Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:29

NASA yeni dünya axtarışında


Yer kürəsi və Günəş sistemindən xaric ona bənzər planet (Kepler-452b)
Yer kürəsi və Günəş sistemindən xaric ona bənzər planet (Kepler-452b)

NASA Günəş sistemi xaricində, nisbətən yaxın məsafələrdə Yerlə eyni ölçüdə, üzərində həyat formalarının mövcudluğu ehtimalı olan planetləri araşdırmaq üçün yeni kosmik aparat buraxmağı planlaşdırır. Ölçüsü adi paltaryuyan maşın qədər olan bu qurğu 337 milyon dollara başa gələcək.

«Tranzit ekzoplanet araşdırma peyki» (Transiting Exoplanet Survey Satellite) və ya qısaca TESS adlanan bu kosmik cihazın buraxılması öncə bu həftənin bazar ertəsinə planlaşdırılsa da, texniki səbəblərdən çərşənbə gününədək təxirə salınıb. Peyk Floridadakı Kanaveral burnundan «SpaceX Falcon 9» raketinin köməyi ilə buraxılacaq.

Cihazın yaxın iki il üçün məqsədi 200 minədək ən parlaq ulduzu və onların ətrafında dövr edən planetləri araşdırmaq olacaq.

NASA-nın proqnozlarına görə, TESS 20 min ekzoplanet (Günəş sistemindən kənarda olan planet) kəşf edəcək. Onlardan 50-si Yer kürəsi ilə eyni ölçüdə, 500-ə qədəri isə Yerin ölçüsündən iki dəfəyədək böyük olacaq.

«Kepler»in kəşfləri və...

«Söhbət ən yaxın, ən parlaq ulduzların ətrafında dövr edən planetlərdən gedir. Bəlkə biz hətta adi gözlə görə bildiyimiz ulduzların ətrafında dövr edən planetləri də tapdıq», – NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzindən Elisa Quintana jurnalistlərə deyib.

Həyat ola bilən 7 planet tapıldı
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

«Cəmi 10-20 il öncə üzərində həyat olan planetlərin, yaxud hər hansı planetin tapılması anlayışı əsl fantastika idi... İnsanlar bizim Kainatda tənha olub-olmadığımızla maraqlanırdılar və cəmi 25 il öncəyə qədər tanıdığımız yeganə planetlər bizim Günəş sistemindəki səkkiz planet idi. Ancaq o vaxtdan başqa ulduzların ətrafında dövr edən minlərlə planet tapmışıq və güman edirik ki, bizim Qalaktikamızdakı bütün ulduzların öz planet ailələri var», – NASA-nın astrofizika şöbəsinin direktoru Paul Hertz deyir.

TESS ABŞ kosmik agentliyinin «Kepler» kosmik gəmisinin davamı kimi dizayn olunub. 2009-cu ildə buraxılmış Kepler bu qəbildən ilk kosmik cihaz idi. Ancaq o, artıq köhnəlib və ömrünün sonuna yaxınlaşır, yanacağı da az qalıb.

«Kepler» fəzanın sadəcə bir hissəsinə fokuslanmaqla Günəş kimi 150 minədək ulduz və onların ətrafında dövr edən çox sayda ekzoplanet kəşf edib.

Ümumilikdə «Kepler» missiyası 2 min 300 təsdiqlənmiş ekzoplanet və minlərlə namizəd planet aşkarlayıb. Onların bir çoxu çox uzaq məsafədə və çox tutqun olduğundan onların daha dərindən öyrənilməsi hələlik mümkün olmayıb.

TESS-ə gəlincə, o, təkcə iki il ərzində özünün dörd müasir kamerası ilə «Kepler»dən 350 dəfə geniş sahəni araşdıra biləcək.

10 dəfə yaxın

«Fəzanın bu qədər böyük hissəsinə baxmaqla ... araşdırmanı davam etdirmək üçün ən yaxşı ulduzları tək-tək seçmək imkanı əldə edirik», - Massaçusets Texnologiya İnstitutunun postdoktor proqramının təqaüdçüsü Jenn Burt deyir.

«Kepler» kosmik gəmisi
«Kepler» kosmik gəmisi

«TESS-in müşahidə etdiyi ulduzlar «Kepler»in fokuslandığı ulduzlardan orta hesabla 30-100 dəfə parlaq və 10 dəfə yaxındır», – o deyir.

TESS potensial planetləri tapmaq üçün «Kepler»in istifadə etdiyi metodlardan yararlanacaq, yəni göy cismi ulduzun qarşısından keçən zaman parlaqlığın azalmasını izləyəcək.

Növbəti addımsa Yerdəki və kosmosdakı teleskopların həmin göy cismini daha yaxından araşdırması olacaq.

«Hubble» kosmik teleskopu və 2020-ci ildə buraxılması planlaşdırılan «James Webb» kosmik teleskopu araşdırılan planetlərin kütləsi, sıxlığı və atmosferinin tərkibi haqda daha çox məlumat verə biləcək. Bu göstəricilərin köməyi ilə alimlər həmin planetlərdə həyatın mümkün olub-olmadığını müəyyənləşdirə biləcəklər.

«TESS bugünədək ekzoplanetlər haqda öyrəndiklərimizdən gələcəyə körpüdür. ...TESS yüzlərlə işıq ili məsafədə yerləşən planetlərə fokuslanmaqla gələcəkdə böyük kəşflərə yol aça bilər. Yaxın onilliklərdə bir gün Günəş sistemindən kənarda mövcud olan həyat potensialını tapmağa ümid edirik», – NASA-nın Qoddard kosmik uçuş mərkəzindən TESS-in layihə rəhbəri Jeff Volosin deyir.

XS
SM
MD
LG