Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:45

Müdafiə Nazirliyində 143 milyonluq yeyinti işi: generala 12 il 6 ay həbs tələbi


Müdafiə Nazirliyində 100 milyon manatlıq yeyinti: 'Ölkə rəhbərliyinin bundan xəbəri olub'
Gözlə

No media source currently available

0:00 0:12:04 0:00

Müdafiə Nazirliyində 100 milyon manatlıq yeyinti: 'Ölkə rəhbərliyinin bundan xəbəri olub'

Müdafiə Nazirliyində 143 milyon manat yeyinti ilə bağlı cinayət işi üzrə həbs edilənlər arasında yeganə general Nizami Məmmədova 12 il 6 ay həbs cəzası istənilib. Noyabrın 22-də Bakı Hərbi Məhkəməsində prokuror belə bir təkliflə çıxış edib.

Nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi olmuş general-mayor N.Məmmədov iki ilə yaxındır ki, həbsdədir. O, 143 milyonluq yeyinti işi üzrə həbsdə olanlardan daha üç nəfərlə birlikdə mühakimə olunur. Bunlar Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə idarəsinin keçmiş rəisi Cəlal Kazımov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinə rəhbərlik etmiş Vüsal Əlizadədir.

Prokuror iddia edir ki, Bakı Hərbi Məhkəməsində bir ildən çox davam edən araşdırmalar zamanı general və adları çəkilən digər üç nəfərə verilən mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları təsdiqini tapıb. Dövlət ittihamçısı generalla yanaşı, polkovniklər B.Bayramov və C.Kazımovun hər birinə 12 il, V.Əlizadəyə isə 11 il 6 ay həbs cəzası istəyib.

Prokuror həmçinin təqsirləndirilən şəxslərin özləri və onların yaxınlarının adlarına olan bir sıra əmlakların müsadirə olunmasını təklif edib.

Dövlət ittihamçısının çıxışından vəkillər narazı qalıb. Onlar müdafiə nitqinə hazırlaşmaq üçün vaxt istəyib. Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası vəkillərə noyabrın 29-nadək vaxt verib.

Ötən məhkəmə iclaslarından birində hakim elan etmişdi ki, cinayət işi başlanandan indiyədək təqsirləndirilən şəxslər 143 milyon manatlıq ziyandan 38 milyon 664 min manat pul ödənilib. Bunun da 12 milyon 203 min manatını general N.Məmmədov ödəyib. C.Kazımov, V.Əlizadə də müəyyən qədər ödəniş edib.

Təqsirləndirilən şəxslərin heç biri ittihamı qəbul etmir. Onlar özlərini təqsirli bilmir. Hesab edirlər ki, ümumiyyətlə, 143 milyonluq mənimsəmə ola bilməzdi, bu rəqəm də şişirdilib.

Xatırlatma

2022-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları Müdafiə Nazirliyində əməliyyat keçirib. Əməliyyat nəticəsində nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov, Satınalmalar və Təchizat İdarəsinə rəhbərlik etmiş Məlikməmməd Qurbanov, Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev də daxil olmaqla, 15 nəfərə yaxın vəzifəli şəxs həbs olunub.

DTX-nın İstintaq İdarəsində il yarıma yaxın istintaqı davam edən cinayət işində Müdafiə Nazirliyi və ona tabe qurumlarda ümumilikdə 143 milyonluq yeyintidən söhbət gedir. İddia olunur ki, mənimsəmə əsasən, ərzaq, avadanlıq alınarkən qiymətlərin şişirdilməsi, tenderlərdə qalib elan edilən şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsinin geri alınması və s. yollarla baş verib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (vəzifədən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu cinayət işi üzrə məsuliyyətə cəlb olunan şəxslərin işləri sonradan ayrı-ayrılıqda məhkəməyə göndərilib. Onlardan bəziləri tək mühakimə olunsa da, bəziləri qrup şəklində məhkəmə önünə çıxarıldı. Onlardan bəziləri – Məlikməmməd Qurbanov, Mahir Şirvanovun məhkəməsi yekunlaşıb. Polkovniklərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunub. Hakimlər yüngülləşdirici hallardan biri kimi, polkovniklərin öz paylarına düşən ziyanı – mənimsədikləri iddia olunan məbləğləri ödəmələrini göstəriblər. Hərəsinə 3-4 il həbs cəzası kəsilib. Amma prokurorluq bundan narazı qalıb və apellyasiya protesti verib.

XS
SM
MD
LG