Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:28

'Konfliktlərin həllində hərəkətverici qüvvə demokratiya ola bilər'


Dəyişən Konstitusiya İlham Əliyevi necə super prezidentə çevirir?
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Dəyişən Konstitusiya İlham Əliyevi necə super prezidentə çevirir?

Fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Ermənistan Baş naziri Nikol Paşinyanın çıxışları dinlənib, Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə olunub.

Ayrıca, ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Əliyev və Paşinyan görüşüb. Görüşdən sonra Blinken qeyd edib ki, Bakı ilə Yerevan arasında sülh sazişi istiqamətində "əhəmiyyətli irəliləyiş" olub. O, Twitter hesabında yazıb: "Ermənistan-Azərbaycan sülh prosesinin plana uyğun getdiyini və iki tərəf arasında danışıqların davam etdiyini eşitmək çox xoşdur".

Digər tərəfdən, müzakirələr zamanı Paşinyan demokratiya və azad seçki barədə danışarkən ölkədə yayımın kəsilməsi də "Azərbaycanda bu mövzular qıcıq yaradır" tipli müzakirələrə səbəb olub. Hərçənd, AZTV məsələ ilə bağlı açıqlamasında bildirilib ki, Münhendə keçirilən panel iclasın yayımının yarımçıq dayandırılması siqnalın kəsilməsi ilə bağlı olub.

H.Babaoğlu
H.Babaoğlu

"Qıcıqla bağlı şayiələrə inanmıram"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu "Turan"a bildirib ki, Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasının açarını təqdim edib: "Azərbaycan prezidenti mühüm iki paradiqmaya istinad etdi. Bunlardan biri beynəlxalq hüquq, digəri isə hər bir ölkənin bütün ərazisində suveren hüquqlarının tətbiq edilməsidir. Bax, bu iki beynəlxalq hüququn əsas komponentinin məntiqi nəticəsi kimi Azərbaycan prezidenti dedi ki, Ermənistan və Azərbaycan arasında sərhəd-keçid məntəqələri qoyularsa, sülhə daha çox yaxınlaşmaq olar".

Deputat sonra da əlavə edib: "Əgər, doğrudan da, sərhəd-keçid məntəqələri qoyularsa, nə bizim sərvətlərimiz talanar, nə bizim ərazimizə Ermənistan tərəfindən minalar, hərbi qüvvələr daxil edilər, nə də Ruben Vardanyanlar, üçüncü ölkə emissarları ölkəmizə daxil ola bilər".

Ermənistan Baş naziri Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən həmin paneldə demişdi ki, düşmənçilik haqda çoxlu hekayələr danışmaq olar: "Amma liderlərin rolu nədən ibarətdir – bu düşmənçiliyi dərinləşdirməkdən, yoxsa öz imkanlarından, öz mandatlarından istifadə etməkdən? Fəxr edirəm ki, hökumətimiz hətta faciəvi müharibədən sonra ölkədə bütün dünyanın tanıdığı azad, demokratik seçkilər keçirməyə nail olub. Bizim nöqteyi-nəzərdən, həll demokratiyadan, şəffaflıqdan, dialoqdan, bütün ölkələrə hörmətdən keçir. Biz bu istiqamətdə işləməyə hazırıq".

Babaoğlu hesab edir ki, Paşinyanın demokratiyadan danışmağa haqqı yoxdur: "Çünki Azərbaycan ərazisinə iddia edən, üç il əvvəl həmin təhlükəsizlik konfransında "Qarabağ Ermənistandır, nöqtə" deyən və "yeni torpaqlar üçün yeni müharibə" tezisini irəli sürən müdafiə nazirinin baş naziri olan Paşinyan gərək demokratiya sözünü ağzına alanda utansın".

Ə.Oruclu
Ə.Oruclu

"Açarı Rusiyanın əlindədir"

Siyasi şərhçisi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın qurulması bu ölkələr arasında konfliktlərin həllindən keçir: "Nə qədər ki bu konfliktlər mövcuddur, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Ona görə ki, bunların hər biri destabilizasiya faktorudur. Münaqişələr öz özünə yaranmayıb, onlar məqsədli şəkildə yaradılıb və idarə olunur. İdarə olunmasında məqsəd bölgədəki geosiyasi maraqların həyata keçirilməsidir".

Politoloqun sözlərinə görə, bu münaqişələrin açarı Rusiyanın əlindədir: "Münaqişələr yalnız onda çözülə bilər ki, Rusiya buna çalışsın və ya bölgədən çıxarılsın. Nə münaqişələrin dondurulması, nə də onları kənara qoyaraq əməkdaşlıq sisteminin qurulması etibarlı olacaq".

Oruclu hesab edir ki, Münhen konfransında Əliyevlə Paşinyan arasında polemika münaqişənin həllinə, əməkdaşlığın qurulmasına dair heç bir yenilik verməyib: "Bu, yalnız konfliktin tarixi, siyasi aspektləri ilə bağlı mövqelərin təqdim edilməsi, "mən haqlıyam" tezisinin ictimaiyyətə çatdırılması idi".

Paşinyanın demokratiya çağırışlarına və çağırışlar zamanı yayımın kəsilməsinə gəlincə, ekspert qeyd edib ki, Azərbaycanda demokratiya çağırışlarına münasibət neqativdir: "Fərqi yoxdur bu çağırışlar hansı tərəfdən gəlir, ölkənin daxilindən və ya xaricindən, buna münasibət mənfidir. Halbuki, konfliktlərin həll olunmasında hərəkətverici qüvvə də demokratiya ola bilər".

Sülh danışıqları

2021-ci ilin dekabrından Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılırdı. Lakin ötən ilin sonlarından bu proses dayanmışdı. Azərbaycan rəsmiləri buna səbəb kimi Ermənistanın bu danışıqlarda Fransa prezidentinin iştirakını istəməsini göstərirdi. Bununla belə, ötən ay Avropa İttifaqı Şurası sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib.

Monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib. Elə 59-cu Münhen Təhlükəsizlik Konfransında da tərəflər sülh prosesinə sadiq olduqlarını vurğulayıblar.

Azərbaycan Qarabağ münaqişəsinin həll olunduğunu və yerli erməni icması ilə danışıqlara hazır olduğunu deyir. Ermənistan isə sülh prosesində beynəlxalq vasitəçilik istəyir və Qarabağın təhlükəsizliyini də önə sürür.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG