Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:36

Ali Məhkəmə müstəntiqi həbsdən niyə buraxdı...


Həbs
Həbs

Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi, icraatında olan cinayət işinə xitam vermək adı ilə pul almaqda və başqa əməllərdə təqsirləndirilib həbs olunan Müşfiq Abbasovu Ali Məhkəmə azadlığa buraxıb. Bu barədə mayın 16-da Ali Məhkəmədə Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.

Abbasovun işinə bir dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində, iki dəfə apellyasiya instansiyasında, iki dəfə də Ali Məhkəmədə baxılıb. O, birinci dəfə məhkəmə qarşısına çıxarılanda həm dələduzluq, həm də rüşvət verməyə təhrik maddələri ilə ittiham olunurdu.

Dələduzluq ittihamına xitam verilib

Amma birinci instansiya məhkəməsində sonda onun haqqında hökm çıxarılanda dələduzluq ittihamına xitam verildi. Əsas kimi isə göstərildi ki, Abbasov zərərçəkmiş qismində tanınan şəxslərlə barışıb, onlar şikayətçi deyil. Üstəlik, onlara dəymiş ziyanın müəyyən misli qədər büdcəyə də ödəniş edib. Bu halda, qanun dələduzluq ittihamının xitam olunmasına imkan verir.

İstintaq və birinci instansiya məhkəməsində proses getdiyi dövrdə azadlıqda olan keçmiş müstəntiqə digər ittihamla 7 il azadlıqdan məhrumetmə cəzası kəsilmişdi.

Cinayət işinin materiallarında iddia olunur ki, Abbasov icraatında olan dələduzluq işinə xitam vermək adı ilə təqsirləndirilən Vüqar Əsədovun qohumlarından 40 min manat pul alıb. Ona qarşı digər ittiham isə İlyas Sadıqov adlı tanışından 20 min dollar alması ilə bağlıdır. İttihama əsasən, İlyas Sadıqova bir nəfərin 840 min manat borcu olub. Müstəntiq isə deyib ki, həmin adam haqqında cinayət işi başlayacaq, bundan sonra o da pulu qaytarmağa məcbur olacaq. İddia olunur ki, bu işi görməkdən ötrü tanışından 20 min dollar alıb.

Qərəzli münasibəti əsas gətirirdi

Lakin Abbasov bu ittihamların heç birini qəbul etmir. Ortada da bunları təsdiqləyəcək heç bir mötəbər sübut-dəlil olmadığını deyirdi. Onun əleyhinə olan ifadələrin isə ona qarşı qərəzli münasibətdən irəli gəldiyini bildirirdi.

Bu cinayət işi birinci dəfə Ali Məhkəməyə gedib çatanda onunla bağlı aşağı instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunmuş, təkrar araşdırma aparılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdı. 2022-ci ilin noyabrında ikinci dəfə bu işi araşdıran apellyasiya məhkəməsi onun cəzasını 7 ildən 4 il 3 aya endirmişdi. Abbasov ikinci dəfə Ali Məhkəməyə şikayət verərək bəraət istəmişdi.

Bu dəfə Ali Məhkəmə onun istədiyi qərarı verib. Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, Abbasovun əməlində cinayət tərkibi yoxdur. Onun barəsindəki cinayət işinə xitam verilməsi haqda qərar qəbul edilib.

XS
SM
MD
LG