S.Məmmədov bildirib ki, bu münasibətin kökündə MTN-in 2008-ci ildə narkotikin istifadəsi və satışı ilə məşğul olan prokuror övladlarını həbs etməsi dayanır.

Buna da bax: Məhkəmədə MTN generalının üzünə su atdılar

"Həmin vaxt biz bir polis mayorunun oğlu ilə bağlı tədbir keçirdik. Onun ‘ekstazi’ satması barədə bizdə məlumat var idi. Polis oğlunun danışdığı şəxslərin telefon nömrələrini dinləməyə qoyduq. Bu xətt zəncirvari olaraq Bakı şəhər prokurorunun və Əzizbəyov (indiki Xəzər rayonu – red.) rayonunun keçmiş prokurorunun övladlarına gedib çıxdı. Hər şeyi səliqəli şəkildə, qanun çərçivəsində etdik. Axtarışların hamısında şəxsən özüm iştirak etdim. Gəlib gördüm ki, prokurorluq aləmi qatıb bir-birinə. Deyirdilər ki, ‘sən prokurorların uşaqlarına sataşmısan’. Az qalırdılar, məni xalq düşməni elan eləsinlər. Ortada video var idi deyə, işi bağlaya bilmədilər. O uşaqların hərəsinin cibindən 300-350 ‘tabletka’ çıxdı. Bizim düşmənçiliyimiz də o vaxtdan başladı", – S.Məmmədov belə deyib.

“BİZLƏ QƏRƏZLİ DAVRANIRLAR”

MTN polkovniki özü ilə yanaşı, Akif Çovdarovu, keçmiş nazir Eldar Mahmudovu da müdafiə edib. Deyib ki, onlar daim dövlətə, dövlətçiliyə xidmət edib: "Çıxarılacaq hökmdən asılı olmayaraq , yenə dövlətçiliyə sadiq qalacağıq. Keçmiş “MTN-çi” olmur. Amma bizlə qərəzli davranırlar.

Buna da bax:​ Şahid: 'Ulu öndərin Cənubda dostu bir mən idim, bir də Xanış kişi'

Ermənilərlə işləyib dövlətə xəyanət etməkdə ittiham edilən Rauf Mirqədirovu (jurnalist Rauf Mirqədirov 6 il azadlıqdan məhrum edilsə də, sonradan 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılıb, hazırda Avropada mühacirətdədir – red.) atasının yasına buraxdılar, amma anam öləndə məni buraxmadılar. Biz sizin uşaqlar üçün çalışıb narkotiklə mübarizə aparırdıq, siz bizimlə nəyin mübarizəsini aparırsız?"

S.Məmmədov MTN-nin bazasında yaradılmış Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətindən də narazılıq edib: "Biz işləyəndə il ərzində 1 tondan çox narkotik aşkar edib götürürdük, bizdən sonra isə ilə cəmi 30 kiloqram narkotik tapa biliblər.

Azərbaycan xalqına həqiqət, hakimlərə ədalət, özümə isə bəraət istəyirəm”.

Buna da bax:​ MTN generalı: 'Evə axtarışa gedəndə 20-30 nəfərlik qrup təyin edirlər'

Çovdarov son sözə hazır deyil

Günün ikinci yarısında davam edən prosesdə təqsirləndirilən şəxslərdən polkovnik Akif Əliyev son sözünü deyib. O da elan olunmuş ittihamları qəbul etməyib və haqqında bəraət hökmünün çıxarılmasını istəyib.

Ardınca Akif Çovdarova son söz demək təklif olunub. Amma MTN generalı çıxışa hazır olmadığını bildirib. Deyib ki, növbəti məhkəmə iclasında çıxış edəcək.

Növbəti məhkəmə isə oktyabrın 4-nə təyin olunub.

XATIRLATMA

Akif Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunub. Ümumilikdə həbs edilən MTN-çilərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.

Çovdarov və keçmiş işçilərinə qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla, 10-dan artıq maddə ilə ittiham verilib. Onlar pul almaq məqsədilə iş adamlarının MTN-ə gətirilib qanunsuz həbsdə saxlanması, agenturaya ayrılan pulların mənimsənilməsi, telefon danışıqlarının qanunsuz dinlənilməsi və s. əməllərdə suçlanır.

Buna da bax:​ 'MTN işi': 'Rəhbər, təşkilatçı kim olub, rol bölgüsü necə olub?' [video]

Prokuror A.Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanov və Akif Əliyevin hər birinin isə 9 il azadlıqdan məhrum edilməsini təklif edib. A.Əliyev və O.Osmanova münasibətdə CM-nin 62-ci (cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqi istənilib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG