Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:51

Azərbaycanda müəllimlərin 20 faizi minimum əməkhaqqı səviyyəsində maaş alır


Məmurlar niyə müəllim və həkimlərdən çox maaş alır? Sosial ədalət varmı?
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Məmurlar niyə müəllim və həkimlərdən çox maaş alır? Sosial ədalət varmı? (2021)

Azərbaycanda rəsmi əmək müqaviləsi ilə çalışanların təxminən 10 faizə yaxınını müəllimlərdir. Ölkədə özəlliklə qadınların məşğulluğu və gəlir səviyyəsi baxımından müəllim maaşları çox vacib amildir. Bugünlərdə Azərbaycan Müəllimlərinin 16-cı Qurultayında çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkədə indiki müəllim maaşları ilə bağlı göstəriciləri açıqlayıb. Açıqlanan rəqəmlərdən bəlli olur ki, hazırda ölkədə 137 min müəllim çalışır. Bu sayda müəllimin orta aylıq gəliri 830 manatdır. Onu da unutmaq olmaz ki, bu 830 manatlıq göstərici vergilər daxil olan məbləğdir. Başqa deyimlə, vergilər çıxıldıqdan sonra indi Azərbaycandakı müəllimlərin orta aylıq gəliri 696 manatdır.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı göstəricilərə görə, hazırda Azərbaycanda orta aylıq maaş 921 manatdır. Bu o deməkdir ki, ölkədə müəllimlərin orta aylıq əməkhaqqı göstəricisi ölkə ortalaması ilə müqayisədə 10 faiz aşağıdır.

Maaşı 2 min manatı aşan müəllimlər var

Ölkə üzrə müəllimlərin orta aylıq maaşı 830 manat olsa da, müəllimlər arasında bu məbləğdən daha az qazananlar var. Təhsil Nazirinin açıqladığı rəqəmlərə görə, ölkədə 28 min müəllimin - bütün müəllimlərin 22 faizinin orta aylıq maaşı 500 manatdan azdır. Hazırda Azərbaycanda minimum əməkhaqqının 345 manat olduğu nəzərə alınsa, bəlli olur ki, Azərbaycanda təxminən hər beş müəllimdən biri minimum əməkhaqqına yaxın maaş alır.

Müəllimlərin ən böyük bölümü – 59 min nəfəri (bütün müəllimlərin 46 faizi) 500-1000 manat arası maaş alır. Daha az maaş alanlar diqqətə alınsa, Azərbaycandakı müəllimlərin 68 faizinin maaşının üçrəqəmli olması üzə çıxar.

Ölkədə maaşı 1000-1500 manat aralığında olan müəllimlərin sayı isə 34 min nəfərdir. Onların sayı ölkədəki bütün müəllimlərin 27 faizi qədərdir. Daha 7 min nəfərin (bütün müəllimlərin 5 faizi) aylıq maaşı 1500-2000 manat arasında dəyişir. Az da olsa, Azərbaycanda maaşı 2 min manatı aşan müəllimlər də var. Onların sayı ölkədəki müəllimlərin 1 faizindən də az (0.7 faiz), cəmi 950 nəfərdir.

Maaşlar necə formalaşır?

Azərbaycanda müəllim maaşının formalaşmasına təsir göstərən əsas amil dərs saatlarıdır. Açıqlanan rəsmi göstəricilərdən də bəlli olur ki, dərs saatı artdıqca orta aylıq maaş yüksəlir. Məsələn, hazırda orta aylıq gəliri 500 manatadək olan 28 min müəllimin ortalama hər həftə 7 saat dərsi var. Aylıq maaşı 2 min manatı aşan müəllimlərsə həftədə 33 saat - ən aşağı orta dərs saatına malik müəllimlərlə müqayisədə təxminən beş dəfə çox dərs deyir.

Əslində ölkədə müəllimlərin önəmli bölümünün dərs saatı azlığından əziyyət çəkməsinin əsas səbəbi də hökumətin öncəki dövrdə apardığı uğursuz idarəçilikdir. İllərlə rüşvət və digər korrupsiya halları hesabına müəllimlərin plansız şəkildə işə qəbulu hazırda müəllimlərin orta maaşının az olmasının əsas səbəblərindən biridir. Elm və təhsil naziri bir müddət öncə mediaya açıqlamasında bildirmişdi ki, bəzi bölgələrdə eyni fəndən dərs deyən müəllim sayı sinif sayından daha çoxdur. Məsələn, Astarada 356 ibtidai sinif, amma 676 ibtidai sinif müəllimi var. Beləcə, hər ibtidai sinfə ortalama iki müəllim düşür. Ağdam rayonu üzrə 616 ibtidai sinif olsa da, 1056 ibtidai sinif müəllimi var. Müəllim sayının sinif sayına nisbəti Lənkəran (1.70), Ağdaş (1.66) və Qəbələ (1.65) rayonlarında da yüksəkdir.

Müəllimlərin imtahanı neçə insanın gəlirinə təsir göstərib?

Azərbaycanda son dövrlər müəllimlərin maaşına dair differensial modelə keçid gerçəkləşdirilir. Başqa sözlə, sertifikasiya imtahanlarında uğurlu nəticə göstərən müəllimlər daha yüksək maaş almaq imkanı əldə edirlər. Sertifikasiya test sınaqlarından 30-50 bal toplayan müəllimlərin maaşı 10 faiz, 51-60 bal toplayanlarınkı 35 faiz artırılır. Açıqlanan rəsmi rəqəmlərə görə, indiyədək 40 min müəllim - bütün müəllimlərin 30 faizə yaxını bu imtahanlara qatılıb. Deməli, müəllimlərin maaşının artırılması üçün tətbiq edilən model, hələlik, onların üçdə birindən də azının üzünü güldürüb.

Onu da unutmaq olmaz ki, sertifikasiya imtahanlarına qatılan müəllimlərin heç də hamısının maaşları artmır. Elm və təhsil nazirinin açıqladığı rəqəmlərdən görünür ki, imtahanlara qatılan 40 min müəllimin 32 mininin maaşı artıb. Başqa sözlə, sertifikasiyaya qatılan müəllimlərin 20 faizi (8 min müəllim) imtahanda uğurlu nəticə göstərməyib. İmtahanda minimum göstəriciləri üstələyən 32 min müəllimdən 24 mininin maaşı 10 faiz, cəmi 8 minin maaşı 35 faiz artırılıb.

Elm və təhsil naziri öz açıqlamasında direktor və direktor müavinlərinin maaş göstəricilərini də diqqətə yetirib. Bəlli olub ki, Azərbaycanda məktəb direktorlarının orta maaşı 2 min 50 manat, direktor müavinlərinin orta maaşı 1 min 350 manatdır. Başqa deyimlə, direktorların maaşı müəllimlərin orta aylıq maaşını 2.5 dəfə, direktor müavinlərinin maaşı yarıbayarıdan çox - 63 faiz qabaqlayır.

XS
SM
MD
LG