Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:21

“Avronestdə boş-boş danışırdılar”


Rasim Musabəyov
Rasim Musabəyov

►“Azərbaycan öz mövqeyini Rusiyaya çoxdan göstərib. Rusiya gəlib Azərbaycanda heç cınqırını da çıxara bilmir”

Avropa Parlamentinin sərt qətnaməsi Bakını elə qəzəbləndirdi ki, Milli Məclis Avronestdən imtina etdi. Nə baş verir? Azərbaycan Avropa ilə əlaqələrini qırırmı?

Milli Məclisin üzvü Rasim Musabəyov baş verən son olaylarla bağlı AzadlıqRadiosunun bu və digər suallarını cavablandırır:

- Azərbaycan Avropa ilə kifayət qədər sıx bağlıdır. İqtisadi dövriyyənin 50 faizi Avropa ilədir. Avropadan Azərbaycana investisiyalar, texnologiyalar, müasir menecment, elmi nailiyyətlər gəlir. Adamlarımızın böyük əksəriyyətinin həm işgüzar, həm istirahət üçün səfərləri Avropayadır. İnanıram ki, Azərbaycan Avropa ilə əlaqələri qırmaq niyyətində deyil.

- Azərbaycanın Avonestdən- Avropa İttifaqı Şərq Tərəfdaşlığına daxil ölkələrin Parlament Assambleyasından çıxmaqda qazancı nə olacaq, itirdiyi nə?

- Açığı, bəzi qurumların fəaliyyətindən çox fəaliyyətsizliyi var. Azərbaycanın Avronestdən çıxması, ya orda qalmasının ölkənin Avropa ilə münasibətlərinə heç bir təsiri yoxdur. Bu qurum Avropada heç nəyi həll etmir. Mən özüm Avronestdə Azərbaycan nümayəndə heyətinin üzvüydüm, bu qurumda boş danışıqlardan başqa heç nə yoxdur. Müəyyən mənada dialoq platforması, fikirlərin mübadiləsi aparılan qurumdur. Demək olar ki, bütün məsələlər prezidentlərin, nazirlərin yığıncağında qəbul olunur. Avronestdən çıxmaq Avropa Parlamentinin tələsik, düzgün ifadələr seçilməyən qərarına cavabdır. Avropa Parlamenti qərarında deyir ki, bizim sözümüzlə oturub durmasanız, sizi Avropaya inteqrasiyadan uzaqlaşdıracağıq, Azərbaycan da deyir ki, siz bunu sabah edəcəksinizsə, biz bunu bu gün edirik, bizi belə şeylə hədələmək olmaz.

- Rasim bəy, deyirsiz, Avronest mənasız qurum idi. Amma illərlə bu qurumda təmsil olunmaq üçün büdcədən vəsait xərclənib, deputatlara ezamiyyət xərcləri verilib…

- Mən dedim ki, bu qurum sadəcə bir dialoq platformasıdır, orda fikir mübadiləsi aparılırdı. Ümumi, elə də böyük əhəmiyyəti olmayan tövsiyələr müzakirə olunurdu. Azərbaycanın bu qurumda iştirak etməsiylə etməməsinin heç bir fərqi yoxdur. Son yığıncaq Ermənistanda keçirildi. Azərbaycan getmədi bu yığıncağa. Nə itirdi bundan?

Buna da bax: Ermənistan: Martirosyan oğurluq ittihamı ilə axtarışa verilib

“REAL ƏLAQƏLƏR İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQDADIR”

- Azərbaycan Avropaya qarşı kəskin mövqe sərgiləməyin fonunda Şərq Tərəfdaşlığı Proqramında öz mövqeyini qoruya biləcəkmi?

- Şərq Tərəfdaşlığı Proqramı özü də sual altındadır. Üç ölkə Assosiativ Saziş imzalayıb, üç ölkə isə imzalamayıb, 2-si - Ermənistanla Belarus gedib Avrasiya İttifaqına qoşulub, Azərbaycan isə müstəqil siyasət yürüdüb. Azərbaycan Avropa Birliyi ilə münasibətləri çoxtərəfli yox, - Şərq Tərəfdaşlığı Proqramı çoxtərəfli əməkdaşlıq nəzərdə tutsa da, orda reallıqda belə əlaqələr yoxdur, - ikitərəfli qurmağa üstünlük verir. Azərbaycanın Avropa Birliyinə daxil olan dövlətlərlə ikitərəfli, real əməkdaşlığı var: siyasi, iqtisadi, mədəni, elmi… Hər halda indiyə kimi real və fayda verən əməkdaşlıq ikitərəfli münasibətlərdən törəyib.

- Rasim bəy, Azərbaycanda insan haqları ilə bağlı problemləri həll etmək o qədər çətindirmi ki, bundansa Avropanın tənqidi ilə üzləşməyə üstünlük verilir?

- Azərbaycanın insan haqları ilə bağlı problemləri ölkə daxilində həll edilməlidir. Avropa Parlamenti ölkələrə münasibətdə ayrı-seçkiliyə yol verir. Gürcüstanda Saakashvili hakimiyyətinin bir neçə məmuru həbsxanaya salınıb, amma Avropa Parlamenti onları “siyasi məhbus” adlandırmır, Gürcüstanın başını sığallayır, Azərbaycana dərs demək istəyir. Azərbaycan kiminsə ona ibrət dərsi vermək hüququnu tanımır. Nə lazımdı, Azərbaycan xalqının iradəsi ilə daxildə gerçəkləşəcək. Kənardan gəlib bizə “leksiya” oxumaq lazım deyil.

Buna da bax: Vergi borclarını zorla yığacaqlar - Yeni idarə yaradıldı

“RUSIYA CINQIRINI ÇIXARA BİLMİR”

- Azərbaycan Rusiyaya da sərt mövqe göstərə bilirmi?

- Əlbəttə, Azərbaycan öz mövqeyini Rusiyaya çoxdan göstərib. Rusiya gəlib Azərbaycanda heç nə edə bilmir, heç cınqırını da çıxara bilmir. Nə səfirliyi, nə Rusiyanın parlamenti Azərbaycana qarşı heç nə edə bilmir.

- ABŞ-da yerləşən Stratfor Analitik Mərkəzi yazır ki, Qarabağ münaqişəsinin həllində kəskin dönüş ola bilər və Rusiya öz sülhməramlılarını bura göndərməklə regionu nəzarəti altına ala bilər.

- Stratfor çox şey yaza bilər, onun fərziyyələri elə əhəmiyyətli deyil. Hələ 1994-cü ildə Azərbaycan birtərəfli qaydada Rusiyanın qoşunlarının sülhməramlı missiyası altında ölkəyə girməsinin əleyhinə çıxdı və Heydər Əliyev buna yol vermədi. Düşünürəm ki, Rusiya qoşunlarının yenidən Azərbaycana qayıtması qeyri-mümkündür.

XS
SM
MD
LG