Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:45

Əbülfəz Bünyadov necə güllələnməyindən danışdı


Nardaran əməliyyatında güllə yarası alıb iflic olan Əbülfəz Bünyadov. 23fev2018
Nardaran əməliyyatında güllə yarası alıb iflic olan Əbülfəz Bünyadov. 23fev2018

“Necə heyvanları öldürüb, cəsədlərini bir-birinin üstünə atırlar, bizi də elə eləmişdilər. Adamları güllələyib, öldürdüklərini öldürdülər, yaraladıqlarını yaraladılar, qalanlarını da tutdular. Bizi mebel maşınında meyitlərin üstünə yığmışdılar. Mənim başımı əməliyyatda öldürülən əmim oğlu Fərailin meyitinin üstünə qoymuşdular”.

2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyatın keçirildiyi evin sahibi Əbülfəz Bünyadovun ifadəsindəndir.

Ə.Bünyadov da həmin əməliyyatda güllələnib və hərəkət qabiliyyətini itirib. Amma o da həbs olunub. Bir il bir ay həbsdə saxlandıqdan sonra 2016-cı ilin dekabrında onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib və o, evinə buraxılıb. Hazırda onun məhkəməsi gedir. Ə.Bünyadov Nardaran hadisələrindən sonra axtarışa verilib, 2017-ci ilin martında həbs olunmuş Elxan İsgəndərovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax: Nardaran əməliyyatında iflic olanın məhkəmədə durumu daha da pisləşdi

“Video çəkiblər, üzə çıxarmırlar”

Fevralın 23-də məhkəmədə Ə.Bünyadov ifadə verib. Bildirib ki, əməliyyat keçirilən gün onun evinə toplaşıb, namaz qıldıqları vaxt maskalı polislər atəş aça-aça evə hücum ediblər. Dediyinə görə, onların heç birində silah-sursat olmayıb, ölənlərin hamısını polislər qətlə yetirib: “Ekspertiza rəy verib ki, polislər qumbara partlaması nəticəsində dünyasını dəyişib. Orada qumbara atılmayıb. Atılıbsa, bunun çalası, qəlpələri hardadır? Həmin əməliyyat bir neçə kamera ilə çəkilib. Əgər orada bizim tərəfimizdən atəş açılsaydı, qumbara atılsaydı, o çəkilişləri açıb göstərərdilər. Orada ancaq öz vəhşilikləri olduğuna görə üzə çıxarmadılar”.

Ə.Bünyadov prokurorun suallarını cavablandırarkən söyləyib ki, özü “Müsəlman Birliyi” hərəkatının İdarə Heyətinin üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov əməliyyatdan təxminən 5-10 gün öncə onlara gəlib qalıb. İlahiyyatçının hansı səbəbdən onun evində qalması haqda sualı isə belə cavablayıb: “Biz onunla uzun illərdir ailəvi dostuq. Çox savadlı ruhani, gözəl insan, mərd oğuldur. Əvvəllər də bizdə qalıb. Nə o adamda, nə də başqa birimizdə silah olmayıb. Hamısı böhtandır. Biz “Müsəlman Birliyi” Hərəkatını yaradanda da məqsədimiz milli birlik, milli dəyərlərin qorunması olub. Bizim nizamnaməmiz olub, baxın, görün ki, orada qanunsuz nəsə varmı? Biz qanvermə aksiyaları keçirmişik, idman yarışları təşkil etmişik, şəhidlərin xatirəsinə həsr olunmuş yürüşlərimiz olub”.

Buna da bax: İflic olmuş nardaranlıyla bağlı ekspertizanın nəticəsi bəllidir

“Həkimdən su istədim, məni sillələdi...”

Ə.Bünyadov necə güllələnməsindən də danışıb. Onun sözlərinə görə, polislər Abbas Quliyevə (Taleh Bağırovla birlikdə mühakimə olunub, 14 il 6 ay həbs cəzası alıb) tərəf atəş açanda onlara etiraz etdiyi üçün özü güllələnib: “Dedim ki, görmürsünüz azyaşlıdır, onu vurmayın. Çevrilib mənim özümü vurdular. Mənə güllə dəyən kimi bir neçə saniyənin içində iflic oldum, hərəkət edə bilmədim. Buna baxmayaraq, məni maşında da avtomatın qundağı ilə döyürdülər. Əmim oğlu Fərail dedi ki, “görmürsünüz tərpənə bilmir, vurmayın”. Bundan sonra məni qoyub onu döyməyə başladılar. Onu döyə-döyə öldürdülər. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətinə çatanda məni tərpənə bilmirdim deyə, başıaşağı həyətə atdılar. Qanaxmam dayanmırdı. Məni soyundurmuşdular, alt paltarında qalmışdım. Sonra məni Daxili İşlər Nazirliyinin hospitalına apardılar. İnanın, orada həkimdən su istədim, məni sillələdi. Bizi terrorçu kimi təqdim eləmişdilər”.

Ə.Bünyadov hesab edir ki, Nardaran əməliyyatı öncədən hazırlanmış siyasi planın tərkib hissəsi olub. Onun fikrincə, məqsəd ümumi dini ab-havanı dəyişmək, qorxu mühiti yaratmaq və öz fikri olan insanları, dindarları əzmək idi: “Görüntü yaradırlar ki, guya həmin hadisədən sonra Nardarana Azərbaycan bayrağı asıldı. Məgər orada Azərbaycan bayrağı yox idi? Əvvəlki videolara baxın, görün...”

“Kimlərinsə oyunu idi, bizi qırğına verdilər”

Məhkəmədə şahid qismində Ə.Bünyadovun əmisi oğlu Sərdar Bünyadov da dindirilib. Nardaran əməliyyatında öldürülən dörd yerli sakindən ikisi – Rəfael və Fərail Bünyadovlar bu şahidin qardaşlarıdır.

Buna da bax: Nardaranlı məhkəməyə xərəkdə gətirildi

Onun istintaqa ifadəsində Taleh Bağırovun əleyhinə fikirlər yer alıb, onun radikal, dövlət əleyhinə çıxışlar etdiyi, bu üzdən əmisi oğluna həmin adamı evindən uzaqlaşdırmağı məsləhət gördüyü yazılıb. Amma S.Bünyadov həmin ifadədən imtina edib, bildirib ki, belə ifadə verməyib: “Mən necə kiməsə deyə bilərəm ki, qonağını evindən qov? Elə şey ola bilməz. Bu hadisə kimlərinsə oyunu idi, Allah lənət eləsin, bizi qırğına verdilər, haqqımızda pis-pis şeylər yazdılar, dedilər...”

Məhkəmə martın 1-də davam edəcək.

XATIRLATMA

«Müsəlman Birliyi» hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib. Amma təqsirləndirilən şəxslər ittihamları rədd edir, saxta olduğunu bildirirlər. Onlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Amma idarənin əməkdaşları məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib edib.

XS
SM
MD
LG