Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:19

Əvvəl mitinq, sonra 'KPZ', axrı da işsizlik...


Taleh Nəsibov Xədicə İsmayıl ilə müxalifətin aksiyasında
Taleh Nəsibov Xədicə İsmayıl ilə müxalifətin aksiyasında

“Məni Şirvan polisinə çağırdılar. Getdim, dedilər, “olimpiya kompleksinin qarşısında dava salmısan, ictimai asayişi pozmusan”. Beləcə, şərləyib 5 sutka verdilər. Həbs müddəti bitəndən sonra baş həkim işçiləri yığıb elan etdi ki, “biz belə xuliqan həkimlə işləyə bilmərik, kollektivin adına ləkədir”.

“149 MANAT MAAŞ ALIRAM”

Taleh Nəsibov Şirvan şəhərində yaşayır. İxtisasca həkimdir. Son günlərədək Hacıqabul rayon Mərkəzi Xəstəxanasında həkim pediatr işləyib. AzadlıqRadiosu-na danışır ki, bu il sentyabrın 11 və 17-də Bakıdakı “Məhsul” stadionunda keçirilən mitinqlərdə iştirak etdiyinə görə həm 5 sutka həbsdə oturub, həm də işini itirib.

Buna da bax:​ Mitinq iştirakçısı:"İş yoxdur, nə edim nəşə satım?"

Danışır ki, sentyabrın 11-dəki mitinqdə iştirakından bir gün sonra xəstəxananın baş həkimi onu otağına dəvət edib və bildirib ki, yuxarıdan gələn əmrə görə onu təcili işdən azad etməlidir:

“Bildirdim ki, etirazım yoxdur, onsuz da 149 manat maaş alıram, o məbləği hər yerdə qazanmaq mümkündür. Hökumətlə razılaşdırılmış mitinqdir, iştirak etmişəm, əcəb eləmişəm, konstitusion hüququmdur”.

“DEDİM, ƏLİNİZDƏN NƏ GƏLİR, EDİN”

Növbəti gün baş həkim onu yenə otağına dəvət edib. Bu dəfə söhbətdə başqa iki nəfər YAP üzvü də iştirak edib:

“Bildirdim ki, YAP-a girməyə ərizə yazmamışam, heç vəsiqəm də yoxdur. Özünüz hardasa adımı hansısa siyahıya salmısınızsa, öz işinizdir. İllərlə işsiz qalmışam, həyat yoldaşım da işsizdir, hamı işsizdir. Mən də mitinqə buna etiraz etməyə getmişəm. Hələ növbəti mitinqlərə də gedəcəm. Həmin şəxslərdən biri dedi ki, “əgər sən baş həkimin dediyinə qulaq asmasan, üzünə duracam ki, məndən 500 manat rüşvət almısan”. Dedim, “əlinizdən nə gəlir, edin. Rüşvət alan oğlan mitinqə getmir, başını aşağı salıb, rüşvətini qazanır””.

Buna da bax:​ Müxalifətin geniş spektrindən Milli Şuranın mitinqinə dəstək

Sentyabrın 16-da baş həkim Taleh Nəsibova bildirib ki, Hacıqabulun polis rəisi Ramazan Kərimov onu yanına çağırır. Sentyabrın 17-də səhər Taleh Nəsibov polis rəisinin yanına gedib. Rəis ondan sentyabrın 11-də onunla birlikdə mitinqə gedənlər arasında Hacıqabul sakinlərinin olub-olmadığını soruşub. Sonra rəis Şirvan polisinin mülki geyimli polis əməkdaşının mitinqdən telefonla çəkdiyi videolara baxıb.

5 SUTKA HƏBS KƏSİBLƏR

Sentyabrın 18-də T. Nəsibov “Məhsul” stadionunda növbəti mitinqə qatılıb. Baş həkimlə münasibətlər bir qədər də kəskinləşib və hər gün ondan ərizə yazması tələb olunub. Tələb yerinə yetirilmədikdə T. Nəsibov ciddi “sürprizlə” qarşılaşıb. Oktyabrın 14-də Şirvan rayon polis şöbəsindən zəng vuraraq onu şöbəyə dəvət ediblər. Şöbədə məlum olub ki, həkimə cinayət işi qaldırılıb: “Dedilər, “Şirvandakı olimpiya kompleksində dava salmısan, ictimai asayişi pozmusan”. Dedim, “orda kamera var, görüntüləri ortaya qoyun, hanı şahidlər?” Bildirdilər ki, şahidlər məhkəməyə gələcək. Mənə zorla boş protokollara imza elətdirdilər. Sonra da Şirvan məhkəməsinin dəftərxanasına zəng vurub işi qeydiyyata saldırdılar, elə oradanca zorla maşına oturdub məhkəməyə apardılar. Tanımadığım adamları üzümə qoyub 5 sutka həbs kəsdilər. Şirvan polis şöbəsinə qaytarıb “KPZ”yə saldılar. Aclıq elan etdim və bunu rəsmi yazdım. Ancaq “KPZ”nin rəisi məktubu dəftərxana qeydiyyatına saldırmadı. Mən də həmin məktubu KPZ-dəki müşahidə kamerasına tutub başıma gələnləri ora danışdım”.

Həbs müddəti başa çatandan sonra baş həkim işçiləri toplayaraq həkimin işdən çıxarılmasını müzakirəyə qoyub. Səbəb gətirib ki, xuliqandan həkim olmaz, Taleh Nəsibov xuliqandır və xəstəxananın adına ləkədir. T. Nəsibovun sözlərinə görə, 5 gün işdə olmadığını bəhanə gətirib həmkarlarına məcburi imza atdırıblar. O, 5 günü polisin “KPZ”sində saxlandığını deyəndə isə ona deyiblər ki, “mitinqə getməzdi, KPZ-yə də düşməzdi”.

Buna da bax:​ Mitinqlərdən sonra 185 müxalifətçi saxlanıb

“HEÇ BİRİ HƏQİQƏT DEYİL”

Oktyabrın 25-dən Taleh Nəsibov işsiz qalıb.

Hacıqabul rayon Mərkəzi Xəstəxanasından AzadlıqRadiosuna bildirilib ki, T. Nəsibovun işdən çıxarılmasının mitinqdə iştirakıyla və 5 sutkalıq həbsiylə heç bir əlaqəsi yoxdur. O, əmək funksiyalarını yerinə yetirə bilmədiyindən Əmək Məcəlləsinin 70c bəndi ilə işdən azad edilib. Əmrdən narazıdırsa, məhkəməyə müraciət etsin. “Dediklərinin heç biri həqiqət deyil”, xəstəxanadan bildirilib.

Şirvan polisindən də təxminən eyni cavab verilib. Şöbədən “Qaynar xətt”ə deyilib ki, T. Nəsibov ictimai asayişi pozduğu üçün məhkəmə barəsində 5 sutkalıq həbs kəsib. Bu həbsin onun mitinqdə iştirakıyla əlaqəsi yoxdur.

Taleh Nəsibov isə 5 sutkalıq həbs qərarından apelyasiya şikayəti verib. İşə bərpaya görə də məhkəməyə müraciət edəcəyini deyir.

Buna da bax:

Müsavatın mitinqi: 'Ölkədə problemlərin səbəbkarı Əliyev rejimidi'
Gözlə

No media source currently available

0:00 0:05:39 0:00

XS
SM
MD
LG